Şrift:
Axund Xamneyinin son etirazlara ilk reaksiyası: “Heç kəs heç bir qələt edə bilməz”
10.08.2018 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini lideri Əli Xamneyi son günlər ölkənin 15-ə yaxın şəhərində rejimə qarşı keçirilən kütləvi etirazlara, ona qarşı səsləndirilən sərt şüarlara münasibət bildirib. Bu, axund Xamneyinin son etirazlara ilk reaksiyasıdır.

İranın hökumət saytlarının avqustun 8-də yaydığı xəbərə əsasən, son günlər Xamneyi “xaricdə yaşayan bir qrup mədəni fəalla” görüşərək ölkənin mövcud durumundan danışıb. Hökumət yönümlü bu şəxslərlə keçirilən görüşün tarix açıqlanmasa da, bildirilir ki, görüşə qatılan həmin “fəallar”dan biri, islam respublikasının gələcəyindən və ölkədə baş verən son olaylardan ciddi nigaran qaldıqlarını bildirərək, Xamneyidən buna münasibət bildirməsini xahiş edib.

Görüşdə ölkənin mövcud durumuna toxunan, son etirazlara eyham vuran Xamneyi deyib ki, heç kəs rejimin sabahından nigaran qalmamalıdır: “Ölkə sərhədlərindən kənarda yaşayan və fəaliyyət aparan inqilab tərəfdarları bizim hazırkı şərait və durumumuzdan narahat olmamalıdır. Onlar əmin olsunlar ki, heç kəs heç bir qələt edə bilməz. Bunda heç bir şübhəniz olmasın və bunu hamıya deyin”.

Məlumatda Xamneyi ilə görüşən şəxslərin kimliyi və adları açıqlanmayıb.

Xatırladaq ki, iyulun 31-də İranın ən azı 7 şəhərində ölkənin ağır iqtisadi durumuna, milli valyutanın dollar qarşısında dəyərini kəskin itirməsinə, işsizliyə, bahalığa, inflyasiyaya və ölkə rəsmilərinin səriştəsizliyinə qarşı kütləvi etirazlar keçirilib. Avqustun 5-ə qədər davam edən etirazlarda, İranın 15-ə yaxın şəhərində, o cümlədən də, Tehran, Şiraz, Kazerun, Kərəc, Gövhərdəşt, Həmədan, Vəramin, Məşhəd, Qum, İsfahan, Rəşt və Əhvaz şəhərlərində yüz minlərlə insan küçələrə axışaraq, ölkəyə hakim molla rejiminə, axund Xamneyiyə və onun xarici siyasətinə qarşı çox sərt şüarlar səsləndiriblər.

1 nəfərin ölümü, onlarla insanın yaralanması və 100-dən çox etirazçının həbsi ilə nəticələnən kütləvi etirazlar, hazırda müvəqqəti olaraq dayandırılıb.
Bu xəbər oxucular tərəfindən 14 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed