Şrift:
Günahkar mənəm, yoxsa sən?!
03.08.2018 [10:21] - Gündəm, DAVAMın yazıları
Budur, əsdi bir güz* yeli,
Gəlib keçdi aramızdan,
Zalım fələk ilməyini
Atdı bizə azdan-azdan...

Görən axı noldu bizə,
İlk günkü tək o saf, təmiz,
Gözəl olan sevgimizə?!
Çox tez bitdi səs-səmirsiz...

Həyat yaman zalım gəlir,
Dayanmadan üstümüzə,
Xısın-xısın, incə gülür,
Ruhumuzu əzə-əzə...

Bilməm niyə, axı nədən,
Doğma ikən biz yad olduq,
Yanlış olan bir kəlmədən
Görən belə tez ayrıldıq?!

Bizi dağlar ayırmazdı,
Sözümüz dağ olmasaydı,
Heç kəsin gücü çatmazdı,
Birliyimiz qor** olsaydı...

Daha sual yoxdur məndə,
Özüm suala dönmüşəm,
Nə gözəl şey var ki qəmdə,
Ona doğru sürünmüşəm?!

Qəm məni də, qəm səni də,
Saldı yaman öz toruna,
Sevgimizin məskəni də
Qəfil döndü qəm yurduna...

Ayrılıq qəlbimizə oxdur,
Səbəbkar mənəm, yoxsa sən,
Daha bir mənası yoxdur,
Günahkar mənəm, yoxsa sən?!


*güz (qədim Türk sözü) – payız
**qor (qədim Türk sözü) – od, alov


ELŞƏN İSMAYIL
Gənc ədib və kino insanı

Bu xəbər oxucular tərəfindən 349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed