Şrift:
Qəbələ festivalında Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti maraqla qarşılanıb
31.07.2018 [09:21] - Gündəm, Mədəniyyət
X Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə musiqisevərlərə “Gənclərə dəstək” layihəsi çərçivəsində daha bir konsert proqramı təqdim olunub.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Cavad Tağızadənin dirijorluğu ilə keçən konsertin əvvəlində Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” səsləndirilib. Konsertdə Soltan Hacıbəyovun “Karvan” simfonik lövhə, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən” operasından Mərdanın ariyası, Otar Qardelinin “Fleyta və simfonik orkestr üçün Konsertsino”, Antonio Vivaldinin “Faqot və kamera orkestri üçün konsert”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Jül Massnenin “Violin və orkestr üçün Elegiya”, Karel Krautqartnerin “Klarnet və orkestr üçün “Konsertsino” əsərləri və Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa olunub. Solistlər Taleh Yəhyayevin (bariton), Nəzrin Əmirlinin (fleyta), Kamran Məmmədovun (faqot), Nadir Eyvazovun (violin), Emil Bağırovun (klarnet) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Festival çərçivəsində iyulun 31-də musiqisevərlərə növbəti kamera konsertləri təqdim olunacaq. Axşam saat 21:00-da isə X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed