Şrift:
Paşinyan Qarabağ klanına qarşı türkdən dəstək istəyir?
11.08.2018 [15:08] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Ermənistanın baş naziri Nikol Paşinyan düşmən ölkəni bürüyən hərtərəfli böhrandan çıxış yolunun region ölkələri ilə əlaqələrin bərpasında olduğunu bilsə də, daxili auditoriyanın rəyini ona qarşı çevirmək üçün fürsət gözləyən qüvvələrdən də az çəkinmir.

Təsadüfi deyil ki, Türkiyə ilə yaxınlaşmaq üçün bəyanatlar verən N.Paşinyan qondarma “erməni soyqırımı” iddialarından da imtina etməyə tələsmir. Yaxud Azərbaycanın əsas tərəfdaşlarından biri olan Qazaxıstanın prezidenti Nursultan Nazarbayevə zəng edərək əlaqələrdə hansısa irəliləyiş gözləyən Ermənistan baş naziri Dağlıq Qarabağ münaqişəsində güzəşt etmək barədə heç bir mesaj səsləndirmir. Təbii ki, belə olan təqdirdə N.Paşinyan göstərdiyi bütün səylərin nəticəsiz qalacağını bilir. Ona görə də devirdiyi Qarabağ klanının aparıcı simalarını tam zərərsizləşdirmək yolunu tutan N.Paşinyan sabiq prezident Robert Koçaryan, general Manvel Qriqoryanı həbsə göndərməklə yanaşı, digər rəqibləri üzərində də tutulma təhlükəsini saxlamaqla fərqli qərarlar vermək üçün özünə şans tanıya bilər. Xüsusilə, Koçaryan-Sarkisyan cütlüyünün əsas silahdaşlarından biri olan, Dağlıq Qarabağda dinc azərbaycanlıların qətl edilməsində yaxından iştirak edən və hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəhbərlik edən Yuri Xaçaturovun həbsinə Rusiyanın mane olmasından sonra baş katib postuna keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın gətirilməsinə razılıq əldə etmək üçün sözügedən təşkilatın demək olar ki, ikinci aparıcı üzvü Qazaxıstanla qurulan təmaslar Paşinyanın qonşu dövlətlərlə yumşaq diplomatiyaya keçid etmək istəyini də büruzə verir. Yəni Ermənistanın baş naziri işğalçı ölkəni uzun illərdir öz əsarətində saxlayan cinayətkar qruplaşmanı zərərsizləşdirmək üçün başqa bir türk dövləti olan Qazaxıstandan dəstək istəməklə sanki bununla onların da maraqlarını təmin etdiyini göstərməyə çalışır. Hər halda o, Ermənistanın region ölkələri, o cümlədən, Azərbaycan, Türkiyə ilə münasibətlərin normallaşması üçün işğal edilən torpaqları sahibinə geri qaytarmalı olduğunu yaxşı dərk edir. Əks halda, rəsmi Bakının həyata keçirdiyi təcridetmə siyasəti nəticəsində Ermənistan bölgədə nəinki tərəfdaş qazana bilməyəcək, hətta işğalçı ölkədə böhran vəziyyəti daha da dərinləşəcək.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, Ermənistandakı hərbi xuntanın başında duranlar təkcə azərbaycanlıların deyil, həm də erməni xalqının düşmənləridir: “Bu barədə prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə fikirlərini bildirib. Bu gün Ermənistanda aparılan istintaq ölkə başçısının bu fikirlərinin tam doğru olduğunu ortaya qoyur. Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Manvel Qriqoryan, Yuri Xaçaturov, Mikael Arutyunyan və digərləri hakimiyyətə gəlmək, hakimiyyətdə qalmaq, var-dövlət əldə etmək üçün təkcə azərbaycanlıların deyil, ermənilərin də qanını töküblər. Faktlar onların öz xalqına qarşı heç də dinc azərbaycanlılara etdiklərindən az amansızlıq etmədiyini göstərir. Bütün bunlar hərbi xuntaların və işğalçı rejimlərin mahiyyətindən doğan bir reallıqdır”.

S.Alıyev hesab edir ki, Ermənistanın indiki hakimiyyəti bundan nəticə çıxarmalı, sələflərinin işğalçılıq siyasətindən imtina etməlidir: “Hərbi xunta təmsilçiləri ədalət adına cəzalandırılırlarsa, onda Azərbaycanla ortaq istintaq komissiyası yaradılmalı, cinayətkarlar təkcə ermənilər deyil, dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə görə də cavab verməlidirlər. Bax onda demək olar ki, Ermənistanda həqiqətən qonşularla sülh içində yaşamaq istəyən, demokratik düşüncə sahibləri hakimiyyətə gəliblər. Belə bir hakimiyyət olmadıqca, Dağlıq Qarabağ problemi həllini tapmadıqca, o ölkənin heç bir gələcəyi yoxdur və ola da bilməz”.

Deputat Fərəc Quliyev isə qeyd edib ki, bu gün Ermənistanın daxilində gedən proseslərin hər biri oyun xarakterlidir. O, SİA-ya bildirib ki, Ermənistanın planları ortadadır: “Onlar böyük Ermənistan iddiasındadırlar və bunu Rusiyanın köməyi ilə həyata keçirmək istəyirlər. Daxildə bəzi manevrlərin olması da Rusiya kəşfiyyat xidmətlərinin işidir. Onlar hakimiyyət başında olanlara işarə edərək əvəzolunmaz, özbaşına olmadıqlarını, xalqın etimadını da qazanmadıqları üçün istədikləri vaxt dəyişə biləcəklərini bildirməyə çalışırlar”.

Düşmən ölkədə baş verənlərin birmənalı şəkildə Moskvanın planlaşdırdığı işlər olduğunu dilə gətirən deputat qeyd edib ki, burada Paşinyanın heç bir önəmi yoxdur və xalq da heç bir məsələni həll etmir.

“Azərbaycan Prezidenti İlham Əliyev bəyanatlarında dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə etiraz etmədiyimizi bildirib və beynəlxalq təsisatların problemin həlli istiqamətində fəaliyyət göstərməsinə şərait yaradılıb. Əgər bu istiqamətdə heç bir addım atılmasa, o zaman Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərb yoluna əl atacaq. Bunun üçün bizim əlimizdə kifayət qədər hüquqi əsaslar var. Təkcə BMT-nin 4 qətnaməsi kifayət edir ki, biz hərbi əməliyyatlara başlayaq. Mənə elə gəlir ki, müəyyən zaman çərçivəsində bu əməliyyatlara başlamaq mümkündür və Azərbaycan bu addımı atacaq”, - deyə F. Quliyev əlavə edib.

Deputat hesab edir ki, Ermənistanın xarici siyasəti yoxdur: “Çünki düşmən ölkə Rusiyanın əyalətidir və bu ölkənin xarici siyasətinin bir hissəsini təşkil edir. Sadəcə olaraq Ermənistan bəzi məqamlarda özünün qiymətini artırmaq, tələblərini həyata keçirmək üçün özünü Qərbə meyilli kimi aparmağa çalışır”. F.Quliyev bildirib ki, bu gün Rusiya özü belə Ermənistandan imtina etsə, düşmən ölkə Rusiyadan ayrılmayacaq: “Rusiya ordusunu Ermənistandan zorla çıxarmağa çalışsa belə, Ermənistan onların ayağına düşəcək. Çünki düşmən ölkə bilir ki, onların gələcək taleyi Rusiyaya bağlıdır. Ermənistanı Azərbaycanın qərbində Rusiya yaradıb. Ermənistan Qərbə meyl göstərməklə müəyyən manevrlər etməyə çalışaraq, onlara önəm verilməsini, tələblərinin həyata keçirilməsini dair mesajlar vermək istəyir”.

Deputatın sözlərinə görə, Rusiya Ermənistanın son addımlarından qıcıqlansa da, müəyyən qulaqburması və ya bəzi tələblərini həyata keçirməklə onları yanında saxlamağa çalışacaq.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə bildirib ki, Ermənistanda Sarkisyanın, Koçaryanın, Ohanyanın əlləri azərbaycanlıların qanına batıb: “Onlar Azərbaycanın düşmənləridir. Həm də deyərdim ki, bu cinayətkar xunta öz xalqının da düşmənidir”. E.Həsənlinin sözlərinə görə, bu gün Ermənistanda hakimiyyət davası gedir: “Ermənistan müstəqil dövlət deyil, əksinə, korrupsiyaya uğramış cinayətkar bir rejimdir. Bu ölkə başdan-ayağa terror dalğasına bürünüb. Hətta erməni xalqı bunları cinayətkar hesab edir. Azərbaycan tərəfi onların bütün mifini darmadağın edib. 2016-cı ilin aprel döyüşləri bütün bunları bir daha sübut edib. İşğalçı ölkənin bütün regional layihələrdən kənarda qalması Ermənistanı tamamilə çökdürüb. Hərbi xunta rejimi vaxt gələcək Azərbaycan məhkəməsi qarşısında cavab verəcək. Təbii ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı da Koçaryan kimi eyni aqibət gözləyir. Nikol Paşinyan isə növbəti parlament seçkilərini rahat şəkildə keçirmək istəyir və hakimiyyətə mane olan adamları zərərsizləşdirməyə çalışır. Ermənistanın yalnız bir yolu var ki, o da işğal etdiyi torpaqları azad etməkdir. Əks halda, hakimiyyət böhranı dövlət böhranına çevriləcək”.

Ceyhun ABASOV
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed