Şrift:
Sahələrdə quru bitki qalıqlarının yandırılması yolverilməzdir
08.08.2018 [09:27] - Gündəm, Sosial
Taxıl sahələrində məhsul yığıldıqdan sonra kövşənliyin yandırılması yolverilməzdir. Sahələrdə quru bitki qalıqlarının yandırılması həm ekologiyaya, həm də kənd təsərrüfatına ziyan vurur.

Bunu Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının direktor əvəzi Həqiqət Həşimova bildirib. O deyib: “Yanğın zamanı orqanik maddələrin yanması və torpağın üst qatının faunasının məhv olması nəticəsində torpağın münbitliyi tamamilə aşağı düşür. Yanğında təkcə saman deyil, humus qatı da yanır. Yanan humus qatının bərpası üçün hər hektara 13 ton üzvi gübrə vermək lazımdır. Yanğın zamanı torpaq əmələgəlməsində xüsusi iştirakı olan faydalı mikroorqanizmlər, həşəratlar da məhv olur ki, onun da bərpası üçün uzun müddət lazımdır”.

H.Həşimova qeyd edib ki, samanın tərkibində çoxlu minerallar var. Bir ton saman 3-4 ton peyini əvəz edə bilər. Saman torpağın üzərini örtərək onun nəmliyini qoruyur və isti yay günlərində strukturunun pisləşməsinin qarşısını alır. Saman tədricən çürüyərək həm də torpağın humus qatını zənginləşdirir. Odur ki, taxıl biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməlidir.

Bölgə Təcrübə Stansiyasının direktor əvəzi kövşənlərin yandırılmasının qarşısının alınması üçün növbəli əkin sisteminin səmərəliliyini də vurğulayıb: “Fermerlərin sahələrdə samanı qoruyaraq, növbəli əkindən istifadə etmələri daha məqsədəuyğundur. Taxıl biçilmiş sahədə minimal becərmə ilə ikinci məhsul kimi kultivasiya edilə bilən bitkilər – günəbaxan, qarğıdalı, sorqo, darı əkilə bilər. Beləliklə, həm torpağın münbitliyi artmış olar, həm də fermerlər bir sahədən bir ildə iki dəfə məhsul götürməklə daha çox qazanc əldə edərlər”.
Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed