Şrift:
Çin imperatorunun Göytürk Xaqanına TARİXİ MƏKTUBU
19.07.2018 [10:31] - Xəbərlər, Türkün şanlı tarixi
Asiya Hun dövlətinin dağılmasından sonra Orta Asiyada dağınıq halda yaşayan türk toplumlarından Göytürklər 552-ci ildə tarixdə Türk adını daşıyan dövlətlərini qurdular. Dövlətin qurucusu və ilk hökmdarı Bumin Kağandır. Dövlətin mərkəzi Ötükən oldu. Bumin Kağan Orta Asiyadakı bütün türk boylarını öz hakimiyyəti altında birləşdirdi. İpək Yolu türklərin nəzarətinə keçdi. Bumin Kağan Ötükəndə Göytürk hökmdarı olduqdan sonra ölkənin qərb tərəfinin idarəçiliyini qardaşı İstemi Yabquya tapşırdı. Dövlətin sərhədi Şərqdə Yapon dənizinə, Qərbdə Xəzər dənizinin şimalından Qara dənizin qərbinə qədər genişlədildi. Çin üzərinə edilən yürüşlərdən sonra Çinin şimalı ələ keçirildi. Bu səbəbdən də Çinə öz üstünlüklərini qəbul etdirdilər...

Çinin apardığı intriqalar nəticəsində boylar arasında baş verən parçalanmalar və taxt uğrunda gedən mübarizələr nəticəsində imperiya Şərqi və Qərbi Göytürk dövləti olaraq iki yerə parçalandı. Bu iki dövlət bir müddət müstəqil yaşasalar da sonradan Çinin təsir dairəsinə düşdülər. Çin əsarətində yaşamağa başlayan Göytürklər onların parçala, böl, dağıt siyasətinin nəticəsində dağıldılar.

Çin imperatoru Hüen-tsunq 736-cı ildə Göytürk Xaqanı İ-Jan Kağana göndərdiyi məktubda Türk xaqanına belə deyir:

“Türk Kağanına,oğlum Türk Xaqanına!

Biz mərhum Bilqə Kağanla ata-oğul kimi idik. Sən onun xələfi olduğundan bəri bizim səmimiyyətimiz gündən-günə daha da qüvvətləndi. Hər iki dövlətin xarici siyasətinə gəlincə, arada elə də bir fərq görmürəm. Sən,oğlum, keçən il (735) qışda döyüşə təşəbbüs etdin, hərçənd ki, bunu xəbər vermişdin. Amma hər iki barbar Kitan və Hi mənim imperatorluğuma sığındılar və sən də onlara hücum etməməli idin. Oğlum, bizim aramızda anlaşılmazlığın olmadığını düşünürəm. Kitan və Hi-lər barbarlar arasında ən zavallılarıdır. Onların ölkəsi heyvanlarını belə otarmağa yaramır. Həm də onların qoyunları və atları çox dəyərli deyil. Buna görə də onlar birliklərini uzağa göndərərlərsə, bu zaman qüvvətli bir düşmənlə qarşılaşdıqları vaxt qalibiyyət onlar üçün böyük döyüş sənəti olmaz, ancaq məğlubiyyətləri təhlükəlidir. Buna görə də sən daha güclü barbarlarla döyüşüməlisən. Əslində türgişlər əsl bir kökdən yox, əcaib bir kökdən gəlirlər. Onlar hər an xoşa gəlməyən pis işlərlə məşğuldurlar. Onlar aldadaraq digər barbarların birliyini də pozarlar. On ildən çoxdur ki, mənim imperatorluğumun himayəsindədirlər. Onlar vəhşi çöllərdə yaşadıqlarından indiyə qədər qürurun nə olduğunu bilmirlər. Bir müddətdir ki, imperatorluğumun müqəddəsliyinə qarşı davranırlar. Bundan başqa da sənin onları yox etmək niyyətini də bilirəm. Ölən (Bilgə) Kağan üçün törən düzənlədiyimdə türqişlərin elçisinin bu törənə qatılmağa və yas tutmağa niyyəti yox idi. Belə olanda mən o elçini qovdum. Bunu sənin elçin də bilirdi. Oğlum, əgər sən bütün ordunla səfərə çıxarsansa mən də ordumu sənin ordunla birləşmək üçün göndərərəm. Generallarım An-si və Han-haide qısa zaman içində ordumu daha da gücləndirdilər. Mən onları-türqişləri yox etmək istəsəm bunda bir çətinlik varmı? Mən günün birində zəfər qazanarsam, düşmənin bütün qoyunlarını, atlarını və torpaqlarını sənə verəcəm. Bundan başqa, səni oğlan və gənc qızlarla, eyni zamanda qiymətli daş-qaşlarla mükafatlandıracam. Sanıram ki, bu gələcəyə olan bir plandır və sən bunu ətraflı düşünməlisən. Oğlum, mən səninlə dost və qohumam. Ona görə də səninlə bu mövzuda danışıram. Və sənə hədiyyələr göndərirəm, gəldiyində qəbul et”.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 126 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed