Şrift:
Biləsuvar ovçuluq təsərrüfatında 25 ədəd partlamamış hərbi sursat aşkarlanıb
04.09.2018 [09:39] - Gündəm, Sosial
Sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonunun “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə sentyabrın 3-də də baxış keçiriblər. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 25 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 10 min 500 kvadratmetr əraziyə yerüstü və 830 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Üç gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 655 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkarlanıb, 18 min kvadratmetr əraziyə yerüstü və 830 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Yanvarın 1-dən sentyabrın 3-dək ANAMA tərəfindən 4262 partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə on mina və 73 kiloqramlıq partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 135 min 845 kvadratmetr ərazi yoxlanılıb.
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed