Şrift:
Şah İsmayılın xanımı Çaldıran döyüşündə əsir düşübmü?
11.07.2012 [09:41] - Xəbərlər, Türkün şanlı tarixi
Cavid Cabbaroğlu yazır...

Çaldıran savaşı haqqında çoxlu əsərlər yazılıb, çox sözlər deyilib. Kimisi bunu Osmanlıların şanlı zəfəri, kimisi Səfəvilərin acı məğlubiyyəti kimi qiymətləndirib. Amma kimin nə deməsindən və nə yazmasından asılı olmayaraq, fakt faktlığında qalır ki, bu döyüş türkün hər zaman öyündüyümüz şanlı tarixinin qızıl səhifəsi deyil və ola da bilməz. Ən azı ona görə ki, Çaldıran düzündə türk oğulları bir-birinə qılınc çəkmiş, sonda bu oğullardan biri qılıncın işə yaramadığını gördükdə qardaşına qarşı odlu silahdan istifadə etmişdi...

XVI yüzilliyin başlanğıcı Yaxın və Orta Şərqin tarixində ciddi dəyişikliklərlə xarakterizə olunur. Avropalıların böyük coğrafi kəşflərlə məşğul olduğu bir zamanda İslam Şərqində böyük imperiyalar müharibə vəziyyətində idilər. Bu münaqişələrdən daha ciddisi Osmanlı imperatorluğu ilə Səfəvilər dövləti arasında yaşanırdı. Şərqi Anadolunu bürüyən qızılbaş təbliğatı və Asiyadan Avropaya gedən ticarət yollarına nəzarət uğrunda mübarizə sonucda 1514-cü il avqustun 23-də iki böyük türk dövlətinin Çaldıran düzündə üz-üzə gəlməsi ilə nəticələndi. Sayca daha üstün olan Osmanlılar həm də odlu silahın verdiyi üstünlükdən bəhrələnərək bu döyüşdə qalib gəldilər.

Çaldıran savaşından sonra Osmanlıların Səfəvilərə qarşı ideoloji savaşında yeni səhifə açıldı ki, bu da Şah İsmayılın həyat yoldaşı Taclı xanımın adı ilə bağlı oldu. Osmanlı sarayının ideoloqları Taclı xanımın döyüşdə əsir alındığını və Sultan Səlimin əmri ilə Osmanlı sərkərdələrindən birinə nikahlandığını israrla bəyan etməyə başladılar. Sonradan bu “ideoloji tezis” Osmanlı tarixçilərinin əsərlərində əksini tapdı və əsrlərlə davam etdi. Təbii ki, burada əsl məqsədin gənc Səfəvi şahını aşağılamaq və gözdən salmaq olduğu sirr deyildi. Çünki istənilən kişiyə və hökmdara qarşı belə bir kampaniya nəinki XVI əsrdə, hətta yaşadığımız XXI əsrdə belə effekt vermək gücündədir. Bəs əsl həqiqət necə idi? Doğrudanmı Şah İsmayılın həyat yoldaşı Çaldıran döyüşündə Sultan Səlimə əsir düşmüşdü?

Çaldıran savaşında Osmanlılara qarşı qızılbaş kişiləri ilə yanaşı, qadınlar da iştirak etmişdilər. Katerino Zeno və Seqredonun əsərlərində bu barədə bəzi məlumatlara rast gəlinir. Osmanlı sarayının Divan dəftərxanasının rəisi (rəis-ül-küttab) olan Qoca Hüseynin “Bədayə-ül-vəqayə” (“Heyrətamiz hadisələr”) əsərində də bu məsələyə geniş toxunulub. Hüseynin yazdığına görə, Çaldıran savaşı zamanı “qızılbaş ləşgərgahı nazənin pəriçöhrələrlə dolu idi”. Buradan belə anlaşılır ki, Səfəvilər döyüşə gedərkən qadınlarını da özləri ilə birgə savaş meydanına aparırdılar. Öz növbəsində bunun səbəbini açıqlayan “Tac-üt-təvarix” (“Tarixlərin tacı”) əsərinin müəllifi Xoca Sadəddin Əfəndi qeyd edir ki, məqsəd “əsgərinin qaçışını əngəlləmək” idi. Təsadüfi deyil ki, həm Türkiyə, həm də İtaliya tarixçiləri Çaldıran savaşından sonra döyüş meydanında xeyli qızılbaş qadının meyitlərinin tapıldığını bildirirlər. Bu xüsusda S. Onullahi və Ə. Vilayətinin qeydləri böyük maraq doğurur. Onların yazdığına görə, qızılbaş qadınlarının vətənpərvərliyinə və qəhrəmanlığına heyran qalan Sultan Səlim Yavuz “cəsədlərin hərbi təşrifatla dəfn edilməsi barədə göstəriş vermişdi”.

Çaldıran savaşı ilə bağlı ən çox müzakirə və mübahisə doğuran məqamlardan biri də, yuxarıda qeyd etdiyimiz kimi, Şah İsmayılın zövcəsi Taclı xanımın əsir düşməsi ilə bağlıdır. Bu məlumat qızılbaşlara xüsusi nifrəti ilə seçilən Osmanlı tarixçilərinin əsərlərində geniş və çox vaxt təhrif olunmuş şəkildə öz əksini tapmış, əsas məqsəd isə Şah İsmayılı aşağılamaq olmuşdur. Qoca Hüseyn Xoca Sadəddin Əfəndiyə (o da öz növbəsində Çaldıran döyüşündə qızılbaşlar tərəfindən iştirak etmiş babası Hafiz Məhəmməd İsfahaniyə) istinadən yazır: “Biz (yəni Hafiz Məhəmməd İsfahani - C.C.) qaranlıq gecədə Təbrizə doğru qaçarkən bəzi qızılbaşlara rast gəlib onlardan şahı sorardıq. “Şah irəlidədir, amma Taclı xanımdan xəbəriniz varmıdır?” derlərdi”. Həmin gecə Halvaçı oğlu Hüseyn bəylə də rastlaşdıqlarını bildirən Hafiz Məhəmməd İsfahani yaralı şahın “Taclı xanımı tapmaq üçün onu məmur etdiyini” nəql edir. Daha sonra isə məlumat verir ki, Təbrizdə gizlənərkən Taclı xanımın Xoya qaçdığını, Xoy məlikinin isə onu Şah İsmayıla göndərdiyini eşidib.

Çox maraqlıdır ki, bu məsələdə Xoca Sadəddinin babası Hafiz Məhəmməd İsfahani ilə atası Həsəncanın verdiyi məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Həsəncan “bəzi inanılmış adamlara istinadən” bildirir ki, Taclı xanım döyüş zamanı Məsih Paşanın oğlu tərəfindən əsir tutulmuş, bir gecə onun çadırında qaldıqdan sonra çox qiymətli cəvahirdən hazırlanmış sırğaları ona verməklə əsirlikdən xilas olmuş, məhz bundan sonra qaçıb Xoya varmışdı. Türkiyə tarixçisi İ. H. Uzunçarşılı qeyd edir ki, Taclı xanım Məsih Paşanın oğluna yox, Vidin sancaqbəyi Məsih bəyə əsir düşmüşdü. Bu faktı mərhum akademik Ziya Bünyadov da “Tarixi-Selaniki” əsərinə yazdığı qeydlər və şərhlər bölməsində təsdiqləyir.

Qoca Hüseyn qeyd edir ki, Çaldıran döyüşündən sonra Sultan Səlimin əmri ilə Taclı xanım qazıəsgər Tacizadə Nişançı Cəfər Çələbiyə nikahlanmış, əsir düşən digər qızılbaş qadınları isə azad edilmişdilər. Lakin çox maraqlıdır ki, həm Qoca Hüseyn, həm də Xoca Sadəddin Taclı xanımı Şah İsmayılın zövcəsi yox, məhbubəsi (bu sözün həm “sevgili”, “məşuqə”, həm də “kəniz”, “cariyə” kimi mənalandırmalarına rast gəlinir - C. C.) kimi təqdim edən digər Osmanlı müəlliflərindən fərqli olaraq, əsir düşən qadının məhz Taclı xanım olmasına şübhə ilə yanaşırlar: “Doğrusunu Allah bilir. Ola bilsin, bu hekayədə anladılan məhbubə Şah İsmayılın zövcəsi Taclı xanım deyildir. Amma onun qayət bəyəndiyi və rəğbət bəslədiyi olduğuna şübhə yeri yoxdur. Hətta sülh üçün göndərdiyi elçi ilə onu istəmişdi. Amma Xudavəndkar həzrətləri (Sultan Səlim - C. C.) göndərməyib üləmanın məşvərəti ilə Tacizadə Cəfər Çələbiyə nikah etdiyi müqərrərdir”.

Səfəvi mənbələri milli, dini və əxlaqi prinsiplərə riayət edərək, Taclı xanımın əsir düşməsi haqda o qədər də geniş məlumat vermirlər. Taclı xanımı yanlış olaraq Əbdi bəy Şamlunun qızı, Durmuş xanın bacısı və Şah Təhmasibin anası kimi təqdim edən anonim “Aləmara-yi Şah İsmayıl” əsərinin müəllifi onun Çaldıran döyüşündə əsir alınmadığını, sadəcə, yaralandığını və iki gün səhrada dolaşdıqdan sonra Mirzə Şah Hüseyn İsfahaniyə rast gələrək təhlükədən qurtulduğunu bildirir. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan “Şah İsmayıl və Taclı xanım” dastanında da ikincinin əsir düşməsi haqda heç bir qeydə rast gəlinmir.

Görkəmli tatar alimi, şair, yazıçı və jurnalist Rzaəddin ibn Fəxrəddin “Məşhur xatunlar” əsərində Taclı xanımı Şah İsmayılın məhbubəsi kimi təqdim edərək, onun Çaldıran döyüşündə Məsih Paşazadəyə əsir düşdüyünü və zinətlərini verməklə qurtulduğunu bildirir. Üstəlik, qeyd edir ki, Tacizadə Cəfər Çələbiyə nişanlanan qadın Səfəvi şahının xatunu Bəhruzə olub.

Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi, AMEA-nın müxbir üzvü, professor O. Əfəndiyev də Çaldıran döyüşündə Şah İsmayılın Taclı və Bəhruzə adlı xanımlarının əsir düşdüyünü yazır: “Taclı xanım əsirlikdən azad olaraq Təbrizə qaçmağa müvəffəq olmuş, Bəhruzə xanım isə Osmanlı sultanı Səlim tərəfindən Konstantinopola aparılmışdı”. S. Onullahi isə müxtəlif mənbələr əsasında sübut etmişdir ki, Şah İsmayılla 20 il birgə həyat sürmüş Taclı xanım Çaldıran döyüşündə iştirak etsə də, əsir düşməmiş, Şah Təhmasib dövründə Səfəvilər sarayında yaşamış, dövlət işlərində fəal iştirak etmiş və 1540-cı ildə Şirazda vəfat etmişdi. Bəhruzə xanıma gəlincə, “çox ehtimal ki, bu, müharibə cəbhəsində vuruşan qadınlardan biri olub, əsir alındıqdan sonra özünü şahın arvadı kimi də qələmə verə bilərdi. Yaxud bu da Osmanlı hökmdarı və sərkərdələrinin Şah İsmayılı nüfuzdan salmaq üçün ortaya atdıqları uydurmalardandır”.

“Tac-üt-təvarix”in tədqiqatçısı T. Cəfiyev də hesab edir ki, tarixən formalaşmış milli psixologiyanı nəzərə alan Osmanlı tarixşünaslığı uzun zaman ideoloji mübarizə apardığı Səfəvi dövlətinə qarşı bu saxta faktdan istifadə etmişdi.

“Bədayə-ül-vəqayə” və “Tac-üt-təvarix” kimi ciddi sayıla bilən Osmanlı mənbələrinin müəlliflərinin Çaldıran döyüşündə Taclı xanımın əsir düşməsinə və Tacizadə Cəfər Çələbiyə nikahlanmasına, yuxarıda qeyd olunduğu kimi, şübhə ilə yanaşmasını nəzərə alaraq, biz daha çox O. Əfəndiyevin yekun qənaətini bölüşürük. Hesab edirik ki, Taclı xanım həqiqətən də Çaldıran döyüşündə iştirak edərək əsir düşmüş, lakin zinət əşyalarını verməklə xilas olmuşdu. Eyni zamanda Bəhruzə xanımla bağlı S. Onullahinin qənaətinin həqiqətə daha yaxın olduğunu qəbul edirik. Tarixi mənbələrdə Çaldıran savaşında iştirak edən bu iki qadından başqa digər qadınların adına rast gəlinməməsi də bu fikrin doğruluğunu təsdiqləyir.

Bu deyilənlərə yekun vuraraq onu demək olar ki, Osmanlı mənbələrində Taclı xanımla əksini tapmış məlumatlarda həqiqət yükü olsa da, daha çox uydurmalarla zənginləşdirilmiş və əsrlər boyu Şah İsmayılı nüfuzdan salmaq məqsədinə xidmət etmişdi.
Bu xəbər oxucular tərəfindən 4177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed