Şrift:
Məhsa Mehdili: “Babək Qalası, stadionlar ya sosial media, kanalların hamısından istifadə edilməlidir” – Müsahibə
03.08.2018 [10:59] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Məhsa Mehdili “Amerikanın Səsi”nə müsahibədə Güney Azərbaycanda Babək Qalası yürüşü və türk fəalların istifadə etdiyi digər etiraz platformları arasındakı fərqləri anladır.

Türkiyədə mühacirətdə yaşayan siyasi fəal Babək yürüşünün xüsusilə bir dialoq və düşüncə platforması olması, həmçinin ənənəvi hal alması baxımından digər etiraz formalarından fərqləndiyini deyir.

Məhsa Mehdili güneydəki milli hərəkatın simvolları və şüarlarının bir çoxunun Babək Qalası yürüşləri əsnasında formalaşdığını önə çəkir.

“Babək Qalası qurultayının Güney Azərbaycanın Milli Hərəkatı tarixində çox önəmli və simvolik yeri olub, xüsusilə də hərəkatın bir bütün olaraq toplumda şüur yaratma mərhələsində olduğu zaman,” Mehdili söyləyir.

Onun dediklərinə görə, “orada formalaşan şüur, oradakı sloqanlar, nitqlər və orada başladılan irtibatlar daha sonralar milli hərəkata yön verdi. Bu baxımdan Babək yürüşü milli hərəkatın tarixində bir dönüş nöqtəsidir.”

Məhsa Mehdili Babək yürüşünü digər etiraz platformlarından fərqləndirən cəhətləri açıqlayarkən, İran Azərbaycanının müxtəlif bölgələrindən türk fəalların iştirakı ilə keçirilməsinə, ənənəvi hal almasına, habelə dialoq və müzakirə zəmini yaratmasına işarə edir.

“Buna görə, Babək Qalasında düşüncələr və milli hərəkatın sloqanları formalaşdı. Bir önəmi də budur ki, ənənəyə çevrildi. Yəni sadəcə reaksiya əsaslı bir fəaliyyət olmadı,” deyə sabiq siyasi məhbus söyləyir.

Bəzi fəallar İran mediası və ya rəsmilərin “anti-türk” ifadələrinə təpki olaraq ortaya çıxan etirazların həddindən artıq olduğunu irəli sürürlər. Onlar, reaksiya yerinə orijinal fəaliyyətlərə üstünlük verirlər. Bəziləri də, bir çox milli fəalın Traktorsazi futbol komandası ilə məşğul olub ciddi fəaliyyətlərdən uzaqlaşdığını irəli sürürlər.

Məhsa Mehdili fərqli etiraz metodları arasında bəzilərinə üstünlük verməyi düzgün hesab etmir. "Xüsusilə də İran kimi qapalı sistemlərdə. İran media azadlığı yoxdur, etiraz azadlığı əməldə yoxdur. Buna görə də, fərqli kanallardan istifadə edib, bir tərəfdən etirazımızı öncə hakimiyyətə və sonra dünyaya çatdırmaq, digər tərəfdən isə toplumun fərqli kəsimləri ilə qaynaşmaq lazimdir,” o bildirir.

Siyasi fəal əlavə edir: “Biz bütün meydanları və fürsətləri dəyəndirməliyik, istər sosial media olsun, istərsə Traxtorun oyunları... Əlbəttə bu meydanlarda hər şeyin bizim kontrolumuzda olması mümkün deyil. Amma, əlimizdən gəldiyi qədər, milli şüurun yaranması və mesajımızın doğru şəkildə topluma verilməsi istiqamətində qeyrət göstərməliyik.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed