Şrift:
Qırğızıstan Baş nazirinin müavini: Azərbaycan və qırğız xalqları qardaş xalqlardır
07.07.2018 [10:27] - Gündəm, Türk dünyası-Turan
Qırğızıstan Baş nazirinin müavini Altınay Omurbekovanın Azərbaycanın səfiri Hidayət Orucovla görüşündə ölkələrimiz arasında əməkdaşlığın inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Altınay Omurbekova deyib ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu müddət ərzində Qırğızıstan-Azərbaycan münasibətləri ticarət-iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf edib və əlaqələr daha da dərinləşir.

H.Orucov bildirib ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq sürətlə inkişaf edir. Son illər ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib.

Səfir bu il Azərbaycanda böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsinə hazırlıq işlərinin getdiyi barədə məlumat verib.

Diplomat Bakıda 2014-ci ilin dekabr ayında qırğız şairi Toktoqul Satılqanovun 150, 2013-cü ildə Çingiz Aytmatovun 85 illiyinə həsr olunan yüksək səviyyəli tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, son illərdə Bişkekdə Üzeyir Hacıbəylinin 130, Mir Cəlalın 110, Qara Qarayevin, Rəşid Behbudovun 100 illik yubileyləri keçirilib.

Səfir bu il oktyabr ayının 4-6-da VI Bakı Beynəlxalq Humanitar Forumuna dəvət edildiyi barədə Baş nazirin müavininə Azərbaycan xarici işlər nazirinin məktubunu təqdim edib.

Altınay Omurbekova Humanitar Foruma dəvət edildiyi üçün təşəkkürünü bildirib və belə dünya miqyaslı tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyini nəzərə çatdırıb.

Səfir VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcək Qırğızıstan nümayəndə heyətinin üzvləri haqqında məlumat verib.

Baş nazirin müavini qeyd edib ki, sentyabrın 2-dən 8-dək İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində üçüncü Dünya Köçərilər Oyunları keçiriləcək.

H.Orucov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2014-cü, 2016-cı illərdə keçirilən birinci və ikinci Köçəri Oyunlarında fəal iştirak edib və builki yarışlarda da böyük nümayəndə heyəti ilə təmsil olunacaq.

Baş nazirin müavini, öz növbəsində, qeyd edib ki, Azərbaycan və qırğız xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed