Şrift:
Bu insanla söhbət aparmağa dəyər?
09.07.2012 [18:29] - Siyasət
İlyas İsmayılov: "O sözlərdən sonra hansı danışıqlardan söhbət gedə bilər?!"
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovla neçə vaxtdır geniş həcmli müsahibə hazırlamırdıq deyə, növbəti söhbətimiz olduqca maraqlı, diqqətçəkən məqamları ilə yadda qaldı. Parlamentin deputatı ilə söhbətə ilk olaraq respublikamızın əsas problemindən başladıq:

- Hesab edirəm ki, Azərbaycanın üç böyük problemi var. Digər problemlər həmin problemlərdən doğur. Bunların əlbəttə, birincisi Dağlıq Qarabağ məsələsidir. Və biz bunu öz problemimiz hesab edirik. Bunu hansısa beynəlxalq təşkilatın üstünə atmaqla, özümüzü tənqid etməklə vaxt keçirib ermənilərin xeyrinə fəaliyyət göstərməməliyik. Mən hesab edirəm ki, ATƏT bu problemi həll edə bilməz. Bu təşkilatın qərarı tövsiyə xarakteri daşıyır, dövlətlər üçün öhdəlik yaratmır, məcburi deyil. Tövsiyəni isə ermənilər qəbul etməzlər. Onlar tarix boyu bizə düşmən mövqeyi tutublar və Azərbaycanın əraziləri hesabına "Böyük Ermənistan" dövləti yaratmaq xülyaları ilə yaşayıblar. Bir faktı deyim - 1985-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində Daşnaksütyun Partiyasının 23-cü qurultayı keçirilib. Qurultayda bircə məsələ müzakirə olunub - Ermənistanınərazisinin genişləndirilməsi: "Hardan başlayaq - Gürcüstandan, yoxsa Azərbaycandan?" Türkiyəyə qarşı səslərini çıxara bilməzdilər. Çünki güclü dövlətdir. Bir səs çoxluğu ilə qərara alıblar ki, Azərbaycandan başlasınlar, budur, nəticəsi də göz qabağındadır. Belə olan halda onlar tövsiyəni qəbul edərlərmi? Yaxud Ermənistanın prezidenti həyasızcasına deyir ki, Dağlıq Qarabağı bizim nəslimiz azad etdi, Ağrı Dağını da gələcək nəsillər azad edəcək. Bu insanla söhbət aparmağa dəyər? Bu sözlərdən sonra hansı sülh danışıqlarından söhbət gedə bilər? Mən hesab edirəm ki, bütün resurslarımızı səfərbər edib, torpaqlarımızı azad etməliyik. Bəhanə axtarmamalıyıq ki, ruslar belə gəldi, başqası elə getdi. Mən torpağımı azad edirəm, hüquq mənim tərəfimdədir. Mənim ərazilərim işğal edilib. Bizim heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur. Torpaqlarımızı ermənilərə verməli deyilik ki?! Qarabağ məsələsi ilə bağlı mənim mövqeyim bundan ibarətdir.

Vaxtilə beynəlxalq aləmdə - məlum Lissabon sammitində Azərbaycanın ziyanına qərar qəbul olundu. Təəssüf ki, o vaxtlar bunu bayram kimi qeyd etdilər. Orada qeyd edilib ki, bu məsələ ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bir də, millətlərin öz müqəddəratlarını təyinetmə hüquqları əsasında... Beynəlxalq hüquqdan hamımızın başı çıxır. Millətlərin öz müqəddəratlarını təyinetmə hüquqları beynəlxalq hüququn prinsiplərindən biridir. Ancaq bu, ərazi bütövlüyündən yuxarı prinsip deyil. Ermənilər həmin prinsipdən istifadə edib Ermənistan Respublikasını yaradıblar. Hardasa kompakt şəkildə 5-10 min erməni yaşayırsa, bunu millət hesab etmək olmaz. Bu hüququ onlara vermək olmaz. Mən bunu Brüsseldəki çıxışımda da dedim. Onda dünyada anarxiya yaranar, yüzlərlə erməni dövləti meydana çıxar. Avropanın özündə nə qədər xalq yaşayır? Bu prinsip tətbiq olunsa, necə olacaq? Korsika Fransadan ayrılmaq istəyir, niyə buna imkan vermirlər? Kvebek Kanadadan ayrılmaq istəyir, niyə buna yolvermirlər? Odur ki, bu, ermənilərin separatçı hərəkətlərinə qanuni don geydirmək üçün ortaya atılmış plandır və biz bunu ifşa etməliyik. Mən çox şadam ki, prezident tez-tez sülh yolu ilə baş tutmasa, Azərbaycanın öz ərazilərini hərb variantı ilə azad edəcəyini bəyan edir. Hesab edirəm ki, yeganə yol müharibə yoludur. Ermənilər kimdir ki, biz onların qarşısında aciz qalaq?! Əhalimiz əhalisindən artıqdır, insanlarımız onlardan da qoçaqdır. Mübariz İbrahimov öz qəhrəmanlığı ilə bilirsinizmi onları necə lərzəyə saldı?!

- Bəs dünya birliyinin, beynəlxalq təşkilatların Qarabağ məsələsilə bağlı mövqeyindən necə, razısınızmı?

- Düzdür, Qarabağ problemilə bağlı formal qərarlar var, bunu Avropa Şurasıda qəbul edib, BMT də. Özü də Azərbaycanın indiki ərazisi çərçivəsində. Söhbət bundan getmir, biz məsələnin hüquqi həllini tələb edirik. Amma onlar bizi siyasətə çəkirlər. Nə siyasət? Məsələ hüquqi həllini tapmalıdır. Brüsseldə olanda sual da verdim - siz qanunun aliliyi prinsipini təkcə ölkədaxili prinsiplərdə qəbul edirsiniz, yoxsa dövlətlərarası münasibətlərdə də? Dedilər dövlətlərarası münasibətlərdə də qəbul edirlər. Onda xatırlatdım ki, Azərbaycanda terrorçu, separatçı hərəkətlər törədilib, bu isə beynəlxalq hüquqda pislənilir. Azərbaycanın ərazisi işğal olunub, bu da pislənilir. Deməli, beynəlxalq hüququ tətbiq etmək lazımdır. Siz isə nəyinsə axtarışına keçmisiniz, biz hansı danışıqlara getməliyik? Odur ki, heç bir beynəlxalq təşkilata ümid bağlamaq lazım deyil.

Təəssüf - görünməyən başqa xətt də var - xristian təəssübkeşliyi. Biz müsəlman olduğumuza görə hüquqlarımızı etiraf etmək istəməyənlər də çoxdur. Biz bunların hamısını fakt qarşısında qoymalıyıq. Deyirik, arqumentlərə qulaq asan yoxdur, ATƏT-də bütün qərarlar konsensusla qəbul olunur. Ermənilər isə heç bir məsələnin müsbət həllinə razılıq vermirlər, bu bir daha sübut edir ki, həmin qurum qərar qəbul edə bilməz. Belə isə ölü bir təşkilatdan niyə yapışmışıq? Bir sözlə, ATƏT-ə bel bağlamağa dəyməz. Avropa Birliyinin bir deputatı dedi ki, yaxşı olar, həmin formatda Fransanın əvəzinə Avropa İttifaqı iştirak etsin. Bəziləri bundan çox xoşhal oldular. Mən isə çıxışımda dedim ki, Avropa İttifaqı yox, lap Azərbaycana yaxın Pakistan vəTürkiyə də orada iştirak etsə, bunun heç bir xeyri olmayacaq. Çünki bu, "ölü doğulmuş uşaqdır". Biz niyə özümüzü aldatmalıyıq?

- Bir az da, ölkəmizdəki daxili ictimai-siyasi vəziyyət barədə.

- Müxalifət partiyaları zəifdir, bunu etiraf etmək lazımdır. Amma bunun da obyektiv səbəbləri var. Partiyalar cəmiyyətdə nə vaxt yaranır? O vaxt yaranır ki, cəmiyyətin özündə təbəqələşmə gedir. Vətəndaş cəmiyyəti deyilən cəmiyyət təşəkkül tapır. Bundan sonra həmin təbəqələrin maraqlarını müdafiə edən siyasi partiyalar yaranır. Məsələn, klassik parlament ölkəsi olan İngiltərədə ənənəvi iki partiya var idi.

Biri iri burjuaziyanın maraqlarını güdən Mühafizəkarlar Partiyası, digəri də kiçik burjuaziyanın və fəhlə sinfinin maraqlarını müdafiə edən Leyboristlər Partiyası. Ölkədə liberallaşma getdikdən, liberal ideyalar müəyyən insanların düçüncəsinə hakim olduqdan sonra ortaya Liberal Partiya da çıxdı. Bizdə sosializm quruluşu dağıldıqdan sonra çoxpartiyalılıq meydana gəldi. İdeya ətrafında yaranan partiya çox möhkəm olar. Bizdə isə partiyalar ayrı-ayrı ideyalar ətrafında deyil, çox təəssüf ki, ayrı-ayrı şəxslər ətrafında və regional əsasda yarandı. Belə bir şəraitdə də əlbəttə, siyasətlə məşğul olmaq çox çətindir. Digər tərəfdən, maliyyə çətinlikləri var.



Anar
Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed