Şrift:
Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb
18.07.2018 [10:18] - Diaspor
Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyinin təsis edilməsi ilə bağlı tədbir keçirilib.

Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndirildikdən sonra yeni təşkilatın sədri Vaqif Həsənov bildirib ki, bu qurumun təsis edildiyi 2018-ci il hər iki ölkənin tarixində əlamətdar bir ilə təsadüf edir. Avropa və Asiyanın kəsişməsində yerləşən, Cənubi Qafqaz regionunun ən böyük ölkəsi olan Azərbaycan müsəlman Şərqində ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Rumıniyada isə Böyük Birliyin yaradılmasından 100 il ötür.

Sonra Azərbaycan və Rumıniya arasında diplomatik münasibətlərin tarixi ilə bağlı qısa film nümayiş olunub.

V.Həsənov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, təşkilatın yaradılmasında məqsəd Rumıniyada yaşayan həmvətənlərimizi, o cümlədən Azərbaycanın bu ölkədəki dostlarını bir araya gətirmək və hər iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin daha da gücləndirilməsinə töhfə verməkdir. Birlik Rumıniyanın dövlət və hökumət orqanları ilə, müxtəlif təşkilat və icmalarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.

Birliyin digər həmtəsisçiləri Robert Burlaku və Mihnea Alik çıxış edərək onun məqsədləri, həyata keçirəcəyi layihələr barədə məlumat veriblər.

Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini, Rumıniya Deputatlar Palatasının deputatı Dinu Sokotar çıxışında təşkilatın Azərbaycan və Rumıniya arasında əlaqələrin daha da irəli aparmasına töhfə verəcəyini söyləyib, bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini vurğulayıb.

Rumıniyadakı SOCAR Petroleum SA şirkətinin baş direktoru Həmzə Kərimov belə bir təşkilatın yaradılmasını əlamətdar hadisə adlandırıb, ona fəaliyyətində uğurlar arzulayıb. O, yeni təşkilatın Rumıniyada yaşayan soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağını bildirib.

Rumın-Amerikan Universitetinin professoru, universitet Senatının nümayəndəsi Florin Bonçiu, Ploieşti Neft-Qaz Universitetinin prorektoru, professor Mihai Minesku çıxışlarında təmsil etdikləri ali təhsil ocaqları ilə təşkilat arasında elm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan rəhbərlik etdiyi qurumun ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətindəki fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verib.

Rumıniya Müsəlman Türk Tatarları Demokratik Birliyinin sədri Məfkurə Qafar da təmsil etdiyi təşkilat barədə danışıb.

Tədbirdə bu ölkədə təhsil alan və yaşayan azərbaycanlılarla yanaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Rumıniya dövlət və hökumət nümayəndələri, parlamentin deputatları, bu ölkədə fəaliyyət göstərən bir sıra aparıcı şirkətlərin rəhbərləri, iş adamları, enerji məsələləri üzrə mütəxəssislər, ali təhsil ocaqlarının professor və müəllim heyətləri, rumın tələbələr, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri iştirak ediblər.

İqbal Hacıyev
Bu xəbər oxucular tərəfindən 2133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed