Şrift:
Bakı-Sumqayıt-Bakı qatarında elektron plastik ödəniş kartlarının tətbiqinə başlanılıb
13.08.2018 [10:32] - Xəbərlər, Sosial
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə avqustun 13-dən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı, elektron plastik ödəniş kartları tətbiq edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsində bildirilib ki, yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcək. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaq. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.

Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar.

Ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər.

Kartdan istifadə qaydaları ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin www.ady.az saytında tanış olmaq mümkündür.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed