Şrift:
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə yeni eksponatlar təqdim olunub
28.08.2018 [13:01] - Gündəm, Mədəniyyət
Kəngərlilərə məxsus müxtəlif arxiv sənədlərinin surətləri, fotolent, Əkbər xan Naxçıvanski tərəfindən şəxsən istifadə edilmiş stəkanaltı, yemək qaşıqları və fincan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə təqdim olunub.

Yeni eksponatların təqdim olunması münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova ulu öndər Heydər Əliyev siyasi xəttinin ölkəmizdə, o cümlədən muxtar respublikada bütün sahələr üzrə uğurla davam etdirildiyini vurğulayıb.

Natəvan Qədimova diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində qədim diyarda bir çox abidələr yenidən bərpa edilib, tariximizi və mədəniyyətimizi əks etdirən muzeylər yaradılıb. Bu qayğının ən bariz nümunələrindən biri də Ali Məclis Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılmasıdır. Məhz bu sərəncamdan sonra Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və ziyarətçilərə təbliğ edilir.

Nazir deyib: Naxçıvan xanlarının tarixi kökü çox qədim olan Kəngərli türk tayfalarından gəlir. 1828-ci ildə “Türkmənçay” müqaviləsinə görə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edilsə də, Kəngərlilər nəslinin nüfuzlu nümayəndələri naib titulu ilə 1840-cı ildən başlayaraq yüksək vəzifələrdə olublar. Kəngərlilər arasında bir sıra dövlət, ictimai, siyasi, hərbi və elm xadimləri yetişib.

Vurğulanıb ki, Kəngərlilər nəslinin tanınmış nümayəndələrindən biri də Əkbər xan Əmənulla xan oğlu Naxçıvanskidir. Natəvan Qədimova Əkbər xanın həyatı və taleyi haqqında məlumat verərək bildirib ki, 1919-cu ildə erməni daşnaklarının Naxçıvana hücumu zamanı həmyerliləri ilə birlikdə erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşan Əkbər xan həyatı boyu sovet diktaturasının təqib və həbslərinə məruz qalıb. O, Naxçıvanın Qaraçuq kəndində yaşayan qızı Reyhanatın və kürəkəni Bəhlul Əliyevin ailəsində 1961-ci ilədək yaşayıb. Nazir Əkbər xanın övladları və nəvələri haqqında məlumat verərək qeyd edib ki, bu gün bizim qonağımız olan Əkbər xanın qızı Xanımcan xanımın övladı Ənvər xanım Nağdəliyevanın oğlu və nəvələri Fərman, Fərhad və Yasna Nağdəliyevlər Naxçıvan xanlığının, həmçinin o dövrün tarixinin araşdırılmasına öz töhfələrini vermək üçün Naxçıvana gəliblər.

Nazir bildirib ki, Fərman Nağdəliyev Əkbər xanın nəticəsidir. Biologiya üzrə elmlər doktoru, professordur. Hazırda Moskva şəhərində yaşayır. Fərhad Nağdəliyevi isə biz “Naxçıvan xanları Rusiya imperiyasında” adlı kitabın müəllifi kimi tanıyırıq. Kitab 2006-cı ildə Moskvada nəşr etdirilib. Müəllif bu kitabda, əsasən, XIX əsrin birinci yarısında Romanovların yanında xidmət keçmiş və son günlərədək onlara sadiq qalmış Kəngərlilər və Naxçıvanskilər barədə geniş bioqrafik şərh verib. Yasna Nağdəliyeva Əkbər xanın kötücəsidir. Rusiyanın TNT kanalında jurnalist vəzifəsində çalışır. 2017-ci ildə “Baku” jurnalında Naxçıvan xanları ilə bağlı məqalələr dərc etdirib.

Qeyd olunub ki, qonaqlar bir müddət bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb və onlarda olan dəyərli tarixi arxiv materiallarını və öz ailələrinə mənsub qədim əşyaları Naxçıvan xanlarının yaşadıqları və idarə etdikləri bu möhtəşəm Xan sarayına təqdim etmək təşəbbüsü göstəriblər. Bu materialların muzeyə verilməsi, həmçinin onların gələcəkdə tədqiqata cəlb olunması Naxçıvan tarixinin qaranlıq səhifələrinin araşdırılması üçün böyük töhfədir.

“Naxçıvan xanlarının tarixinin öyrənilməsi, gələcək nəsillərə çatdırılması dövlətimiz üçün çox vacib məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən dövr ərzində bu istiqamətdə dərin elmi araşdırmalar aparılıb, Naxçıvan xanlığının görkəmli şəxsiyyətləri, hərb xadimləri haqqında kitablar çap edilib, rus tədqiqatçılarının Naxçıvan xanlığı haqqında yazdıqları kitablar Azərbaycan dilinə tərcümə olunub” – deyən nazir vurğulayıb ki, yeni tədqiqatlar əsasında “Naxçıvan xanlığı” kitabı ərsəyə gətirilib, 2 hissəli “Naxçıvan xanlığı” sənədli filmi çəkilib. Naxçıvan xanlığının dövlət rəmzləri barədə kitablar və elmi tezislər nəşr olunub, Kəngərli süvari dəstəsinin döyüş və fəxri bayraqları, eləcə də Naxçıvan bəy drujinasının döyüş bayraqları əslinə uyğun şəkildə bərpa edilib.

Sonra qonaqlar yeni eksponatları muzeyə təqdim ediblər.

Əkbər xanın nəticəsi Fərman Nağdəliyev çıxışında bildirib ki, Naxçıvana səfərindən böyük məmnunluq duyur. Bu qədim Azərbaycan diyarında tarixə, mədəniyyətə çox böyük dəyər verilir. Naxçıvanın dövlətçilik tarixində böyük rol oynamış Kəngərlilərə məxsus binanın yenidən qurularaq muzey kimi fəaliyyət göstərməsi bu diyarda zəngin tarixi ənənələrin yaşadıldığını göstərir. İnanırıq ki, muzeyə təqdim edilən materiallar bu sahənin tədqiqatçıları üçün gözəl mənbə ola bilər.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədova muxtar respublikamızda muzeylərə göstərilən dövlət qayğısından danışıb, yeni eksponatlara görə qonaqlara minnətdarlığını bildirib.
Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed