Şrift:
Prezident İlham Əliyev İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14.07.2018 [10:25] - Gündəm, Siyasət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Həsən Qazizadə Haşimi İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səyləri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlər gündən-günə güclənir və möhkəmlənir.

Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Prezident Həsən Ruhani ilə görüşlərini məmnunluqla xatırlayaraq qeyd etdi ki, bu görüşlər zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib və bununla bağlı işlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar da verilib. Dövlətimizin başçısı İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminın Azərbaycana səfərinin ölkələrimizin səhiyyə sahəsində əməkdaşlığının genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Həsən Ruhaniyə çatdırmağı xahiş etdi.
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed