Şrift:
Güney Azərbaycanlı idmançılar Asiya oyunlarında bir neçə medal qazanıb
25.08.2018 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran komandası tərkibində İndoneziya paytaxtı Cakartada keçirilən 2018-ci il Asiya Oyunlarına qatılan güney azərbaycanlı idmançılar bir neçə medal qazanıb.

Avqustun 24-də zəncanlı idmançılar müxtəlif idman növləri üzrə qızıl, gümüş və bürünc medalları əldə ediblər.

Məlumata görə, Wushu Sanda idman novu üzrə Möhsün Məhəmməd Seyfi 70 kq çəki dərəcəsində final mərhələsində çinli rəqibini məğlub edərək yarışların qızıl medalını qazanıb.

Zəncanlı idmançı bundan əvvəl Çinin Guangzhou və Güney Koreyanın Incheon şəhərlərində keçirilən Asiya Oyunlarında qızıl medala layiq görülüb.

Asiya oyunlarında avarçəkmə idman növü üzrə 4 nəfərlik qoşa avarlı qayıqla A finalında yarışan İrandan olan qadın komandası ikinci yeri tutaraq gümüş medalına layiq görülüb. Həmin komandanın tərkibində zəncanlı soydaşımız xanım Məhsa Cavər də olub. Zəncanlı Pərisa Əhmədi və Məryəm Kərimi isə iki nəfərlik qayıqla finala qatılaraq yarışların 3-cü yerinə layiq görülüb və bürünc medalı qazanıblar.

Ötən günlərdə zəncanlı güləşçi Hüseyn Nuri, Basmıncılı güləşçi Pərviz Hadi, miyanalı taekvandoçular Səid Rəcəbi və Mir Haşım Hüseyni 2018-ci il Cakarta Asiya Oyunlarında qızıl medala layiq görülüblər.

18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək. Bu oyunlarda 45 Asiya ölkəsindən 11 mindən çox idmançı iştirak edir.
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed