Şrift:
Qazaxıstanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının toplantısı başlayıb
21.10.2011 [11:28] - Xəbərlər, Türk dünyası-Turan
Nursultan Nazarbayev: “Bizim mənəvi birliyimiz iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın təməli olmalıdır”

Qazaxıstanın Almatı şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısı başlayıb. Toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Qırğızıstan prezidenti Roza Otunbayeva və Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ iştirak edir. (Baş nazir Rəcəb Tayyib Ərdoğan son terror aktları ilə əlaqədar Qazaxıstana səfərini ləğv edib).

Sammitə dəvətli qismində TÜRKSOY-un baş katibi Dusen Kaseinov və Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov da qatılıb.

Yığıncağı giriş sözü ilə açan Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, sammit ölkələr arasında iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunub: “Bizim mənəvi birliyimiz iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın təməli olmalıdır”.

N. Nazarbayev son terror aktları nəticəsində baş verən ölümlərlə əlaqədar türk xalqına başsağlığı verib.

Qeyd edək ki, görüşdə əsas müzakirə mövzuları türkdilli ölkələr arasında iqtisadi-ticarət və mədəni-humanitar əməkdaşlığın prioritetləri və aktual regional-beynəlxalq məsələlər olacaq. Sammitin yekunları əsasında Almatı Bəyannaməsi qəbul ediləcək.
Bu xəbər oxucular tərəfindən 3036 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed