Şrift:
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib
19.07.2018 [10:22] - Gündəm, İdman
Azərbaycan çempionu “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.

İyulun 18-də turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın “Olimpiya” komandasını qəbul edib.

İsrailli baş hakim Erez Papirin idarə etdiyi oyunun ilk hissəsində komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib. Matçın ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə komandalar daha fəal başlayıblar. Ancaq baxımlı oyun nümayiş etdirən futbolçular ikinci hissədə də fərqlənə bilməyiblər.

Beləliklə, “Qarabağ”-“Olimpiya” matçında hesab açılmayıb.

Komandalar arasında Sloveniyada keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. İki oyunun nəticəsinə görə, Azərbaycan çempionu turnirin ikinci təsnifat mərhələsinə adlayıb. Bu mərhələdə komandamızın rəqibi Albaniyanın “Kukesi” klubu olacaq.

“Qarabağ” – “Olimpiya” qarşılaşması Ağdam təmsilçisinin iki futbolçusu üçün əlamətdar olub. Belə ki, Dani Kintana “Qarabağ”ın heyətində 30-cu avrokubok görüşünü keçirib. Ansi Aqolli isə “Qarabağ”da ümumilikdə 300-cü matçına çıxıb.
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed