Şrift:
Azərbaycanlı öyrənci məcburi hicaba etiraz etdiyinə görə 23 ay həbs cəzasına məhkum edilib
16.07.2018 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Apelyasiya Məhkəməsi məcburi hicaba etiraz edən azərbaycanlı öyrənci xanım haqda çıxarılan 23 aylıq həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb.

Təbrizdə İran rejiminin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı keçirilən aksiya zamanı (İranda dey ayı etirazları adlanır) saxlanılan Röya Səğiri İnstaqram səhifəsində məlumat yayaraq həbs cəzasının Təbriz Apelyasiya Məhkəməsi tərəfindən təsdiq edildiyini bildirib.

Məcburi hicaba qarşı çıxan azərbaycanlı öyrənci “sistemin əleyhinə təbliğ” və “sistemin əsaslarını təhqir etmək” kimi uydurma ittihamla üzləşib. Bundan əvvəl öyrənci xanım qeyd olunan ittihamlara görə məhkəmə tərəfindən 23 ay həbs cəzasına məhkum edilmişdir.

R.Səğiri Təbriz Universitetinin öyrəncisidir. O bundan əvvəl başqa bir dosyeyə görə “qanunsuz yığıncağa qatılmaqla ümumi asayişi pozmaq” və “hicabsız şəkildə ictimai yerlərə çıxmaq” kimi uydurma ittihamlarla üzləşərək 1 il şərti həbs, 10 şallaq zərbəsi və müəyyən miqdarda cərimə ödəməyə məhkum edilmişdir.

Ötən aylarda İran şəhərlərində keçirilən etirazlar (dey ayı etirazları) qısa müddətdə 100-dən çox şəhəri bürüdü. İqtisadi gərginliklə bağlı başlayan etirazlarda sonralar müxtəlif şüarlar səsləndirildi və bir çox tələblər irəli sürülüldü. Bu aksiyalarda azı 25 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak oldu, təxminən 5 min etirazçı saxlanıldı. Polis əksər şəhərlərdə keçirilən aksiyalara güc tətbiq etdiyi üçün beynəlxalq qurumlar tərəfindən kəskin şəkildə pislənildi.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed