Şrift:
“Onların kökünü birdəfəlik kəsmək lazımdır” - Fərəc Quliyev
14.07.2018 [11:51] - Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
“O əldəqayırma saytlar dini radikal cərəyanların burdakı balalarına məxsusdur”

Mingəçevirdə baş verən qəza və Gəncə şəhərində baş verən qanlı hadisələr ölkə gündəminin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Bu dönəmdə diqqəti çəkən təhlükəli bir məqam da oldu. Azərbaycanın təhlükəsizliyini təhdid edənlər təkcə açıq şəkildə, odlu, yaxud soyuq silahla hücuma keçmədilər, eyni zamanda əllərindəki informasiya resursları, sosial şəbəkələrlə dövlətimizi sarsıtmağa, destruktiv qüvvələri hərəkətə gətirməyə, qanlı hadisələrin miqyasını genişləndirməyə çalışdılar.

Xarici ölkələrdən idarə olunan, Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandırmağa, milli, etnik, dini ayrıseçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar, facebook səhifələrinin özü də təhlükə mənbəyi olaraq ortaya çıxdı ki, bunlar da araşdırılması zəruri olan istiqamətlərdəndir. Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bununla bağlı “Yeni Müsavat”a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:

- Fərəc bəy, siz özünüz də feysbuk istifadəçisiniz, Azərbaycanda vətəndaş qarşıdurmasını alovlandırmağa çalışan qüvvələrlə bağlı müşahidələrinizi bölüşə bilərsinizmi? Onların haradan idarə olunduğu barədə qənaətiniz, bu məlumatınız varmı? Bu kontingentlə bağlı düşüncələriniz nədən ibarətdir?


- Mən hesab edirəm ki, sizin sualınızın içində həm də bir cavab yatıb. Gerçəkdən də bu, özbaşına baş verən xaotik proses deyil. Bu, idarə olunan prosesdir və kifayət qədər institutlaşdırılmış, oturuşmuş bir mərkəzdən idarə olunur. Verilən bəyanatlar və çağırışlar burada daha çox Rusiya və İranın, daha çox İranın maraqlarının olduğunu göstərir. Çünki yaxın zamanlarda Azərbaycanın enerji xətləri ilə bağlı ABŞ mətbuatında bir yazı çap olunmuşdu və bizim mətbuatda da dərc olunmuşdu. Azərbaycanın Avropa enerji təhlükəsizliyində iştirakı ilə bağlı olaraq Rusiya tərəfində çox ciddi narahatlıq var idi. Üstəlik də Azərbaycanın indi Avropa İttifaqı ilə yaxınlaşması, sazişin hazırlanması, Qərb dövlətləri ilə münasibətləri yaxınlaşdırması, İsrail və ABŞ-la son dərəcədə yaxşı münasibətləri İranın və Rusiyanın bu məsələlərdə maraqlarının olduğunu göstərir. Adamların özlərinin də çağırış eləmələrinə, sosial şəbəkələrdə aldıqları dəstəyin mənbələrinə nəzər yetirdikdə, yenə bu ehtimallar gündəmə gəlir. Bu, Azərbaycanın daxilində xaotik şəkildə və yaxud bir təşkilat tərəfindən yaradılmış məsələ deyil. Xarici kəşfiyyat idarələri tərəfindən və xarici dövlətlərin maraqlarına uyğun şəkildə planlaşdırılmış davranışlardır.

- Belə qüvvələrlə necə mübarizə aparılmalıdır?

- Hesab edirəm ki, çox ciddi şəkildə həm təxribatçı hərəkətlərə qarşı tədbirləri həyata keçirməklə yanaşı, tədbirlər görməklə yanaşı, həm də onları dəstəkləyən, Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq, həm də ölkəmizi qarışdırmaq istəyən belə qüvvələrə dəstək verənlərə qarşı – artıq açıq şəkildə dəstək verənlər var idi – ciddi şəkildə mübarizə aparmaq lazımdır. Bu, artıq müharibənin bir növüdür. Müasir dünyada top-tüfəngdən daha çox, belə üsullarla müharibə aparılır. Həm də bu, təkcə informasiya müharibəsi deyil. İflic etmək, cəmiyyəti gözdən salmaq, mənfi imic yaratmaq, görünməyən qüvvələrin işə salınması, təhdidlər, bütün bunlar var idi. Kimsə buna dəstək verirsə, terrorun yanındadır. Terrorçulara mənəvi və informasiya dəstəyi vermək eyni yüklü, ağırlıqlı məsələdir. Bəlkə də hələ informasiya dəstəyi və mənəvi dəstək vermək daha pis məsələdir. Dövlətlərin adını çəkmirlər, amma mən hesab edirəm ki, bu, açıq şəkildə görünür. Həmin adamlar Rusiya və İranda ya məşq keçiblər, ya onlara bağlıdırlar, ya ifrat çağırışlarında bu, hiss olunur. Amma onların İslama heç bir aidiyyəti yoxdur. Necə ki, başqa Şərq ölkələrində, ərəb dövlətlərində İslam adı altında İslamı nüfuzdan saldılar və İslam abidələrini dağıtdılar, burda da eyni davranış var. Həm İslamı gözdən salmaq var, həm də əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycanı qarışdırmaq meyli var. Bu, eyni ssenarinin müxtəlif formada tətbiq olunması cəhdidir. Mən tamamilə əminəm ki, bu, qəti şəkildə xaricdən idarə olunur.

Baş verən hadisələrə tam kəmfürsət yanaşmalar oldu. Azərbaycan bizim dövlətimizdir, ola bilər ki, burada ciddi şəkildə neqativlər, çatışmazlıqlar olsun. Siz özünüz də parlamentdə görürsünüz, mən bütün parlament çıxışlarımda da, müzakirələr zamanı da tənqidi yanaşıram. Heç kim tənqidlərlə bağlı bir söz demir. Amma baş vermiş bir hadisədən dərhal ölkəni nüfuzdan salmaq, ölkədə inamsızlıq yaratmaq – özü də müharibə apardığımız bir dövrdə - camaatla hakimiyyəti üz-üzə qoymaq, müxalifliyi artıq dövlətə qarşı müxalifliyə çevirmək, Azərbaycanı ayaq altına verməyə çalışmaq qəbulolunmazdır. Saytlardan birinin rəhbəri metroda problemlər yarananda su paylayırdı, bu, bir örnəkdir. Amma başqa bir sıra saytlarda Azərbaycanı gözdən salmaq üçün bir az da şişirdilmiş şəkildə informasiyalar yayırdılar.

-Təfriqə salmaq istəyən bəzi saytlarla bağlı təxminləriniz, məlumatlarınız nədən ibarətdir? Siz həm də təhlükəsizlik komitəsinin üzvü olduğunuz üçün yəqin ki, məsələyə biganə deyilsiniz...

- O əldəqayırma saytlar dini radikal cərəyanların burdakı balalarına məxsusdur. Mən həmişə demişəm ki, burada Rusiya ilə İranı ayırmıram. Milli Şuranı da Rusiyada yaradıb bura ötürmüşdülər. Onlar da ciddi şəkildə buna dəstək verdilər, son günlər bir az geri çəkilmələri hiss olunur. Bunlar da kəmfürsətlik edirlər. Yenə deyirəm, Azərbaycanda istənilən çatışmazlığı tənqid etmək, baş verən hadisələrə obyektiv yanaşmaq, çatışmazlıqları aradan qaldırmaq üçün təkliflər vermək lazımdır. Bu, başqa məsələ. Amma dərhal kəmfürsət kimi istifadə edib, cəmiyyətdə inamsızlıq, xaos yaratmağa cəhd etmək, bu, artıq Azərbaycan dövlətinə qarşı müxaliflikdir, hakimiyyətə qarşı yox.

- Barəsində bəhs etdiyiniz informasiya resurslarının Azərbaycandakı radikal dindarlarla əlaqələri, yaxud onlara təsiri barədə danışmağa əsas varmı?

- Təbii ki, var. Məsələn, mən İran və Rusiyanın adını çəkib tənqid edəndən sonra mənə qarşı belə sosial şəbəkələrdə təhdidlər yazdılar ki, “siz növbəti nələrəsə baxarsınız, filan”. Hətta konkret adlarla, bilmirəm profil özlərinindir, ya saxtadır. İndi mən bunu şikayət xarakterli məsələ kimi demirəm, biz belə şeyləri çox görmüşük. Onlar başqalarına bunu edə bilərlər, belə üsullar bizə keçməz. Biz səngəri də gördük, məhbəsi də. Bundan sonra da hər məsələdə əsgər kimi dövlətimizin qulluğunda varıq. Yəni demək istəyirəm ki, əgər bu, varsa, təbii olaraq başqa vətənpərvər, türkçü insanlara, sizin kimi dövlət maraqlarını qoruyan jurnalistlərə də təhdidlər olacaq. Birdəfəlik onların kökünü kəsmək lazımdır. Səbəbləri aradan qaldırmasaq, tibbi dildə desək, simptomlara qarşı mübarizə aparsaq, pis nəticə verər. Ona görə də baş verənlərin səbəblərini, qaynaqları tapmaq lazımdır. Hansı dövlətlər bunun arxasında durursa, bu məsələlər sübut olunandan sonra onlara çox sərt şəkildə münasibət bildirmək, hətta münasibətlərə yenidən baxmaq lazımdır. Əgər bir ölkə sənin dövlət kimi silinməyində, xaosa sürüklənməyində maraqlıdırsa, sən protokol qaydasında “mən səninlə qardaşam” deməyin heç bir mənası qalmır.

- Fərəc bəy, milli təhlükəsizliyimizi təhdid edən informasiya resurslarının anti-Azərbaycan təbliğatı sizcə, ölkəmizin ictimai rəyinə təsir edirmi?


- Mən bir söz deyim. Siz bunu tərif kimi qəbul etməyin. Ən gərgin anlarda sizin kimi dostlar, millətə, dövlətə bağlı qüvvələr ortaya çıxır və sözlərini deyirlər. Adi hallarda siz belə məsələlərə çox da toxunmursunuz. Yəni Azərbaycanda böyük əksəriyyət millətinin, dövlətinin yanında olan və ona qarşı gələnlərin qarşısında dayanmağı bacaran kişilərdir. Biz millətimizə güvənirik, bu millət 1989-cu ildə “İlin xalqı” elan olunub, sərhədləri yandıran, əliyalın düşmənin üstünə getməyi bacaran bir xalqdır. Hesab edirəm ki, camaatı ruhdan salmaq olmaz. Amma ən ağır zərbəni “Troya atı”ilə, sapı özümüzdən olan baltalarla vura bilərlər. Ona görə də belələrinə “beşinci kolon” deyirlər. Bu “beşinci kolon”u, “Troya atlarını” təmizləmək üçün ölkədə kifayət qədər millətinə, dövlətinə bağlı olan qüvvələr var. Hətta hüquq-mühafizə orqanları olmasa belə, bu vətənpərvər insanlar öz evini qorumaq imkanına malikdirlər, heç kim heç nə edə bilməz.

- Həmin resursların, onların arxasında dayanan qüvvələrin ifşa edilməsi üçün Azərbaycan mediası, sosial şəbəkə istifadəçilərinin, yaxud dövlətin üzərinə düşən vəzifələr sizcə, nədən ibarət olmalıdır?

- Dövlətin özü öz resursları ilə fəaliyyət göstərəcək və Azərbaycan təhlükəsizlik qüvvələri bu məsələlərdə normal mövqe tutacaqlar. Azərbaycan polisi qəhrəmanlıq edir, hüquq mühafizə orqanları da yerindədir. Amma sizin kimi mövqedə olan qəzetlər, jurnallar, elektron KİV-lər və s. “Öncə Vətən!” çağırışı altında birgə fəaliyyət göstərməyi bacarmalıdır. Azərbaycana qarşı olanlar, başqa dövlətdən idarə olunanlar dərhal birləşib bir-birinə dəstək verirlər, heç bilmirlər məsələnin arxasında nə var. Amma çox təəssüflər olsun ki, dövləti qoruyan qüvvələrin belə məsələlərdə birlik nümayiş etdirməsini müşahidə etmirik. Bu, başqa məsələlərdə olmaya bilər, amma Vətən məsələsində artıq kimsənin hansı siyasi qütbdə olmasından, hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, birgə fəaliyyət göstərməsi, bir-birinə təmənnasız və müqaviləsiz, dərhal dəstək verməsi çox vacib məsələdir.

- Bütün bunlar niyə məhz indiki situasiyada baş verdi? Ola bilərmi ki, Azərbaycana Qərbə inteqrasiya istiqamətində növbəti addımlar atması məkrli qüvvələri hərəkətə gətirib?

- Bunlar da əsasdır. Mingəçevir İstilik Elektrik Stansiyasında baş verənlər, yaxud Gəncədə baş verənlər təsadüf sayıla bilməz. Gəncə qapısı anlayışı var. Avtomobil yolu, dəmir yolu, neft-qaz xətləri bu bölgədən keçir. Bu bölgədən təhdid etməklə ölkəmizə mesaj vermək istəyirlər ki, “özünüzün enerji təhlükəsizliyinizi təmin edin, başqası ilə işiniz olmasın!” Həm İpək yolu, həm də karbohidrogen ehtiyatlarını nəql edən yollar konkret olaraq Rusiyanı narahat edir. Artıq İranın da təklənməsi, sanksiyalara məruz qalması faktdır. Onlar dura-dura regiondakı üstünlüklərin Azərbaycana keçməsini onlar həzm edə bilmir. Bu məsələlərə daha çox strateji cəhətdən yanaşırlar. Məncə, Avropa dövlətləri də bunu başa düşür. Artıq Avropa İttifaqı ilə sazişlə bağlı dörd əsas təkliflər üzərində çalışmalar gedir. Orada daha çox pozucu yox, daha çox birləşdirici və əməkdaşlığa imkan yaradan yanaşmalarını ortaya qoyurlar. Başa düşürlər ki, Azərbaycan bu situasiyada tək qalmamalıdır. Azərbaycanın bu məsələlərdə xaricdəki düşmənləri ilə yanaşı, ciddi müttəfiqləri və dostları var. Ona görə də bu məsələlərə görə məyus olmağa dəyməz.

E.PAŞASOY,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 3573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed