Şrift:
Fərəc Quliyev: “Bu cür davranışlar sadəcə ölkəyə ziyan gətirir”
25.08.2018 [12:08] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Ölkə müxalifətinin Avropa ölkələrinin rəhbərlərindən, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrindən gözləntiləri özünü daim büruzə verməkdədir. Bunu xaricdən Azərbaycana gələn qonaqların səfəri vaxtı hər zaman görmək olur. Bir növ bu düşərgə demokratiyanı sanki belə şəxslərin timsalında görür.

Son olaraq, avqustun 25-də Bakıya səfər edəcək Almaniya kansleri Angela Merkelin gəlişi öncəsi bu məsələ gündəmə gəlib. Artıq sosial şəbəkələrdə və müxalifətə yaxın mətbuat orqanlarında xanım kanslerə yönəlik “tələblər” yer almaqdadır. Konkret olaraq, ona yönəlik Bakıda siyasi məhbuslar məsələsini, eləcə də, vətəndaş cəmiyyətinin problemlərini və digər məsələləri qabartmaq çağırışları səslənməkdədir. Alman kanslerin Azərbaycanda müxalifət liderləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməsinin vacibliyindən də söz açılır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin qənaətinə görə, ölkə daxilində bəzi qruplar siyasi alverçilərə çevriliblər: “Mənə qəribə gəlir ki, ölkə daxilində özlərini radikal müxalifət adlandıran, əslində dövlətçiliyə qarşı müxalifətçilik edən qruplar var ki, siyasi alverçilərə çevriliblər. Siyasi məhbus adı altında bir çoxlarının həbsxanada qalmasını təmin edib, bunu da gündəmə çıxarıb pul qazanmaqla məşğuldurlar. Yalançı siyahılar tərtib edirlər, ölkə daxilində guya bu problemlər var deyib, bunu ölkə xaricinə çıxarmaqla məşğuldurlar. Baxın, özlərini radikal müxalifət adlandıranlar bir vərəq konseptual məqalə yazıb ortaya qoyublar? Alternativ bir proqram belə ortaya qoymayıblar. Birisi ölkəyə gəlir, onlarla görüşmür, gileylənməyə başlayırlar. Siyasi məhbus adı altında bu və ya digər məsələlərdən danışmağın hamısı oyundur. Bir məmuru korrupsiya adı altında ittiham edirlər, sonradan o həbs ediləndə dərhal siyasi məhbus elan edirlər. Bu cür davranışlar sadəcə ölkəyə ziyan gətirir. Cəmiyyət artıq bu cür hallardan bezib və onun üçün də belə qüvvələrin arxasınca getmirlər”.

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, Angela Merkelin regiona səfərinin siyasi tərəfi lazımından artıq şişirdilir: “Almaniyanın regiona siyasi təsir imkanlarını və ya məhz elə Azərbaycana təsir imkanlarını nəzərə alsaq görərik ki, xanım baş nazirə bəslənilən ümidlər bir az ifrata varılır. Ümumiyyətlə, Azərbaycan müxalifəti hər zaman başda Amerika olmaqla Qərbə bir xilaskar və ya ”ağ atlı oğlan kimi" kimi baxıb. Təbiidir ki, elə hər dəfəsində də istər Qərb, istərsə də Amerika müxalifətin nəinki gözləntilərini doğrultmayıb, tam əksinə xalqın, demokratiyanın, müxalifətin maraqlarını iqtidara satıb. Yəni bir sözlə desək Qərb dairələri Azərbaycanın narazı elektoratından iqtidarla alver predmeti kimi sui-istifadə edib. Öz maraqlarını təmin edən kimi isə bütün günü dünyaya hayqırdıqları “demokratik dəyərlərin” arxasından qaçıblar. Xüsusən son zamanlar istər regionumuzda, istərsə dünyada, istərsə də əsasən qardaş Türkiyədə baş verən siyasi hadisələr bizlərə Qərbin, Amerikanın əsl siyasi mahiyyətini bir daha açıq şəkildə göstərir. Aydın görünür ki, bunlar öz dövlətlərinin maraqlarına görə İraqın, Suriyanın, Livanın məhv olmasına, Türkiyə xalqının iqtisadi çətinliklərlə çökdürülməsinə, Afrika ölkələrini aclığın ağuşunda itməsinə hazırdırlar. Məncə istər Azərbaycan müxalifəti olaraq biz, istərsə də xalqımız artıq bu Qərbə qarşı “çəhrayi xülyalarından” vaz keçməlidir. Artıq hər birimiz anlamalıyıq ki, bu dairələri nə Azərbaycan, nə Azərbaycandakı demokratik vəziyyət, nə Qarabağ probleminin ədalətli həlli məsələsi maraqlandırmır. Onların yeganə məqsədləri hansı yolla olursa olsun özlərinin və təmsil etdikləri dövlətlərin maraqlarını təmin etməkdədir. Biz AĞ Partiya olaraq, siyasi səhnəyə çıxdığımız gündən bu illüziyalardan uzaq olmuşuq və digər dövlətlərə və onların “dəstəyinə” bel bağlamamışıq. Bizim hər zaman ümid etdiyimiz, dəstəyini və rəğbətini qazanmağa çalışdığımız və uğurunda mübarizə apardığımız yeganə qüvvə Azərbaycan xalqı olub, indi də odur, gələcəkdə də o olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 194 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed