Şrift:
Azərbaycanda korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə bir neçə hakim cəzalandırılıb
21.10.2011 [11:21] - Köşə yazarları
Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda ölkə prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqları çərçivəsində məhkəmələrin iş şəraitinin və təminatının yaxşılaşdırılması, hakimlərin seçimi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə tədbirlər müzakirə edilib. Şura sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) hesabatında ölkəmizdə məhkəmə islahatlarına göstərilən diqqətin, o cümlədən informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səylərin yüksək dəyərləndirilməsi, hakimlərin seçimi üzrə Azərbaycanın müsbət təcrübəsinə maraq göstərilməsi bildirilib, habelə əldə olunmuş nailiyyətləri nəzərə alan Dünya Bankı tərəfindən ədliyyə və məhkəmə sisteminin inkişafı məqsədilə ölkəmizə ən güzəştli şərtlərlə kreditin ayrılması vurğulanıb.

Qeyd edilib ki, Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi Layihəsi” çərçivəsində 20-dən çox yeni məhkəmə binaları və “Ədalət Sarayı” komplekslərinin layihələri hazırlanıb, Bakı şəhərinin Yasamal, Gəncə şəhərinin Nizami, habelə Gədəbəy və Oğuz rayon məhkəmələri üçün yeni binaların inşasının artıq yaxın vaxlarda başa çatdırılması nəzərdə tutulub.

Məhkəmələrin yüksək statuslarına uyğun inşa edilən bu binalarda ən müasir beynəlxalq tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilib.

Həmçinin, layihəyə uyğun olaraq Konstitusiya və Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunub, vətəndaşların məhkəmələrə müraciət imkanlarının daha da asanlaşdırılması və hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portal yaradılıb. Şəffaflığın təmin edilməsi məqsədilə vətəndaşların açıq istifadəsinə veriləcək internet portalda məhkəmələrin fəaliyyəti, o cümlədən baxılan işlər və hakimlər barədə bütün zəruri məlumatlar öz əksini tapacaq, elektron müraciət, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək imkanı yaradılacaq, məhkəmə qərarlarının elektron informasiya bazası formalaşdırılacaq.

Dünya Bankının nəzarət missiyaları tərəfindən aparılmış mütəmadi monitorinqlər nəticəsində layihə üzrə yüksək nailiyyətlərin əldə olunması qənaətinə gəlinərək onun əlavə maliyyələşdirilməsi qərara alınıb, ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə islahatına hər cür dəstək niyyəti bildirilib.

İclasda həmçinin, hakimliyə namizədlərin seçilməsi prosesi ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib. Qeyd olunub ki, hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçimi nəticəsində son illər 2200 namizəd sırasından 235 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək müvafiq hakim vəzifələrinə təyin ediliblər. Həmçinin, hakim kadrlarına olan ehtiyacla bağlı namizədliyini irəli sürmüş 414 nəfər hüquqşünasla ötən ay bərabər şəraitdə, vahid zalda test imtahanı keçirilib, onun bütün mərhələləri, o cümlədən sualların seçilməsi və imtahan nəticələrinin yoxlanılması namizədlərin qarşısında təşkil olunub və kadr seçimi tarixində ilk dəfə olaraq bütün bu prosedurlar “on-line” rejimində internet vasitəsilə birbaşa yayımlanıb. İmtahan çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənilərək yüksək dəyərləndirilib.

İclasda hakimliyə namizədlərin seçimi prosesinin növbəti mərhələlərinin təşkilati məsələlərinə toxunulub, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntuları, süründürməçilik və digər korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Ziya Əliyevə töhmət verilib, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılova və Hacıqabul rayon məhkəməsinin hakimi Malik Qarayevə irad tutulub, qanunvericiliyin pozulması halları ilə bağlı 4 hakim barədə intizam icraatları başlanılıb, bir sıra kadr məsələlərinə baxılıb.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed