Şrift:
Şamanlıq = tanrıçılıq: Oyanışa aparan yol
09.07.2018 [10:39] - Xəbərlər, DAVAMın yazıları
Dünya xalqlarının, demək olar ki, hər birinin ilkin inkişaf dövründə özündə təbiət kultunun bütün inam formalarını əks etdirən, elmi ədəbiyyatda “şamanizm” adlandırılan din forması yaranmışdır. Elə bu səbəbdən də şaman ayin və inamlarının bənzərinə dünyanın bir çox xalqları arasında da rast gəlirik. Lakin şamanizmi araşdıran alimlərin böyük əksəriyyəti Sibir şamanlarının təcrübəsini xüsusi vurğulayırlar. Bunun da əsas səbəbi odur ki, digər, inkişaf etmiş, xristianlığın, İslamın yayıldığı xalqlardan fərqli olaraq Sibir türkləri və eləcə də, qeyri-türk topluluqları gözdən, könüldən uzaqda qalmış, öz ilkinliklərini bu günə qədər bacardıqları qədər qoruyub saxlaya bilmişlər. Bu işdə onlara sərt iqlim şəraiti, dağlar, tayqa və keçilməz çaylar da yardımçı olmuşdur.

Beləliklə, bu gün skandinav, slavyan, german, roman və digər xalqların həyat və məişətinə, folklor nümunələrinə, xalq inanclarına nəzər salanda, hazırda Sibir türklərinin yaşadığı və yaşatdığı şaman ayin, adət-ənənə, mərasim və inancları ilə eynilik və oxşarlıq görürük. Məhz bu səbəbdən də bir çoxları həmin xalqların sadaladığımız şamanist görüşlərini türklərdən iqtibas etdiklərini sübut etməyə çalışır və bunun üçün də həmin xalqların folklorundan, həyat tərzindən örnəklər gətirirlər...

Biz məsələyə bu cür yanaşmanın yanlış olduğunu düşünürük. Fikrimizin təsdiqi üçün monoqrafiyada bir sıra fakt və müəlliflərə müraciət edəcəyik...

Sibir şamanlığını öyrənərkən onun əsas elementlərinə dünyanın digər xalqlarında da rast gələn L.Y.Şternberq təəccüblə yazırdı: “Bu cür ümumi, hətta bəzən şaman geyimlərinin hissələrini və ya şamanın ayrı-ayrı hərəkətini bildirən terminlərin uyğun gəlməsi kimi əlamətlər ya Sibir şamanlığının spesifik özəlliklərinin yaranmasının ümumi mərkəzinə, ya da hazırda bir-birindən çox uzaqda olan xalqların arasında qədim mədəni əlaqənin olmasına işarədir”. Bu məsələlərlə bağlı, yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif məktəb və istiqamətlər yaranmışdır. Onu olduğu kimi qəbul etmək istəməyənlər isə hər yerdə türklərin izlərini araşdırmağa cəhd göstərərək “türk faktorunun mövcudluğunun” ictimai-siyasi səbəblərini üzə çıxartmaq istəyən çoxlu sayda əsərlərin meydana gəlməsinə şərait yaratmışlar. Əslində TÜRK dünyanın özü qədər qədimdir və tarixin eyni dönəmlərində həm gündoğanda, həm də günbatanda at oynatmışdır. Məhz buna görədir ki, hələ də alimlər onların Şərqdən Qərbə və yaxud Qərbdən Şərqə köçü haqqında ümumi bir fikrə gələ bilmirlər. Onu da qeyd edək ki, biz də türklərin Qərbdən Şərqə, sonra yenidən Şərqdən Qərbə hərəkətinin tərəfdarıyıq...

Özündə üç aləmi (Göy, Yer, Yeraltı aləmi) birləşdirən şamanizmdə rus dilində yanlış olaraq “bojestva” kimi verilən, əslində isə “yiyələr” kimi tanınan (dağ yiyəsi, su yiyəsi, meşə yiyəsi və b.) və onlardan da yüksəkdə duran Ulu Tanrıya, Ülgenə, Kudaya inam var.

İnsanlar təsəvvürlərində yaratdıqları ilahi qüvvələrə, ruhlara müxtəlif heyvanlar adak edir (adaxlayır, ad edir), qanlı və qansız qurbanlar verir, çeşidli ayinlər vaxtı ovsunlardan istifadə edirdilər. Tədricən bu ayin və mərasimlər zamanı konkret mətnlərdən istifadə olunmağa başlandı. Bunlara fal zamanı oxunan ovsunlar, alqışlar, qarğışlar, ovçu nəğmələri, əmək nəğmələri adı ilə tanınan, əslində isə ovun uğurlu, əməyin bəhrəli olması üçün əlaqədar ruhları yola gətirmək, könüllərini xoş etmək məqsədilə oxunan ovsunları misal göstərmək olar.

Ruhun varlığı inkarolunmazdır (dilimizdə olan “ruha qida vermək”, “ruhunu oxşamaq”, “ruhu cuşa gətirmək”, “ruhdan düşmək”, “ruhlanmaq” və s. kimi ifadələr bu barədə düşünməyə əsas verir). O, insanı hərəkətə gətirir. Bədənində ruh olmayan insan cəsədi xatırladır. Əgər ruh insanı hərəkətə gətirirsə, deməli, təbiətdə baş verən hadisələri də ayrı-ayrı ruhlar, yiyələr idarə edir və onların da hər biri uca Tanrıya bağlıdır. İslam dini ruhu inkar etmir. Əksinə, onun hər yerdə varlığını vurğulayır...

Şamanlar üçüncü gözü açıq olan, bədənlərinə daxil olan ruhlardan müxtəlif məqsədlər üçün istifadə edə bilən insanlardır. Şamanizm təbiətlə sıx bağlıdır. Onun insanların ilkin inkişaf dövründə yaranması bizə əsas verir ki, bu gün özünü oturaq, əkinçiliklə məşğul olan, maldarlıqdan uzaq sayan xalqların da hər birində şamanizmin izlərinin olduğunu əminliklə söyləyək. Şamanizmin bir çox xüsusiyyətləri, ayinləri, atributları, adətləri, inamları, alqış və qarğışları, ovsunları hazırda buddist, musəvi, xristian, müsəlman xalqlar tərəfindən yaşadılır.

Bir dəfə Buddadan soruşurlar:

- Sən Allahsan?

- Yox, - deyə Budda cavab verir.

- Bəlkə mələksən?

- Yox.

- Müqəddəssən?

- Yox.

- Bəs onda kimsən?

- Mən oyanmışam, - deyə Budda cavab verir.

Bu yerdə Plotinin sözləri yada düşür: “Doğulanda hər birimizə oyanmaq haqqı verilir. Lakin çox az adam bu haqdan istifadə edə bilir”. Azərbaycan xalqı bu hikməti çoxdan dərk etdiyindən insanın bu dünyaya kor gəlib, kor kimi də yaşadığını, görmək iqtidarında olduğu bir çox şeyləri görə bilmədiyini bəzi mənəvi mədəniyyət nümunələrində əks etdirmişdir. Onlardan birində deyilir:

Çay gələr, axar, keçər,

Bəndləri yıxar, keçər.

Dünya bir pəncərədir,

Hər gələn baxar keçər.

Baxar, ancaq görə bilməz. Baxmaq hələ görmək demək deyil, çünki görmə haqqından hər adam istifadə edə bilmir. Bunun üçün ruhun bədən, iradənin də ruh üzərində qələbəsinə nail olmaq, tək dünya adlı bir pəncərədən deyil, eyni zamanda özünün daxilinə, içinə də baxıb görə bilmək vacibdir. Şamanlar, kamlar, kahinlər, porxanlar, baxşılar, ozanlar və b. buna nail ola bilirlər. Digərləri isə onların görə bilmə bacarıqlarından istifadə edir, yəni onların vasitəsilə özlərinə aid olan, lakin eşidə, görə bilmədikləri bir çox şeyləri eşidir və ya görürlər. Təsadüfi deyil ki, belə adamlara Azərbaycanda görücü, baxıcı, Qırğızıstanda gözüaçıq deyirlər. Dəyləmi bir hədis-i şərifdə deyirdi: “Gözü görməyən kor deyil, bəsirəti kor olan kəs görməyəndir”.

Yuxarıda qeyd etdik ki, kökü qədim dövrlərə gedib çıxan, demək olar ki, dünyanın bütün xalqlarının ilkin inkişaf dövründə mövcud olmuş şamanizm bir çox yerlərdə olduğu kimi, digərlərində isə rəsmi dinlə paralel və ya iç-içə yaşayır. Şamanizmdə animist təsəvvürlər, yəni müxtəlif ruhların varlığına və şamanın onlarla ünsiyyətinə, əlaqəsinə inam mövcuddur.
Güllü Yoloğlu/türkoloq
Bu xəbər oxucular tərəfindən 89 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed