Şrift:
Böyük Qafqazın bəzi dağ çaylarında qısamüddətli daşqın və sel olub
13.08.2018 [14:54] - Gündəm, Sosial
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi dağ çaylarından - Talaçay, Zilbançay, Kişçay, Kürmükçay çaylarında isə qısamüddətli daşqın və sel olub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-180, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında 70-130, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.

Departamentdən bildiriblər ki, avqustun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 50 kubmetr təşkil etməklə ongünlük normanın 37 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 276 kubmetr olmaqla ongünlük normanın 411 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 11,5 kubmetr təşkil edərək ongünlük normanın 17 faizinə bərabər olub.

Avqustun 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 22, Bankədə 10, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb, lakin Surra məntəqəsində isə suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 328 santimetr (2017-ci il avqustun 13-də 348 sm), Şirvanda 197 (2017-ci il avqustun 13-də 203 sm), Salyanda 95 (2017-ci il avqustun 13-də 133 sm), Bankədə 182 (2017-ci il avqustun 13-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 42 santimetrə (2017-ci il avqustun 13-də 60 sm) bərabərdir.
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed