Şrift:
İki əyalətdə 160 nəfər yol qəzalarında həlak olub – Güney Azərbaycanda
17.08.2018 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın qeyri-standart yolları can almaqda davam edir.

Elan olunan rəsmi açıqlamalara görə, Zəncan və Ərdəbil Əyalətlərində son 4 ay ərzində 160 nəfər yol qəzalarının qurbanı olub.

Bu barədə Zəncan Əyaləti Yol Polisi İdarəsinin rəisi Əli Əsğər Şirməhəmmədi avqustun 15-də “Mehr” xəbər agentliyinə danışıb.

“Son 4 ay müddətində Zəncan Əyalətində baş verən yol qəzalarında 85 nəfər həlak olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artım göstərir”- deyə o bildirib.

Yol Polisi rəisinin sözlərinə görə, ötən il qeyd olunan müddətdə 72 nəfər Zəncan yollarında avtomobil qəzasına qurban gedib.

Yol qəzaları ilə əlaqədar Ərdəbil Əyaləti Tibbi Ekspertiza Mərkəzinin rəisi Hamid Purəziz də jurnalistlər qarşısında çıxış edib. O son 4 ay müddətində əyalətdə 75 nəfərin avtomobil qəzasında öldüyünü bildirib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artım olduğunu göstərir.

Ərdəbil Əyaləti Yol Polisi İdarəsinin rəisi Höccət Fəttahi isə ən çox yol-nəqliyyat hadisəsinin əyalətin şimal bölgəsində baş verdiyini bildirib. O bu bölgədə yerləşən yolların təmirə ehtiyacı olduğunu deyib.

Yol Polisi rəisinin sözlərinə görə, qəzaların əsas səbəbi yolların duz olmaması, işıqlandırmanın zəif olması, yol nişanları, eləcə də ayırıcı ağ xətlərin olmaması ilə bağlıdır.

Ötən həftə isə Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Bəhram Səmədirad Novruz bayramından sonrakı 3 ayda 204 nəfərin Şərqi Azərbaycan yollarında baş verən qəzalarda öldüyünü bildirmişdir. Onun sözlərinə görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz artım göstərir.

Qeyd edək ki, hər il Güney Azərbaycanda minlərlə insan müxtəlif yol-nəqliyyat hadisələrində həyatını itirir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini buna əsas səbəb kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed