Şrift:
Türkiyənin “Paşa Yatırım Bankası” anonim şirkətinin istiqrazları listinqə daxil edilib
14.08.2018 [09:43] - Gündəm, İqtisadiyyat
Bakı Fond Birjasında (BFB) Türkiyənin "Paşa Yatırım Bankası" anonim şirkətinin istiqrazları listinqə daxil edilib və ticarətinə başlanılıb.

BFB-dən bildiriblər ki, avqustun 13-də Bakı Fond Birjasında "Paşa Yatırım Bankası" anonim şirkətinin istiqrazları əsas bazar seqmentində listinqə daxil edilib və təkrar bazarda ticarəti təşkil olunub. Sözügedən istiqrazlar xarici emitent tərəfindən yerli bazarda buraxılıb və BFB-də listinqə alınmış ilk qiymətli kağızdır.

Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 25 min ədəd faizli sənədsiz, təmin edilməmiş, adlı istiqrazlar təkrar bazarda ticarətə buraxılıb. İstiqrazlar üzrə kupon dərəcəsi 4,85 faiz təşkil edir və son ödəniş tarixi 2022-ci il dekabrın 22-nə təsadüf edir.

BFB-nin idarə heyətinin sədri Vüqar Namazov "Paşa Yatırım Bankası" anonim şirkətinin xarici emitent olaraq Azərbaycan kapital bazarlarında iştirakını müsbət dəyərləndirib və BFB-də korporativ istiqrazlar bazarının inkişafı üçün xüsusi əhəmiyyəti daşıdığını vurğulayıb.

"Paşa Yatırım Bankası" anonim şirkətinin idarə heyətinin sədri Cəlal Qasımov yerli bazarda xarici emitent tərəfindən ilk dəfə BFB-də qiymətli kağızların ticarətə buraxılmasını müsbət hal kimi qiymətləndirib. O, şirkətin strategiyasına uyğun olaraq gələcəkdə də bu istiqamətdə fəaliyyətlərinin davam etdirilməsini hədəfləndiyini qeyd edib.

Sonda tərəflər arasında listinq müqaviləsi imzalanıb və bu ticarətin başlanmasını simvolizə edən "Açılış zəngi" mərasimi həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed