Şrift:
Musiqi tədrisinin yaradıcısı Səfi əd-Din Urməvi
05.09.2018 [10:05] - Mədəniyyət, DAVAMın yazıları
Qədim və Orta əsr Azərbaycanının görkəmli alim, rəssam, xəttat, şair, musiqiçi, sərkərdə, dövlət və din xadimləri var ki, böyük əksəriyyətimiz ya onların haqqında az məlumatlıyıq, ya da onların varlığından xəbərsizik. Düzdür, bu məlumatlar uzun illər sovet rejimi tərəfindən xalqdan gizlədildi, ortaya çıxarılanlar isə başqa xalqın nümayəndəsi kimi təqdim edilib. Elə bu gün də onlar haqqında geniş bilgilərə sahib deyilik. Məhz bu səbəbdən də Enter.News akademik Çingiz Qacarın araşdırmalarından əldə etdiyi Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında olan materialları təqdim edir. Növbəti materialımız musiqi tədrisinin yaradıcısı Səfi əd-Din Urməvi haqqındadır.

Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayı­lan Səfiəddin Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Azərbayca­nın qədim mədəniyyət mərkəzi Urmiyə şəhərində 1216-cı ildə ana­dan olmuşdur.

İbtidai təhsilini öz vətənində almış, musiqi savadının əlifbasını və udda çalmağı da burada öyrənmişdir. Sonradan ərəb xilafətinin pay­taxtına, bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən yaxşı universitetlə­rindən sayılan Müstənsiriyyədə təhsilini davam etdirmişdir.

O, burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiya­nın və dillərin əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə da­vam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanır. Təsadüfi de­yil ki, əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapır və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunur. Kitabların üzünü köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi təhsilini davam etdirməkdən yayındırmır, əksinə zəngin ki­tab xəzinəsində o, öz biliyini artırır, eləcə də saraydakı qəbullar za­manı ud çalması ilə hamının rəğbətini qazanır.

Onun ud çalğısı barədə bir neçə əfsanə var. Bir əfsanədə deyilir ki, qırx gün susuz qalan dəvəni arxa buraxırlar. Bu zaman təsadüfən Səfiəddin oralarda ud çalırmış. Dəvə arxa çathaçatda udun səsini eşi­dib ayaq saxlayır. Səfiəddin çalğısına ara verdikcə, dəvə suya doğru dartınır, o, çalğısım davam edincə, dayanır. Artıq üçüncü musiqi par­çası çalınanda dəvənin gözlərindən yaş axırdı.

Danışılan başqa bir əhvalat Səfiəddinin məşhur Bağdad bağların­dan birində ud çalmağı haqqındadır. O, çaldıqca bağda uçan bülbül qanad saxlayır. Yaxınlıqdakı budaqlardan birinə qonub udun bağrın­dan qopan sehrli səslərə sanki qulaq kəsilir. Musiqi bülbülü elə təsirləndirir ki, o daha da yaxınlaşaraq oxumağa, qanadlarını musiqinin havasına uyğun çırpmağa başlayır. Bir az sonra isə bülbül qorxusuz-hürküsüz adamların arasında cəh-cəh vurmağa başlayır.

Səfiəddin hələ sarayda ikən 1252-ci ildə “Kitab-əl Ədvar” adı ilə məşhur olan musiqi risaləsini tamamlayır. Kitab ərəb dilində yazıl­mış və on beş fəsildən ibarət idi. Maraqlıdır ki, bu əsərdə qaldırılan musiqi nəzəriyyəsi məsələləri bu gün də aktuallığını itirməyib. Muğamlardan bəhs açan doqquzuncu fəsil çağdaş oxucunu daha çox ma­raqlandıra bilər. Burada ümumiyyətlə, 12 muğam dəstgahının adı çə­kilir ki, bunların da çoxu bizə məlumdur: Üşşaq, Nəva, Əbu Salik (“Busalik”), Rast, İraq, İsfahan, Zirafkənd, Buzurq, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz. On birinci və on ikinci fəsillərdə Səfiəddin öz se­vimli udunu təsvir edir. Musiqinin not yazısına həsr edilən on beşinci fəsil musiqiçi və musiqişünasların sonrakı nəsilləri üçün xüsusilə ma­raqlıdır.

Səfiəddinin təklif etdiyi sistem üzrə, musiqi hərfi-ədədi üsulla ya­zılırdı. Ərəblərə məxsus “əbcəd” sisteminin hərfləri səslərin şərti yüksəkliyini, rəqəmlər isə onlann uzunluğunu bildirirdi. Misal üçün, yarımtonlardan az intervalların işarəsi kimi T, C, B və s hərflərdən istifadə olunurdu. Ladların adı, melodiyanın quruluşu və ritmi özəl olaraq rəqəmlərlə qeydə alınırdı. Maraqlıdır ki, müasir Qərb not sis­temi yarımtonlardan kiçik intervalların yazıya alınması üçün imkan vermir və elə buna görə də muğamların, eləcə də ümumən Şərq musiqisinin bütün səs incəliklərini çatdırmaqda çətinlik törədir. Bəlkə də elə buna görə Şərqdə XIX əsrin sonlarına qədər Urməvi sistemin­dən geniş istifadə olunmuşdur.

Avropanın iki məşhur musiqişünası R.Erlanju və C.Fermer bir-birlərindən xəbərsiz olaraq Urməvinin bir rübai üzərindəki not yazı­sını müasir not yazısına köçürə bilmişlər. Yeddi yüz ildən bəri susan melodiya yenidən səslənmişdir.

Səfiəddin özünü həm də istedadlı pedaqoq kimi tanıtmışdı. Bütün Şərq aləmində ünlü sənətçilər kimi ad çıxarmış bir çox musiqişünas­lar onun şagirdləri olmuşlar. Məşhur Azərbaycan musiqişünası (XIII- XIV əsrlər) Əbdülqadir Marağayi özünün “Məqasidül-əlhan” əsərin­də yazırdı ki, Əbdülmömin Səfiəddin Urməvi bir çox görkəmli şəx­siyyətlərin müəllimi olmuşdur. Bunların sırasında Şəms əd-Din Sührəvərdi, Əli Sitan, Həsən Zəfər və Hüsam əd-Din Qutluq Buğa kimi tanınmış musiqişünasların adları çəkilir.

Səfiəddin iki yeni musiqi aləti yaratmışdı - “Nüzhə” və “Müğni”. Nüzhə müasir arfa (çəng) və kanona bənzəyirdi. Bu alətin 81 simi vardı. Söyüd, sərv və ya şümşaddan dördbucaq şəklində düzəldilirdi.

Müğninin 33 simi vardı və xarici oxşarlıq baxımından rübaba bənzəyirdi. Sadəcə çanağı iri idi. Müğni ərik ağacından düzəldilirdi.

Bundan başqa Səfiəddin həm də istedadlı bəstəkar idi. Onun sənə tinin bu cəhəti haqda da əfsanə dolaşmaqdadır. Deyirlər ki, Bağdadda Lizzəhxan adında bir müğənni yaşayırmış. O, tez-tez Səfiəddinlə görüşər, birlikdə çalıb-oxuyarmışlar. Səfiəddin ona musiqi dərsi keçərmiş. Bir gün saray qəbullarının birində Lizzəhxan gözəl bir mahnı oxuyur. Mahnı hamıya xoş gəlir və xəlifə onun müəllifinin adını soruşur. Bəstəçinin Səfiəddin olduğunu biləndə onu qəbula dəvət edir və bütün qonaqlar sənətkarın udda çaldığı musiqilərdən feyziyab olurlar.

Rəvayət edirlər ki, 1258-ci ildə Çingiz xanın nəvəsi Hülaku xanın sərkərdəlik etdiyi monqol qoşunları Bağdadı tutur. Xəlifəni ailəsi ilə birlikdə edam edirlər və bununla da 600 illik ərəb xilafətinə son qoyulur. Xəlifənin yaxın adamları axtarılırdı və Səfiəddinin də adı bunların sırasında idi. Onu şəxsən tanımış tarixçilərdən Həsən Ərbələni həmin hadisələri belə təsvir edir:

Səfiəddinin yaşadığı məhəllə Hülaku xanın qoşunları ilə əhatə olunmuşdu. Məhəllə camaatı, xüsusilə də Səfiəddin ölüm təhlükəsi altında idilər. Qoşun sərkərdələrindən biri otuz nəfərlik dəstə ilə Səfiəddinin yaşadığı mülkün qapısını şındırmağa başladı. Ev yiyəsi cəsarətlə döyüşçülərin qarşısına çıxaraq, onları ədəb-ərkanla evə dəvət edir. Sarayda yaxşı diplomatiya məktəbi keçmiş Səfiəddin “qonaqlar”la ümumi dil tapa bilir. Çox söz-söhbətdən sonra dəstə başçısı məhəllə camaatına toxunmadan, Səfiəddini götürüb, Hülaku xanın hüzuruna gətirir. Sənətkar udunu kökləyib, həzin bir melodiya çalır, Ziya adlı müğənni isə oxumağa başlayır. Xanın yanındakıların hamısı Səfiəddinin ustalığına və ağlına əhsən deyirlər. Hülaku xan ona öz sarayında iş təklif edir, məhəllə camaatı isə təhlükədən qurtulur.

Hülaku xanın vəziri Şəms əd-Din Cüveyni (tanınmış İran tarixçisi Əlaəddin Cüveyninin qardaşı) Səfiəddini öz himayəsi altına alır. Oğlanları Bəhaəddinlə Şərafəddinin tərbiyəsini ona həvalə edir. Səfiəddin onlara hərtərəfli təhsil verməyə çalışır. Lakin təbii ki, musiqi dərslərinə xüsusi fikir verir. Şərafəddin təhsildəki uğurları ilə müəlliminin hüsn-rəğbətini qazanır və Urməvi Təbrizdə qələmə aldığı beş hissəlik məşhur “Risaleyi-Şərəfi” adlı musiqi risaləsini ona ithaf edir.

Cüveynilər ailəsi hökmdarın nəzərindən düşdükdən sonra Səfiəddin ömrünün son illərini yoxsulluq içində keçirir və 1294-cü ildə Bağdaddakı borclular həbsxanasında dünyasını dəyişir.

Səfıəddin Urməvinin əsərlərinin əlyazmaları Londonun, İstambu­lun, Sankt-Peterburqun, Nyu-Yorkun və dünyanın başqa iri şəhərləri­nin məşhur muzeylərində saxlanılır. Onun kitabları sonrakı əsrlərin bir çox məşhur musiqiçi və musiqişünasların diqqətini çəkmişdir. Onların bir qismi Urməvi yaradıcılığına münasibət bildirməyi özləri­nə borc saymışlar. Urməvinin əsərlərinə Qütbəddin Şirazinin (XIII əsr), Əbdülqadir Marağayinin (XIV əsr), Məhəmməd əl-Cürcaninin (XIV əsr), Əbdürrəhman Caminin (XV əsr) və bir çox məşhur elm adamlarının şərhləri mövcuddur. Ünlü türk musiqiçisi Şükrulla Əhmədoğlu XV əsrdə onun “Kitab əl-ədvar” əsərini türk dilinə çevir­mişdir. Sonra bu kitab fransız dilinə də çevrilmişdir. Səfiəddin Ur­məvinin yaradıcılığı Azərbaycandakı tədqiqatçılarmdan Ə.Bədəlbəylinin, A.Beqdelinin, T.Bünyadovun və b. adlarını çəkmək olar. İngi­lis alimi Henri Corc Fermer Səfiəddin Urməvi haqqında demişdir ki o, sistemli bir məktəbin əsasını qoymuşdur və özündən sonra gələn bütün ərəb-fars və türkdilli müəlliflər onun davamçıları sayıla bilər.
Bu xəbər oxucular tərəfindən 134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed