Şrift:
M.Ə.Rəsulzadə Türkiyə xüsusi xidmət orqanlarının nəzarəti altında
11.07.2012 [00:52] - Xəbərlər, Türkün şanlı tarixi
Aydın Balayev
Tarix elmləri doktoru


Sirr deyil ki, M.Ə.Rəsulzadənin rəsmi Ankara ilə münasibətləri, yumşaq desək, hamar deyildi. Bunun səbəbi M.Ə.Rəsulzadənin Azərbaycanın müstəqilliyi məsələsində prinsipial mövqeyi idi. Bu, öz növbəsində Ankara ilə Moskva arasındakı münasibətlərdə problemlər yaradırdı.
Məhz bu səbəbdən 1923-cü ilin əvvəlində İstanbula gələrkən, M.Ə.Rəsulzadə sürgündə Azərbaycan hakimiyyəti yaratmaq ideyasından imtina etməli olmuşdu. Çünki o, gözəl anlayırdı ki, türk hökuməti bu cür qurumun öz ərazilərində fəlaiyyətinə yol verməyəcək. Milli hökumətin Türkiyə hüdudlarından kənarda yaradılması isə daha problematik məsələ idi.

Belə bir situasiyada M.Ə.Rəsulzadə və silahdaşları müxtəlif növ mətbu nəşrlərin təsis olunması istiqamətində əsas cəhdlərini mərkəzləşdirməli oldular. Bu nəşrlər vasitəsilə onlar dünya ictimaiyyətini Azərbaycandakı vəziyyət, bolşeviklərin Azərbaycan türklərinin azadlıq və müstəqillik haqlarını tapdaması barədə məlumatlandırırdılar.
Eyni zamanda bu nəşrlər Azərbaycan mühacirətinin milli müstəqillik ideyalarının təbliğatı məsələsində ruporu idi.
Müəyyən vaxtadək türk hökuməti Azərbaycan mühacirlərinin bu cür fəaliyyətinə dözdülər. Amma Kremlin təzyiqləri gücləndikcə, Ankara Azərbaycan mühacirlərinin imkanlarını getdikcə daha da məhdudlaşdırır, onlara göstərdiyi maliyyə yardımını tədricən kəsir, bir-birinin ardınca Azərbaycan mühacirlərinin nəşr etdirdiyi mətbu orqanları bağlayırdı. Eyni zamanda türk xüsusi xidmət orqanları Azərbaycan liderlərinin təqib olunmasını gücləndirirdilər.
Türkiyə Milli Təhlükəsizlik Xidmətinin aşağıdakı sənədi buna sübutdur:

«Türkiyə Cümhuriyyəti
Milli Təhlükəsizlik Xidməti (Milli Emniyet Hizmeti)
Əks-kəşfiyyat idarəsi
№ 3694
29.12.1929
Ankara

İstanbul kəfiyyat əmirliyinin (bölməsinin) rəisinə


1. Əlavə olunur: Daxili İşlər Nazirliyinin Qafqaz təşkilatının fəaliyyəti ilə bağlı Rəsulzadəyə ünvanlamış sifahi sorğusuna onun özünün yazdığı cavabın nüsxəsi
2. Düşünürəm ki, Rəsulzadə özünün hesabatında fəaliyyət obrazını gizlətməyib və onları səmimi şəkildə açıqlayıb. Buna baxmayaraq, hökumət Türkiyədə bu cür fəaliyyəti açıq şəkildə dəstəkləyə bilməz. DİN-dən İstanbul vilayətinə artıq məktub göndərilib, orada göstərilir ki, Komitənin bu cür fəaliyyətinə icazə verilə bilməz, əgər onlar (komitə üzvləri) bu fəaliyyəti davam etdirsələr, Türkiyədən çıxarılacaqlar. Zahiri tərəfdən məsələnin qoyuluşu bu cürdür.

Bizim xidmət, əvvəllər olduğu kimi, onlarla əlaqə saxlamaqda davam edəcək, amma aşağıdakı şərtlərə mütləq əməl olunmalıdır:

а) Öz şəxsi rəyiniz və şəxsi öhdəlikləriniz qismində onları ciddi şəkildə başa salın ki, polis fəaliyyətlərini izləyəcək, hökumət ruslarla dostluğun qorunub saxlanması üçün bu yolla getməyə məcburdur, əgər onlar gizli işləməsələr, Siz onlara, əvvəllər olduğu kimi, zəruri hallarda dəstək verəcəksiniz, amma Sizin əlaqələriniz barədə heç kəs bilməməlidir, əks təqdirdə, Siz onlardan üz çevirəcəksiniz.
b) Rəsulzadə ilə Sizin görüşləriniz məxfi keçirilməlidir. Ruslar heç bir halda Rəsulzadənin bizim hökumətlə əlaqə kanalını müəyyən etmək imkanı əldə etməməlidirlər. Mərkəzdə bu barədə Sizdən başqa heç kəs bilməməlidir. Üstəlik, ola bilsin, vali özü belə, bu barədə məlumatlandırılmayacaq.
c) Onlar öz qurumlarının Sizinlə, eləcə də bizim hökumətlə əlaqələrini açıq söyləmək və reklam etməklə mövqelərini möhkəmləndirmək istəyirlər. Bu, onların hesabatlarından da hiss olunur. Amma bu şərait onların partiya maraqlarına nə qədər uyğundursa, bizə bir o qədər zərərlidir. Onlara bunu etməyə imkan verməyin.
d) Onlar Sizdən başqa hökumət qulluqçuları arasında heç kəslə əlaqə axtarmamalıdırlar. Bu şəraiti də onlara izah etmək lazımdır.

MEH rəisi Şükrü Əli”.

Sənəddə onun xəttilə belə bir əlavə var: “Nəzərə alın ki, bu məktubun məzmunundakı hətta ən kiçik bir detal belə, Rəsulzadə və onun yoldaşlarına məlum olmamalıdır”.
Bu sənədin də məzmunundan göründüyü kimi, türk hakimiyyəti açıq mətnlə deyir ki, onlar Azərbaycan türklərinin azadlıq hərəkatını dəstəkləmək bahasına Sovet Rusiyası ilə dostluğu ilə risqə ata bilməzlər. Mahiyyətcə, M.Ə.Rəsulzadədən fəaliyyətini həddən artıq konspirativ işlə məhdudlaşdırmaq tələb olunur. Amma bu, Rəsulzadə üçün qəbulolunmaz idi, çünki Azərabycan idealları uğrunda mübarizə müəyyən ictimailik və aşkarlıq tələb edirdi. Türkiyə hökuməti isə bu məsələdə ona yardım göstərməkdən imtina edirdi. Bundan başqa, türk hakimiyyəti, əslində, M.Ə.Rəsulzadədən və Azərbaycan mühacirlərindən Kremllə siyasi oyunda vasitə kimi istifadə etməyə cəhd göstərirdi. Təəccüblü deyil ki, M.Ə.Rəsulzadə türk hakimiyyətinin bu təklifindən imtina etmişdi. Əvəzində Türkiyə hakimiyyəti onu ölkədən çıxardı.
Maraqlıdır ki, M.Ə.Rəsulzadə Azərbaycan mühacirlərətinin liderləri arasında Türkiyəni tərk etməyə məcbur olmuş yeganə adam idi. Mühacirlərimizin əksər hissəsi, xüsusən də X.Xasməmmədovun qrupunun üzvləri isə, Ankaranın təklif etdiyi bu cür “oyun qaydaları ilə” razılaşmışdılar və bu onlara ölkədə qalmaq imkanı verirdi. Amma onların Türkiyədə qalmaları Azərbaycan ideallarının reallaşmasına ciddi xeyir vermədi. Bundan əlavə, M.Ə.Rəsulzadənin Türkiyədən çıxarılmasında onun bəzi mühacir “silahdaşlarının”, xüsusən X.Sultanov, X.Xasməmmədov və Ş.Rüstəmbəylinin də müəyyən rol oynadığına dəlalət edən sənədlər var. Onlar düşünürdülər ki, M.Ə.Rəsulzadənin sürgün olunması həm “Müsavat” Partiyası, həm də Azərbaycan mühacirəti daxilində rəhbərliyi əldə etmək vəzifəsini asanlaşdıracaq.
M.Ə.Rəzulzadəyə gəlincə, o nə qədər incisə də, həmişə türk hakimiyyətinin bu cür addımlarına həmişə anlayışla yanaşırdı, başa düşürdü ki, bunu Türkiyənin milli maraqları diqtə edir. O, Atatürk barədə mehribanlıqla danışırdı, onu təkcə böyük sərkərdə yox, həm də “geridə qalmış ölkəni müasir sivilizasiya səviyyəsinə qaldıran” görkəmli siyasətçi kimi danışırdı.
Bu xəbər oxucular tərəfindən 1328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed