Şrift:
Nadir Qazipur: Voleybol komandası ləğv edilməyəcək / “Şəhrdari”nin keçmiş oyunçusu: Urmiyə voleybolunun dayandırılmasına icazə verməyəcəyik
16.08.2018 [09:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Urmiyənin “Şəhrdari” komandasının keçmiş oyunçusu Əbdulrza Əlizadə Urmiyə Şəhər Şurası üzvlərinin Bələdiyyə İdarəsisinin idman klubunun ləğv edilməsi ilə bağlı təklifini kəskin pisləyiblər.

N.Qazipur ikinci dəfə olaraq bu məsələyə münasibıt bildirib. O mövzu ilə bağlı bir mesaj paylaşaraq Şəhər Şurasının Azərbaycana qarşı yönələn hərəkətini qanunsuz adlandırıb.

“Uzun illərdir ki, Urmiyədə güclü voleybol var. Bu məsələ şəhər əhalisini bir növ söz sahibi edib. Urmiyə Şəhər İcra Hakimiyyəti başçısı əhalinin hüquqlarını müdafiə edib və qanuna uyğun şəkildə Şəhər Şurasının Urmiyə Bələdiyyəsinin voleybol komandasını (“Şəhrdari” komandası adlanır) ləğv etməklə bağlı təklifini rədd edəcək”- deyə millət vəkili qeyd edib.

Nadir Qazipur avqustun 9-da “Pana” xəbər agentliyi ilə danışığınqda da bu məsələyə münasibət bildirmişdir.

“Voleybol Urmiyə gənclərinin qeyrət və namusudur. Mən heç vaxt icazə vermərəm ki, kimsə Urmiyə voleybolunun inkişafına xələl gətirsin. Urmiyəsiz voleybol, voleybolsuz Urmiyə ola bilməz. Urmiyə Bələdiyyə İdarəsi voleybol komandalarını qoruyub saxlamalı, onlara dəstək verməlidir”- deyə o vurğulamışdır.

Urmiyənin “Şəhrdari” voleybol komandasının keçmiş oyunçusu Əbdulrza Əlizadə isə bu barədə bir video yayaraq Urmiyə voleyboluna qarşı yönələn cəhdləri pisləyib.

“Durnalar Yuvası” stadionunun qarşısında çəkilən videoda bildirilib ki, “Bizim Urmu gölümüz qurudu, lakin məsullara Urmiyə voleybolunun qurudulması icazəsini verməyəcəyik. Urmiyə əhalisinin iki əyləncə vasitəsi var: Yayda göldə üzmək, qışda isə voleybol yarışlarını izləmək. Urmiyə əhalisi, xüsusi ilə də gənclərin əyləncə vasitələrini onlardan almayın”- deyə o bildirib.




Avqustun 6-da Urmiyə Şəhər Şurasının 5 üzvü Şura rəisinə məktub ünvanlayaraq Urmiyə Bələdiyyəsinin klubu, yəni “Şəhrdari” adı daşıyan bütün idman komandalarının ləğv edilməsini tələb ediblər. Şura üzvləri bu təklifi maliyyə problemləri ilə əlaqələndirib.

Azərbaycan idmanının əleyhinə hesablanmış məktub Hüseyn Bəxşayeşi, Zülfəli İbrahimi, Əbdulrəhman Nəqşin, Məsud Paki və Hüseyn Pənahi tərəfindən imzalanıb.

Şura üzvlərinin bu qərarı soydaşlarımızın sosial şəbəkələrdə geniş etirazına səbəb olub. Urmiyə voleybolunu dayandırmağa çalışan qüvvələr şübhəsiz ki, ictimaiyyət qarşısında cavabdehlik daşıyır.
Bu xəbər oxucular tərəfindən 145 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed