Şrift:
Azərbaycanlıların etirazları nəticə verdi: Məşhur paniranist Cavad Təbatəbayinin Təbrizdəki çıxışı ləğv edildi
06.08.2018 [15:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Azərbaycanda Məşrutiyyətin İldönümü Mərasimi” bazar günü Təbrizdə bu şəhərin Məşrutə Evində keçirilib.

Bundan əvvəl elan olunduğu kimi, mərasimdə qeyri-insani panfarsizm məktəbinin əsas təbliğatçısı olan Cavad Təbatəbayinin çıxış etməsi gözlənilirdi, lakin azərbaycanlılar, xüsusi ilə də Milli Hərəkat fəallarının kəskin etirazı ilə bu baş tutmadı, onun çıxışı ləğv edildi.

Azərbaycan İnkişaf Evi İdarə Heyətinin üzvü Məhəmmədrza Purməhəmmədi şənbə günü “Anac” xəbər agentliyi ilə danışığında məşhur panfarsistin çıxışının ləğv olunduğunu bildirmişdir.

Şərqi Azərbaycan Əyaləti Mədəni İrs Təşkilatının rəisi Murtaza Abdar da mərasimdə çıxışı zamanı C.Təbatəbayinin dəvətinə edilən etirazlara işarə edərək onun çıxışının ləğv edildiyini, yerinə yerli çıxışçılardan istifadə olunduğunu bildirib. “Bu, məşrutiyyət inqilabı ilə bağlı keçirilən mərasimlərin bütün əhaliyə açıq olduğunu göstərir”- deyə o vurğulayıb.

Lakin M.Abdarın iddiası həqiqəti əks etdirmir. Ona görə ki, mərasim hər kəs üçün açıq elan olunsa da, tədbirə qatılmaq istəyən bir çox azərbaycanlı mədəni fəalın iştirakına icazə verilməyib. Mərasimdə bütün çıxışçıların fars dilində söhbət elədiyi də bildirilir.

Mərasimin Azərbaycan İnkişaf Evinin təşəbüsü ilə keçirildiyini bildirən M.Abdar İnkişaf Evinin İdarə Heyətinin üzvü M.Purməhəmmədinin C.Təbatəbayinin Təbrizə dəvəti ilə bağlı çıxışını yanlış və məsuliyyətsiz hərəkət adlandırıb.

M.Purməhəmmədi mərasimə bir gün qalmış “Anac” xəbər agentliyinə verdiyi müsahibədə C.Təbatəbayinin Azərbaycan İnkişaf Evi tərəfindən deyil, Şərqi Azərbaycan Əyaləti Mədəni İrs Təşkilatı tərəfindən dəvət edildiyini bildirmişdir.

“Azərbaycanda Məşrutiyyətin İldönümü Mərasimi” keçirilən zaman Məşrutə Evinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.



Azərbaycanlı fəallar isə mərasimin keçirildiyi yerin qarşısında, dəvətinə etiraz etdikləri məşhur panfarsist C.Təbatəbayinin gəlişi gözləyiblər.

Milli Hərəkat fəallarının araşdırmaları nəticəsində məlum olub ki, C.Təbatəbayinin dəvət olunması ilk dəfə Azərbaycan İnkişaf Evində sözdə islahatçı adlanan şəxslər tərəfindən təklif olunub. Mərasimin elan olunmuş posterində də Azərbaycan İnkişaf Evinin loqosu əks olunub.

Şərqi Azərbaycan Əyaləti Mədəni İrs Təşkilatının rəisi M.Abdar tanınmış paniranistlərdən biridir, o C.Təbatəbayinin Təbrizə dəvət olunmasının məsuliyyətini öz üzərinə götürüb.

Qeyd edək ki, Azərbaycan əhalisi radikal paniranist və panfarsist kimi tanınan C.Təbatəbayini manqurt bir insan kimi tanıyır. Onun istənilən orqan tərəfindən Təbrizə dəvət olunması Azərbaycan əhalisinə açıq-aşkar hörmətsizlik hesab olunur.
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed