Şrift:
İtaliya festivallara dəvət edir
07.08.2018 [09:40] - Gündəm, İqtisadiyyat
Gözəl tədbirlər haqqında reportajlarla tanış olmaq, xüsusən onlar səyahətlərlə bağlıdırsa, həmişə maraqlıdır. Lakin biz düşündük ki, bu və ya digər hadisə barədə əvvəlcədən məlumat əldə etmək oxucular üçün heç də az faydalı olmayacaq. Çünki onların həmin tədbirə getmək imkanı hələ irəlidədir. Çünki indi məzuniyyət mövsümüdür və çoxları xaricə səfər etməyi planlaşdırır.

Biz İtaliyadan başlamağı qərara alaraq, Avropanın bu ölkəsində avqustda və sentyabrda keçiriləcək maraqlı festival və kampaniyaları diqqətinizə təqdim edirik.

Əbədi şəhər və Apuliyada turnir

Romanın ən gözəl məkanlarından birində - Əbədi şəhərə füsunkar mənzərənin açıldığı Qaribaldi meydanında “Gianicolo in Musica 2018” festivalının qızğın çağıdır. Sentyabrın ortasınadək davam edəcək festivalın proqramına caz, soul, blüz, svinq, tanqo, milonqa və müəllif mahnısı axşamları daxildir. Bütün bunların hamısı pulsuzdur.

Digər heyrətamiz tədbir İtaliyanın Apuliya regionunun turistlər üçün hazırladığı rayonlar turniridir. Avqustun ikinci bazar günündə (bu il ayın 11-12-nə düşür) Oriya şəhərində gözəl bayram - tarixi kostyumlarda parad və şəhərin dörd rayonu arasında ənənəvi turnir keçirilir. Bu tarixi parad II Fridrix dövrünə həsr edilmiş çoxsaylı tədbirlər sırasında ən möhtəşəmidir.

Bayram öz müasir görkəmində 1967-ci ildən keçirilir, lakin turnirin tarixi uzaq keçmişə gedib çıxır. 1225-ci ildə II Fridrix və Yerusəlimli İolanta arasında nikah bağlanıb. Toyun şərəfinə ölkədə bayram şənlikləri və turnirlər təşkil edilib.

Bayram şənlikləri cümə günü palionun – turnirin qalibinə təqdim ediləcək bayrağın meydana gətirilməsi ilə açılır. Şənbə günü Oriyanın küçələrində II Fridrix dövrünü təsvir edən personajların - saray xanımları və kavalerlərinin, imperatorun çoxmillətli əyanlarının, o cümlədən şərqli müdriklərin, kənizlərin, sarasinlərdən ibarət ordunun yürüşü keçirilir. Oriyanın kiçik şəhər olmasına baxmayaraq, kortej möhtəşəmdir. Paradın iştirakçıları Manfredi meydanına yönəlir. Orada carçı turnirin keçirilməsi haqqında imperator fərmanını oxuyur.

Turnirdə Kastello, Yudea, Lama və San-Bazilionu təmsil edən 4 komanda iştirak edir. Turnir 5 yarışmadan ibarətdir. Onlardan biri at yarışıdır. Burada hər rayondan bir atlı iştirak edir. Digər yarış “qoç” adlanır. Bu, iki mərhələdən ibarətdir. Hər komandada 2 oyunçu olur: pəhləvan və qaçan. Pəhləvan qoçu (standart çəki – 85 kiloqram) çiyninə alaraq təxminən 65 metr məsafəyə gətirməli və xüsusi darvazaya daxil olmalıdır. Sonra digər atlet öz rayonunun bayrağını götürərək yerdə qalan məsafəni qaçmalı və start nöqtəsinə qayıtmalıdır. Atletlər həm də “çəllək” adlı qaçış yarışına çıxırlar: onlar 95 metr məsafədə “ağzıaçıq çəlləyədək” qaçmalı, oradan rayonun bayrağını götürüb start nöqtəsinə qayıtmalıdırlar. Yarışma mövzusunda variasiyalar çoxdur, onlar müxtəlif şəkildə kombinasiya edilə bilər. Onların sırasında çox vaxt qaçış, gücü və çevikliyi yoxlamaq üzrə yarışlar (dirəyə və ya kanata dırmanmaq, ağır qutunu daşımaq və s.) daxil edilir. Qalib gələn komandalar 4 bal, uduzan komanda 1 balla (və ya 0, əgər tapşırıq yerinə yetirilməyibsə) qiymətləndirilir. Beş yarışın sonunda hamıdan çox bal toplayan komanda qalib hesab edilir.

Toskanada oxatma yarışı və Bruşello Politsiano

Massa-Marittimada arbaletdən şunqarı nişan almaq Toskanada orta əsrlərin ən böyük yarışmalarından biridir. Yarışlar ildə iki dəfə - mayın sonuncu bazar günündə və avqustun ikinci bazar günündə şəhərin mərkəzi meydanında keçirilir. 2018-ci ildə bu, avqustun 12-nə düşür.

Hər dəfə yarışda şəhərin hələ azad kommuna dövründən bölünmüş olduğu üç tersiyasından oxatanlar iştirak edirlər. Bu, ağ, qırmızı və yaşıl rənglərdə Yeni şəhər (Çittanuova); ağ, qara və sarı rənglərdə Köhnə şəhər (Çittavekya); qızılı, göy və sarı rənglərdə Borqodur.

Yarışa bir gün qalmış kommunanın Sarayında şəhər administrasiyasının və tersiyalarının iştirak etdiyi tədbirdə kimin birinci ox atacağı barədə püşkatma keçirilir.

Növbəti gün tədbir tarixi paraddan başlanır. Parad tersiyaların administrasiyasının binasından yola düşür, baraban və truba sədalarının altında bütün şəhəri gəzir, yolda dəstəyə çoxlu insanlar qoşulur. Parad iştirakçıları tamaşaçıların toplaşdığı Qaribaldi meydanına gəlirlər.

Ox ənənəvi italyan arbaletindən şunqarın təsvir edildiyi hədəfi nişan alır. Hər atıcının öz arbaleti olur. Nişançı hədəfdən 35 metr məsafədə dayanır və oxu atır. Mərkəzə daha çox yaxın düşən oxatan qalib hesab edilir. Ona bəzədilmiş ipək mantiya və rəmzi qızıl ox təqdim olunur.

Toskananın digər əyalətində - Siyenada turistlərə əvvəlkindən heç də geri qalmayan maraqlı tədbir - Bruşello Politsiano gözləyir. Hər il keçirilən bayramın adı “bruşello” “tingə” mənasını verir. Tədbir 1939-cu ildən Montepulçanoda Kafedral kilsənin qarşısındakı Böyük meydanda ənənəvi olaraq avqust ayında beş gün (11-15 avqust) təşkil olunur.

Bruşello Toskana xalq və kəndli teatrının formalarından biridir. Rolları qeyri-peşəkar aktyorlar oynayır. Tamaşa bəzən epik-dramatik səciyyə daşıyır, bəzən səhnədə sadə xalqın təxəyyülü əsasında gündəlik həyatdan alınan, fars janrında tamaşalar, tarix və ədəbiyyatdan götürülən real hadisə və faktlar göstərilir.

Teatrın mövzusu ildən-ilə dəyişir, mətn və ssenarilər “bruşellant” adlandırılan iştirakçıların öhdəsinə buraxılır.

İllərboyu festivalda daha çox göstərilən (8 dəfə) tamaşa “Piya de Tolomei” olub. Onun hekayəti Dantenin “İlahi komediya” poemasının “Əraf” hissəsində söylənilib. “Paolo və Françeska” tamaşası üç dəfə göstərilib.

Fermoda “quyu uğrunda döyüş”

“Vedrələrin mübarizəsi” - Sant’Elpidio-a-Mare şəhərciyində (Fermo əyaləti, Marke regionu) hər il avqustun ikinci bazar günündə (bu il ayın 12-nə düşür) keçirilən bayramdır. İlk dəfə bu tədbir 1953-cü ildə təşkil edilib və tezliklə şəhərdə yayın ən çox gözlənilən hadisələrindən birinə çevrilib.

Əfsanəyə görə, orta əsrlərdə Sant’Elpidio-a-Maredə su problemi olub. Baş meydanda quyu başında qadınların gündəlik dava-mərəkəsindən yaxa qurtarmaq məqsədilə şəhərin dörd kontradasının (San-Covanni, Sant’Elpidio, Santa-Mariya və San-Martino) iştirakı ilə oyun təşkil etmək qərara alınıb. Hər kontrada altı idmançıdan ibarət komanda yaratmalı idi. Onlar düşmənin zərbəsinə dözməyi bacarmalı və qalib gəlməli idilər. Bir kontrada digər üçü ilə oynamalı idi. Hər oyunun müddəti 10 dəqiqə olub. Bu müddətdə hər komanda üç addımlıq məsafədən topu quyuya daha çox atmalı və bununla da rəqibinə mane olmalı idi. Sonda ballar hesablanardı. Daha çox bal toplayan komanda qalib sayılıb. Bir dəfə hədəfə düşməyə 5 bal verilib, cərimə üçün 1 bal çıxılıb. Qalib komandanın mənsub olduğu kontradanın sakinləri şəhər quyusundan il ərzində birinci su götürmək hüququ əldə edib, digərləri isə oyunda göstərdikləri nəticəyə əsasən növbə gözləyiblər.

Gün tədbir iştirakçılarının tarixi kostyumlarda bayram nümayişi ilə başlanır. Şəhərin baş meydanından start götürən parad oyunun keçirildiyi yerə qədər davam edir. Bu yer bayramın kulminasiyasıdır. Nümayişdə 800-dən çox insan iştirak edir. Onlar zadəganları, kəndliləri, hərbçiləri, siyasətçiləri təmsil edirlər.

Oyunun özü köhnə şəhər meydanında keçirilir. Qalib komanda bayram nümayişinə rəhbərlik edir. Nümayiş iştirakçıları mərkəzi meydana qayıdırlar. Burada qalibə mükafat – üstünə qızıl təbəqə çəkilərək daş-qaşla bəzədilmiş tökmə mis vedrə veriləcək.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed