Şrift:
İrəvan virtual muzeyi təqdim olundu
07.07.2018 [10:13] - Qərbi Azərbaycan-İrəvan
Dünən "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "İnternet jurnalı vasitəsi ilə Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği" layihəsi çərçivəsində İrəvan Virtual Muzeyinin təqdimatı olub.


Tədbirdə çıxış edən "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, layihədə İrəvan qalasının 3D formatında yığılması nəzərdə tutulub, ancaq qalanın hər tərəfdən şəkli olmadığı üçün İrəvan qalasının 3D formatında yığılması mümkün olmayıb.


V. Hüseynli bu səbəbdən irevan.az saytı çərçivəsində İrəvan Virtual Muzeyi yaradılmasını məqbul saydıqlarını qeyd edib: "Virtual Muzeydə 20 fotoşəkil var. Bu tədbirdə məqsəd peşəkarların fikirlərini dinləmək və İrəvan Virtual Muzeyini daha təkmil formada təqdim etməkdir".


APA Holdinqin prezidenti Vüsalə Mahirqızı isə layihə çərçivəsində tarixi-onlayn jurnal formatının seçilməsini daha məqbul sayıb: "İrəvanın itirilmiş tarixi Azərbaycan torpaqlarının bir simvoludur. İrəvan bir simvol olduğu üçün, işğal altında olan ərazilərimiz, o cümlədən digər tarixi torpaqlarımız - Göyçə, Zəngəzur, başqa tarixi-coğrafi ərazilərimizlə bağlı məlumatları, fotoşəkilləri də saytda yerləşdirmək olar. Ermənilərin Qarabağa sonradan köçürüldüyünü təsdiq edən "Mağara-150" abidəsi ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində fotoşəkillər var. Dövlət Komitəsinə müraciət edərək bu fotoşəkillər alına və bu saytda yerləşdirilə bilər. Tarixi-onlayn jurnalda bir xüsusi guşə yaradıla və tarixçilər də tarixi günlərlə bağlı məqalələr yaza bilərlər. Digər tərəfdən, İrəvanla bağlı dastanlar var, onları bu saytda yerləşdirmək olar. İrəvan xanlığının tarixi ilə bağlı məlumatları da bura daxil etmək olar. Bu tarixi-onlayn jurnalda APA TV-nin tariximizlə bağlı materiallarını da yerləşdirmək olar".


V. Mahirqızı ixtisaslaşmış saytların açılmasının vacib olduğunu vurğulayıb: "Bizim tarixlə bağlı onlayn saytımız yoxdur. Müxtəlif dövlət fondlarının dəstəyi ilə bu saytın dayanıqlığı təmin oluna bilər".


"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə, iqtisadçı ekspert Samir Əliyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, bu fondun eksperti Zaur İbrahimli, İqtisadçı ekspert Samir Əliyev layihə ilə bağlı təkliflərini bildiriblər. Bu təkliflər sırasında saytda elmi jurnallarda çıxan məqalələrin yerləşdirilməsi, eyni tipli saytların şəbəkəsinin yaradılması, məlumatların vizuallaşdırılması, saytda xatirələrlə bağlı guşənin yaradılması və s. olub.

Tədbir çıxışlarla davam edib.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed