Şrift:
“Anadolu Atəşi” rəqs qrupu dünyanı özünə heyran qoyur
15.08.2018 [16:04] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin “Anadolu Atəşi” rəqs qrupu yarandığı 17 ildə 45 milyon insan tərəfindən alqışlanıb.

Anadolu informasiya agentliyi xəbər verir ki, ötən müddət ərzində rəqs qrupu 100-dən çox ölkədə 5 mindən artıq konsertdə çıxış edib.

Əsas konsepsiyası “mədəniyyətlər görüşməsi” olan “Anadolu Atəşi” xalq rəqslərini, balet, müasir rəqs və rəqsin digər qollarını sintezləşdirərək dünyaya müasir standartlarda bir folklor rəqs konserti təqdim edir.

Bu rəqs qrupu türk folklorundan bəhrələnərək 3 minə yaxın xalq rəqsinin elementlərini və xalq musiqisini özündə yaşadır.

“Anadolu Atəşi” rəqs qrupunun bədii rəhbəri Mustafa Ərdoğan deyib ki, Bəhreyndən Sibirə, Çilidən Yaponiyaya qədər bir çox yerlərdə geniş konsert proqramı ilə çıxış ediblər.

Rəqs qrupunun geniş coğrafiyada yaxşı tanındığını söyləyən Mustafa Ərdoğan hazırda qastrol səfərinə hazırlaşdıqlarını deyib: “Hazırda Avstraliyada, Çilidə, Çində və Antalyada “Anadolu Atəşi”nin biletləri satılır. Bəzi günlər dörd konsert təqdim edirik. Antalyada və İstanbulda həftədə üç gün konsertlər veririk. Egey dənizi turu da davam edir, həmçinin Antalyada bəzi otellərdə çıxışlar edirik. Bu günə qədər 100-ə yaxın ölkədə “Anadolu Atəşi” konsert verib və bu ölkələrin bəzilərində bir neçə dəfə qastrol səfərlərində olmuşuq”

“Anadolu Atəşi”nin dünyadakı ən böyük üç rəqs ansamblından biri kimi tanındığını söyləyən bədii rəhbər vurğulayıb ki, qrup yerli və milli bir layihə olduğu üçün çox böyük maraq doğurur.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed