Şrift:
Azərbaycan şirkəti daha bir uğura imza atdı
28.07.2018 [11:16] - Gündəm, İqtisadiyyat
Serbiyada Azərbaycan şirkətinin də tikintisinə cəlb olunduğu Belqrad dairəvi yolunun təməlqoyma mərasimi keçirilib. Mərasimdə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, bu ölkənin dövlət rəsmiləri, Çin Xalq Respublikası və Azərbaycan Respublikasının Serbiyadakı səfirliklərinin təmsilçiləri və tikintiyə cəlb olunan şirkət nümayəndələri iştirak ediblər.

Ümumi dəyəri 204 milyon avro olan layihə 4, 5 və 6-cı sektorla bölünməklə 3 hissədən ibarətdir. Maliyyənin 85 faizini “Exim Bank of China”, 15 faizini isə Serbiya hökuməti ayırıb. Tikinti işlərini Çin Xalq Respublikasının “Power Construction Corporation of China Ltd” və Azərbaycan Respublikasının “AzVirt” MMC şirkətləri podratçı olaraq birlikdə həyata keçirəcək. “AzVirt” MMC layihənin 4-cü sektor üzrə 7,7 kilometrlik və 6-cı sektor üzrə 9,6 kilometrlik hissələrinin, eləcə də 7 ədəd körpü və üst keçidi, 2 ədəd tunelin tamamlama işləri və 1 ədəd tunelin inşasını icra edəcək. Tikintinin 2021-ci ildə tamamlanması planlaşdırılır.

Tədbirdə çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç layihənin özəlliklərinə toxunaraq bunun ölkəsi üçün olduqca vacib olduğunu qeyd edib. Onun sözlərinə görə hazırda Serbiyada yol infrastrukturu əsaslı şəkildə yenidən qurulur. Ona görə də çəkilən hər kilometr yol onlar üçün xüsusi əhəmiyyət daşıyır. Serbiyanın dövlət başçısı təməlqoyma mərasimində iştirak edən çinli və azərbaycanlı mütəxəssisləri də salamlayıb və onlara uğurlar arzulayıb. “Ayrı-ayrı bölgələrimiz bu yola çıxış əldə edəcək. İmkanlar genişlənəcək. Biz həm də Bolqarıstan və Rumıniya ilə sanki bir yarışa çıxacağıq. Yəni Serbiya üzərindən turist axını və yükdaşınmaları artacaq. Beləliklə, biz bu yarışda qalib gəlmək üçün hər şeyi vaxtında tamamlamalıyıq. Biz tələsirik. Çinli və azərbaycanlı qardaşlarımızdan işin vaxtında icrasını xahiş edəcəyik. Yeri gəlmişkən, artıq azərbaycanlılardan bunu istəmək olar. Çünki onlar əvvəlki işlərində yüksək bacarıqlarını nümayiş etdiriblər. Buna görə sizi təbrik edirəm. Bilirsiniz, mən öz işini zamanında yerinə yetirən insanları çox sevirəm və onlara hörmətlə yanaşıram. “Azvirt” cəmi bir ay gecikmə ilə öncə icra etdiyi layihəni təhvil verdi. Bizdə belə hallar olmur. Məsələn, mənə tikintisi aparılan “Serbiya Evi”nin 6 ay əvvəl iyulda təhvil veriləcəyini demişdilər. Lakin indi deyəcəklər, sentyabrda, mən deyirəm ki, bəlkə də oktyabrda. Ona görə də mən işinə məsuliyyətli olanlara hörmətlə yanaşıram. İnanıram ki, Siz “Power Construction Corporation of China Ltd” şirkəti ilə də əla bir işbirliyi şəraitində çalışacaqsınız”,- deyə Serbiya Prezidenti bildirib.

Daha sonra Serbiya Prezidenti Çin Xalq Respublikası və Azərbaycan Respublikası rəhbərlərinə əməkdaşlığa görə təşəkkürünü bildirib: “Mən burdan Çin Xalq Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Səmimi əməkdaşlığımızı davam etdirməkdə maraqlı olduğumuzu bildirmək istərdim. Eləcə də, Azərbaycan Respublikasının Prezidenti, qardaşım İlham Əliyevə də salamlarımı çatdırmağınızı xahiş edirəm. Sizə böyük uğurlar arzulayıram”.

Serbiya Prezidenti ölkəsinin yol layihələrində Çin və Azərbaycandan olan yol təsərrüfatı üzrə mütəxəssislərin bundan sonra da iştirakını arzuladığını bildirib. O, əminliklə vurğulayıb ki, belə işbirliyi ilə yaradılacaq magistrallar Serbiyanın yol infrastrukturu sahəsində regionda fərqlənməsinə gətirib çıxaracaq.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed