Şrift:
Azərbaycanlı fəal Cəfər Rüstəmirad prokurorluğa çağırılıb
27.08.2018 [09:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Tehran 33-cü Məntəqə (Evin) Prokurorluğunun (Dadsəra) 7-ci şöbəsinə çağırılıb.

Çağırış vərəqəsi avqustun 25-də fəalın evinə göndərilib. Fəaldan istənilib ki, 5 gün ərzində idarəyə müraciət edərək irəli sürülən ittihamlarla bağlı sonuncu özünümüdafiə mətnini təqdim etsin.

Azərbaycanlı fəal iyulun 2-də, Babək qalası yürüşünə bir neçə gün qalmış təhlükəsizlik qüvvələri tərəfindən Tehranda saxlanılıb.

Müstəntiqin yaratdığı bütün manelərə rəğmən fəal həyat yoldaşı Ziba Pilevərinin cəhdləri nəticəsində 29 gün saxlandıqdan sonra iyulun 31-də müvəqqəti olaraq azadlığa buraxılıb.

Cəfər Rüstəmirad mədəni fəaliyyətlərinə görə ötən illərdə Təbriz, Əhər, Meşginşəhr (Xiyav), Ərdəbil və Astara şəhərlərinin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb.

Babək Qalası yürüşü ilə əlaqədar tutulan təxminən 80 fəaldan hazırda yalnız İbrahim Nuri qeyri-müəyyən vəziyyətdə saxlanılır, digər fəallar ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Beynəlxalq Əfv Təşkilatı ötən günlərdə təzyiq altında olan azərbaycanlı milli-mədəni fəallarla bağlı geniş bəyanat yayıb. Bəyanatda təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması tələb olanaraq onlara qarşı bütün işgəncə və təzyiqlərin dayandırılması istənilib. Beynəlxalq təşkilatın yaydığı bəyanatda Cəfər Rüstəmirad və İbrahim Nurinin də adları çəkilib.

Azərbaycanlı fəal Cəfər Rüstəmirad prokurorluğa çağırılıb
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed