Şrift:
Daha iki türk millət vəkili İranın təhsil nazirinə etiraz bildirib
20.07.2018 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın təhsil nazirinin qeyri-fars dillərinin tədrisi ilə bağlı səsləndirdiyi irqçi fikirlərə qarşı etirazlar səngimək bilmir.

Tehran, Rey və Şimiranatın İran parlamentindəki türk kökənli millət vəkili Məhəmmədrza Badamçı bu barədə “Nəsr” agentliyinə danışaraq nazirin açıqlamasını konstitusiyaya zidd olduğunu deyib.

“Çox təəssüflər olsun ki, nazir ölkə konstitusiyası ilə tanış deyil, bu səbəbdən də belə açıqlamalar verir. Konstitusiyanın 15-ci maddəsi məktəblərdə müxtəlif qövmlərin dilinin tədris olunmasını azad edib. Konstitusiya birlik rəmzidir, biz onun bütün maddələrinin icra olunmasını tələb edirik. Sözsüz ki, dövlətin vəzifəsi konstitusiyaya əməl etməkdir.
Bir nazirin konstitusiyaya zidd danışması inanılmaz bir hadisədir. Təəssüflər olsun ki, cənab Bəthayi sözlərini təkzib etməyib”- deyə millət vəkili qeyd edib.


Məhəmmədrza Badamçı

Təbrizin millət vəkili Əhməd Əlirzabəyli isə bu barədə çərşənbə günü “İsna” xəbər agentliyinə danışıb. Nazirin sözlərini qeyri-peşəkar açıqlama adlandıran millət vəkili onu sözlərini islah etməyə çağırıb.

“İnsanları heç nədən məhrum etmək olmaz. Rzaxan bunu etdi, cavabını da aldı. Türk dili və digər yerli dillər yaşayacaqlar. Kimsə konstitusiyanın fövqundə söz deyə bilməz, hamı ona uyğun danışmalıdır. Konstitusiyada övladlarımıza yerli dillərdə dərs keçməklə bağlı maddə mövcuddur. Biz dövləti türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasına qane edə bilsək, bu kimi söhbətlərin də qarşısı alınar”- deyə Təbrizin millət vəkili bildirib.


Əhməd Əlirzabəyli

Əhməd Əlirzabəyli türk dilinin tarixinə işarə edərək əlavə edib ki, “biz dilimizi qoruyub saxlamalıyıq. Yerli dillər tədris olunmasa, o zaman ədəbiyyat, şeir, musiqi və mədəniyyətimizi övladlarımıza ötürə bilmərik. Oksigen kimi vacib olan mədəniyyətimiz övladlarımıza intiqal edilməlidir, bunu konstitusiyaya uyğun şəkildə həyata keçirmək mümkündür.”

Bu arada Təbriz Şəhər Şurasının üzvü Qulam Hüseyn Məsudi Reyhan da təhsil nazirinin irqçi çıxışına oxşar açıqlama ilə reaksiya verib.


Qulam Hüseyn Məsudi Reyhan

“Görünür ki, nazirlər kabinetinin üzvü olan təhsil naziri ölkə konstitusiyası ilə tanış deyil. O həmçinin bilmir ki, ana dilinin məktəblərdə tədris olunması qövmlərin əsas ictimai tələbidir. Konstitusiyanın 15-ci maddəsində ana dilinin tədrisi açıq şəkildə azad elan olunub. Lakin nazirin belə şeylərdən xəbəri yoxdur. Bu kimi açıqlamalar ölkə daxilində nifaqa səbəb olur, ona görə də məsullar söhbətlərindən əvvəl biraz mütaliə etsələr pis olmaz”- deyə Şura üzvü “Təbriz-i mən” yerli agentliyinin müxbiri ilə danışıqda deyib.

Bundan əvvəl Urmiyənin millət vəkilləri Hadi Bahaduri və Nadir Qazipur, Təbrizin millət vəkilləri Məhəmməd İsmail Səidi, Zəhra Sai və Məhəmməd Hüseyn Fərhəngi, həmçinin Təbrizin imam cüməsi Məhəmmədəli Al-i Haşim və s. kimi yerli məsullar İranın təhsil nazirinin irqçi çıxışına qarşı çıxaraq türk dilinin məktəblərdə tədris olunmasını tələb etmişdilər.

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır. Açıqlamadan qəzəblənən Azərbaycan türkləri nazirin irqçi yanaşmasına müxtəlif formalarda etiraz bildirirlər.

N.S
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed