Şrift:
MDHP sədr müvini Əlirza Amanbəyli: «Şairlərimizlə bağlı olay onu göstərir ki, İranın vətəndaşlarımıza qarşı qeyri-hüquqi hərəkətləri daha da artıracaq»
06.07.2012 [15:35] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
Əlyar Səfərli: «Molla rejimi həm də ona çalışır ki, Azərbaycanın güneyi ilə quzeyi arasında əlaqə kəsilsin»

Çingiz Abdullayev: «Şairlərimizə qarşı ədalətsizliklər İranda insan hüquqlarının təməl prinsiplərinin kobud pozulması faktıdır»

Belə görünür ki, cənub qonşumuz İrana səfər etmək təhlükəli hala çevrilməyə başlayıb. Təbrizdə keçirilən mədəni tədbirdə iştirak etmək məqsədilə İrana gedən və «Ettelaat» məmurlarının həbs etdiyi gənc şairlərimiz Şəhriyar Hacızadə və Fərid Hüseynin başına gələnlər belə bir qənaətə gəlməyə əsas verir. İki aydan çoxdur ki, naməlum şəraitdə saxlanılan şairlərə qarşı İran xüsusi xidmət orqanları cəsusluq ittihamı irəli sürüblər. Hətta İran bununla bağlı videogörüntülər də yayıb. Videogörüntülərdə şairlərdən müsadirə edilən mobil telefon, adapter, internet üçün data-kart, diktafon və fotoaparat sərgilənir. Süjetdə bu materiallar şairlərin guya cəsusluq üçün istifadə etdikləri avadanlıq kimi qələmə verilir. Bundan başqa onların İrana təxribat törətmək üçün gəldiyi, yerli əhalini Azərbaycanın xüsusi xidmət orqanları ilə işbirliyinə cəlb etməyə çalışdıqları da iddia edilir. İddialar sırasında gənc şairlərimizin İrana saxta viza ilə gəldiyi də yer alıb. Guya onlar İrana gəlmək üçün mədəniyyət yönümlü qurumlardan birinə müraciət ediblər və sərhədi bu vasitə ilə keçiblər. Şairlər barədə yayılan videomaterialda iddia olunur ki, guya onların fotoaparatında İrandakı «strateji obyektlərin və qurğuların» şəkilləri aşkarlanıb.
Olduqca primitiv və cılız hazırlanmış, heç məntiqi əsasa söykənməyən iddialar molla rejiminin ölkəmizə qarşı təxribat planlarından xəbər verir. Molla rejiminin şairlərimizə qarşı hərəkəti onu göstərir ki, artıq İran kimi despotik, insanları ləkələməklə həbsə atan bir ölkəyə səfər etmək olduqca təhlükəlidir. Başqa sözlə, şairlərlə bağlı hadisə onu deməyə əsas verir ki, İrana səfər edən istənilən Azərbaycan vətəndaşını, hətta ora xoş niyyətlə getsə belə, anoloji aqibət gözləyə bilər.
Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli də bu qənaətdədir ki, artıq Azərbaycan vətəndaşlarının İrana səfər etmələri təhlükəlidir: «Son vaxtlar İranın müxtəlif cəsus şəbəkələri Azərbaycanda təxribat xarakterli tədbirlərə, terrora cəhdlərdə bulunub. Bir neçə ay bundan öncə İranın ölkəmizə qarşı həyata keçirmək istədiyi bu tip əməlləri Azərbaycanın müvafiq qurumları zərərsizləşdirdi. Tehran rejimi bunun əvəzini heç bir məntiqə sığmayan əsassız mddmalarla Azərbaycan vətəndaşlarını həbsə atmaqla çıxmağa çalışır. Gənc şairlərimiz ətrafında yaranmış vəziyyət ondan xəbər verir ki, İrana üz tutan istənilən vətəndaşımız qondarma ittihamlarla həbsə atıla bilər. İrandakı əmmaməli rejim öz çirkin niyyətlərinə nail olmaq üçün istənilən vətəndaşımıza günahsız gənc şairlərimizin başına gətirilənləri yaşada bilər. Ona görə də indiki halda İrana səfər etmək Azərbaycan vətəndaşları üçün olduqca riskli, təhlükəli hala çevrilib».
Əlirza Amanbəyli qeyd etdi ki, bildiyiniz kimi, Azərbaycanın hüquq-mühafizə orqanları İrandan ölkəmizə norkotik maddələr daşınmasının qarşısını qətiyyətlə alır. Bu isə büdcəsinin bir qismini İslamda haram buyrulan narkotika gəlirləri ilə doldurmağa çalışan İranı narahat edir. Digər tərəfdən son zamanlar İranın beynəlxalq aləmdə imici sıfıra enib və dünya miqyasında təhlükəli dövlətə çevrilib. Tehran regiondakı bütün qonşularına qarşı aqressivləşib, hər kəsi təhdid edir. Bu ölkə paranoya vəziyyətindədir. Ona görə də ölkəsinə səfər edən qonşu dövlətlərin vətəndaşlarını tutub saxlayır, onlara qarşı əsassız ittihamlar irəli sürür. Suda boğulan saman çöpündən yapışan kimi, İran da beynəlxalq izolyasiyasiyanın acığını qonşu ölkələrdən, onların vətəndaşlarından çıxmağa çalışır. Şairlərimizlə bağlı hadisə onu göstərir ki, İranın vətəndaşlarımıza qarşı qeyri-hüquqi hərəkətləri bundan sonra daha da artacaq». Əlirza Amabəyliyə görə, molla rejimi xarici qonaqlara münasibətdə Azərbaycanın nümayiş etdirdiyi qonaqpərvərlikdən nümunə götürməlidir: «Bildiyiniz kimi, Şəkidə Xan Sarayında musiqi festivalı keçirilir. Ora gələn xarici qonaqlar arasında İran vətəndaşları da olub. Onlar da digər qonaqlar kimi ölkəmizə rahat şəkildə gəlir, festivalda iştirak edir, rahat şəkildə də ölkələrinə qayıdırlar. Bunun müqabilində İranın hərəkətləri hətta beynəlxalq hüquq normalarına belə sığmır. Belə görünür ki, bundan sonra müalicə almaq, yaxud qohumlarını görmək üçün İrana gedənlərin aqibəti də gənc şəirlərimizin aqibəti kimi olacaq. İranın xüsusi xidmət orqanları ora gedən vətəndaşlarımızı əvvəlcə özlərilə əməkdaşlığa dəvət edir. Bizim vətəndaşlarımız bunu qəbul etməyəndə təzyiqlərlə üzləşir, şərlənirlər».
Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli bildirdi ki, gənc şairləri cəsusluqda ittiham edən molla rejimi, ora səfər edən digər vətəndaşlarımızı da heç bir əsas olmadan, saxta ittihamlarla həbsxanalara ata bilər: «Gənc şairlərimizlə bağlı hadisə onu göstərir ki, İranın azərbaycanlılara münasibəti son zamanlar daha aqressiv xarakter alıb. Əslində Azərbaycan vətəndaşlarına qarşı yönələn bu siyasət İranın ənənəvi kursu, daimi münasibətidir. Fars-molla rejimi hər zaman Azərbaycana münasibətdə belə çirkin oyunlara, təxribatlara əl atıb. Yaranmış vəziyyət ondan xəbər verir ki, İranın bu cür fitnə-fəsadları digər vətəndaşlarımıza qarşı da yönələ bilər. İran rejimi öz xislətinə uyğun olaraq ora səfər edən digər vətəndaşlarımıza da casus və narkoman damğası vurmaqla onları həbs edə bilər. Görünür, molla rejimi həm də ona çalışır ki, ölkəsinə bir nəfər də olsun azərbaycanlı gəlməsin, Azərbaycanın güneyi ilə quzeyi arasında əlaqə kəsilsin».
Yeri gəlmişkən, dünən Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev İranda həbsdə olan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı müraciət edib. Müraciətdə bildirilir ki, İranın bəzi kütləvi informasiya vasitələri Təbrizdə yoxa çıxan azərbaycanlı şairlərin narkotik qaçaqmalçılığı və İsrail lehinə casusluq etməkdə təqsirləndirildiyini iddia etsə də, bu ölkənin rəsmi orqanları Azərbaycan XİN-in beş notasına, eləcə də Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə bu günə kimi münasibət bildirməyib: «İki gənc insanın yoxa çıxdıqdan sonra vəkil ilə təmin edilməməsi, saxlanma şəraitinə, sağlıq durumuna aydınlıq gətirilməməsi, saxlanılmalarına dair səfirliyə və ailələrinə məlumat verilməməsi və hüquqlarının pozulması, eləcə də onlarla görüşə şərait yaradılmaması haqlı olaraq Azərbaycan xalqında, eləcə də onların valideynlərində və qohumlarında böyük narahatlıq yaratmışdır». Çingiz Abdullayev bəyanlayıb ki, insan hüquq və azadlıqlarına hörmət, demokratiya, sülh, tolerantlıq, bərabərlik, ədalət və insan ləyaqəti kimi yüksək dəyərlərinin qorunmasına və təşviq edilməsinə yüksək ehtiyac duyulduğu bir dövrdə iki azərbaycanlı gəncə qarşı İranda edilən bu ədalətsizliklər və onların hüquqlarının təmin edilməməsi beynəlxalq hüquq və normalara da zidd olmaqla yanaşı, insan hüquqlarının təməl prinsiplərinin kobud pozulması faktıdır: «Azərbaycanda vicdan azadlığı, insan hüquq və azadlıqlarına hörmət, eləcə də ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək hörmət olunan prinsiplərdir».
Yazıçılar Birliyinin katibi İranı iki istedadlı gənc şairin azad edilməsi, o cümlədən onların hüquqlarının bərpa edilməsi və geri qaytarmağa çağırıb: «İnsan hüquq və azadlıqları kimi ümumbəşəri prinsipləri qorumaq və müdafiə etmək hər bir beynəlxalq və qeyri-hökumət təşkilatlarının, o cümlədən dövlətlərin əsas prioriteti olmaqla yanaşı hər bir insanın mənəvi borcudur».

Rüfət SULTAN
Bu xəbər oxucular tərəfindən 2603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed