Şrift:
Azərbaycanın öyrənci dərnək və qurumları milli-mədəni fəalların kütləvi saxlanması ilə bağlı birgə Bəyanat yayıb
11.07.2018 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, ötən həftə keçirilən ənənəvi Babək qalası yürüşü zamanı çox sayda azərbaycanlı fəal saxlanıldı, bir çoxları isə təhlükəsizlik qüvvələrinin təqib və təhdidləri ilə üzləşdi. Saxlanılan fəalların ağır işgəncə edildiyinə dair bir çox faktlar var.

Milli-mədəni fəalların təhlükəsizlik qüvvələri tərəfindən kütləvi şəkildə saxlanmasına etiraz bildirən Azərbaycanın öyrənci dərnək və qurumları bu barədə birgə Bəyanat yayıblar.

“İslam dəyərlərinə zidd olmamaq şərti ilə, əhalinin silah daşımadan sərbəst toplaşmaq və nümayiş keçirmək hüququ var”- deyə Bəyanatın əvvəlində ölkə konstitusiyasının 27-ci maddəsinə istinad edilərək qeyd olunub.

“Vətənimiz Azərbaycan hər zaman hərəkatlar və ictimai dəyişiklərin mərkəzi olub. Müasir tariximizdə Məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabaninin Azadistan Hərəkatı, Azərbaycan Demokrat Firqəsi, habelə 1979-ci il inqilabından sonrakı hadisələri buna sübut kimi göstərmək olar.
Bu gün Azərbaycandakı ictimai-siyasi proseslər keçmişdə haqqı tələb etmək kimi mədəniyyətə söykənir. Lakin təəssüflər olsun ki, Azərbaycanın bu tələbkarlıq ruhunu ondan almaq istəyirlər.”- deyə Bəyanatın bir hissəsində qeyd olunub.

Öyrənci dərnəkləri qeyd edib ki, son günlərdə Babək qalası yürüşündə iştirak etmək istəyən çox sayda milli-mədəni fəal önləyici tədbirlərə məruz qalaraq saxlanılıb. Bu günədək təhlükəsizlik orqanları və hökumət rəsmiləri bu məsələyə münasibət bildirməyib və fəalların hansı qanuna görə saxlandığını izah etməyib.

Bəyanatda kütləvi informasiya vasitələri, ziyalılar, millət vəkilləri, yüksək rütbəli vəzifəli şəxslər, xüsusi ilə də ölkə prezidentinin bu məsələyə səssiz qalması pislənilib. Bildirilib ki, bu yanaşma etniklərin hüququ, insan haqları, konstitusiyaya əməletmə və s. kimi mövzularda dilə gətirilən iddiaların Azərbaycan əhalisinə şamil edilmədiyini göstərməkdədir.

“Azərbaycan Öyrənci Hərəkatı, milli-mədəni fəallara dəstək verərək onlara qarşı bu davranışı qınayır və saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir. Təkidlə qeyd edirik ki, saxlanılan fəalların həyatı və sağlamlığı ilə bağlı ölkə məsulları məsuliyyət daşıyır, fəallara hər hansı xəsarət yetiriləcəyi təqdirdə, onlar Azərbaycan camiəsi qarşısında cavabdeh olacaqlar”- deyə Bəyanatın son hissəsində vurğulanıb.

Bəyanat aşağıda adları qeyd olunan dərnək, qurum və nəşriyyələr tərəfindən yayılıb:
- Təbriz Universitetinin Azərbaycanşünaslıq Dərnəyi
- Azərbaycan Şəhid Mədəni Universitetinin Şeir və Ədəbiyyat dərnəyi
- Marağa Universitetinin Azərbaycanşünaslıq Dərnəyi
- Azərbaycan Mədəni Universitetinin Düşüncə və Mədəniyyət Dərnəyi
- Zəncan Universitetinin İşraq İncəsənət və Mədəniyyət Dərnəyi
- Zəncan Universitetinin İslami Öyrənci Qurumu
- Həmədan Tibbi Universitetinin Ustad Şəhriyat İslami-Öyrənci Qurumu
- Urmiyə Universitetinin Şeir və Ədəbiyyat Dərnəyi
- Binab Universitetinin Şeir və Ədəbiyyat Dərnəyi
- Mühəqqiq Ərdəbili Universitetinin Xətayi Dərnəyi
- Təbriz Azad Universitetinin “Açıq Söz” Öyrənci Nəşriyyəsi
- Zəncan Universitetinin Kimlikçi Öyrənci Nəşriyyəsi
- Təbriz “Pəyam Nur” Universitetinin Oxu Öyrənci Nəşriyyəsi
- Urmiyə Universitetinin Vətən Öyrənci Nəşriyyəsi
- Urmiyə Universitetinin Yol Öyrənci Nəşriyyəsi

N.S
Bu xəbər oxucular tərəfindən 71 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed