Şrift:
Ruhani Amerikaya səsləndi: “Bizimlə danışıqlar körpüsünü özünüz yıxıbsan, özün də bərpa etməlisən”
16.08.2018 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani avqustun 15-də Nazirlər Kabinetinin iclasında çıxış edərək, Amerika ilə münasibətlərdən və iki ölkə arasında yıxılmış danışıqlar körpüsündən danışıb.

Ruhaninin Tehranla Vaşinqton arasında yıxılmış danışıqlar körpüsünün bərpası ilə bağlı çıxışı, İranın dini lideri axund Əli Xamneyinin Amerika ilə hər hansı bir danışıqlar aparılmasına qadağa qoymasından və nüvə danışıqları məsələsində ciddi səhvə yol verdiyini etiraf etməsindən iki gün sonraya təsadüf edib.

Öz çıxışında Amerikanın keçmiş prezidenti Barak Obamanın dövründə İranla ABŞ arasında müzakirələrin yaxşı istiqamətdə irəlilədiyini vurğulayan Ruhani deyib ki, iki ölkə arasındakı danışıqlar körpüsü, Amerikanın yeni hökuməti tərəfindən dağılaraq məhv edilib: “Əgər Amerika İranla müzakirələrə başlamaq istəyirsə, iki ölkə arasında yıxdığı danışıqlar körpüsünü yenidən bərpa etməlidir. Körpünü Amerikanın özü yıxıb, indi də onun obiri başında dayanıb soruşur ki, körpüdən necə keçmək olar.

Əgər həqiqətən körpüdən keçmək, bizimlə görüşüb danışıqlar aparmaq istəyirdinsə, onu niyə yıxdın. Maraqlıdır ki, amerikalılar körpünü özləri yıxdığı bir halda, indi onun o başında dayanıb səs-küy salırlar ki, biz bunu neçə keçməliyik”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun 30-da Ağ evdə İtaliyanın baş naziri Cüzeppe Konte ilə danışıqlardan sonra onunla birgə keçirdiyi mətbuat konfransında İran məsələsindən danışıb.

O, jurnalistlərdən birinin verdiyi “Siz rəsmi Tehranla yaşanan çaxnaşmanı azaltmaq üçün İran prezidenti Həsən Ruhani ilə görüşə hazırsınızmı” sualını belə cavablandırıb: “Mən, heç bir ilkin şərtsiz hər kəslə, o cümlədən də İran rəsmiləri ilə istənilən vaxtda görüşməyə hazıram. Bunun üçün heç bir şərtim yoxdur. Əgər onlar (İran rəhbərləri) istəsələr bir-birimizlə görüşərik. Bu, həm onlar və bizim üçün, həm də dünya üçün yaxşıdır. Lakin güman etmirəm ki, indiki şəraitdə onlar buna hazır olsun”.
Bu xəbər oxucular tərəfindən 99 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed