Şrift:
Fransa tarixində ikinci dəfə DÜNYA ÇEMPİONU oldu
16.07.2018 [10:10] - Gündəm, İdman
Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının final oyunu yekunlaşıb. Modern.az xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda keçirilən finalda Fransa və Xorvatiya milliləri qarşılaşıblar. Oyunda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa tarixində ikinci dəfə dünya çempionu olub.
20:24

Xorvaiya hesabda fərqi azaldıb. Oyunun 69-cu dəqiqəsində Mandzukiç qapıçıdan aldığı topu tora göndərib. 4:2

20:20

Fransa Xorvatiya oyununda daha bir qol vurulub. Oyunun 65-ci dəqiqəsində Kilyan Mbappe fərqlənib: 4:1

20:17

Fransa Xorvatiya oyununda daha bir qol vurulub. Oyunun 59-cu dəqiqəsində Pol Poqba fərqlənib: 3:1

20:03

Fransa və Xorvatiya oyununun 2-ci hissəsi başlayıb. Oyunda hesabda geri olsa da, hələ ki üstün tərəf Xorvatiyadır.

19:40
Fransa və Xorvatiya oyununda daha bir qol vurulub. Matçın 34-cü dəqiqəsində Fransa yığmasının yerinə yetirdiyi küncdən zərbə ilə cərimə meydançasına ötürmə zamanı topun İvan Perşiçin əlinə dəyib. Yaranan mübahisəli vəziyyət VAR sistemi ilə yenidən dəyərləndirilib. Argentinalı referi Xorvatiya yığmasının qapısına təyin edib. 38-ci dəqiqədə yerinə yetirilən 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Antuan Qrizman Fransanı yenidən hesabda irəli çıxarıb: 2:1.
19:30
Fransa və Xorvatiya oyununda hesab bərabərləşdi. Oyunun 27-ci dəqiqəsində xorvatiyalıların sürətli əks-hücumu zamanı İvan Perişiçə qarşı kobudluq edən Nqolo Kante sarı vərəqə ilə cəzalandırılıb. Xorvatiyalıların yerinə yetirdiyi cərimə zərbəsi ilə başlayan hücumda cərimə meydançasına ötürülən topu Domaqoy Vida İvan Perişiçə göndərib. İvan Perişiç isə qüvvətli zərbə ilə hesabı bərabərləşdirib: 1:1.

19:20
Fransa və Xorvatiya oyununda hesab açıldı. Oyunun 19-cu dəqiqəsində Antuan Qrizmanın cərimə zərbəsindən rəqib meydanına göndərdiyi top Mario Mandzukiçə toxunaraq tora daxil olub: 1:0.

19:00

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının final oyunu başlayıb.Moskvadakı “Lujniki” stadionunda keçirilən finalda Fransa və Xorvatiya milliləri qarşılaşırlar.
Fransa yığmasının heyətində meydana Uqo Loris, Samuel Umtiti, Rafael Varan, Benjamen Pavar, Luka Ernandes, Pol Poqba, Nqolo Kante, Blez Matuidi, Antuan Qrizman, Kilyan Mbappe və Olivye Jiru çıxıblar.
Xorvatiya millisinin start heyətində isə meydana Daniel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Marselo Brozoviç, İvan Rakitiç, Luka Modriç, Ante Rebiç və Mario Mandzukiç yer alıblar.
Oyunu argentinalı referi Nestor Pitana idarə edir.
Qeyd edək ki, bu matç Xorvatiya yığması üçün revanş xarakteri daşıyır. Balkan təmsilçisi mundiallarda debüt etdiyi 1998-ci ildəki çempionatın yarımfinalında məhz ev sahibi Fransaya məğlub olub. Həmin görüşdə 1:2 hesabı ilə uduzan xorvatiyalılar üçüncü yer uğrunda matçda Niderlanda qalib gələrək (2:1) bürünc medallara layiq görülüblər. “Fransa 1998”də rəqib qapılarına 6 dəfə yol tapan xorvatiyalı hücumçu Davor Şuker çempionatın ən məhsuldar futbolçusu olub.
Xorvatiyalılar həmin dünya çempionatından sonra 2002-ci, 2006-cı və 2014-cü illərdəki mundiallarda iştirak hüququ qazansa da, mübarizəni qrup mərhələlərində dayandırıb.
1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması isə indiyədək 14 dəfə mundiallarda yer alıb. 1998-ci ildə dünya çempionu adını qazanan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə dünya çempionatlarının bürünc medallarını qazanıb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.
Builki mundialda heyətinin əksəriyyəti gənc futbolçulardan ibarət olan Fransa yığması finala vəsiqə qazanmaqla yeni rekord müəyyənləşdirib. Belə ki, Fransa millisi son 20 il ərzində dünya və Avropa çempionatları da daxil olmaqla ümumilikdə 5 dəfə finalda oynamaq hüququ qazanıb.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed