Şrift:
Aviqdor Liberman: “Ərəblər artıq başa düşüblər ki, onların düşməni İsrail yox, İran rejimidir”
06.09.2018 [11:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrailin müdafiə naziri Aviqdor Liberman, sentyabrın 5-də “Azadlıq radiosu”nun fars redaksiyasına müsahibəsində, İranla İsrail xalqlarının tarixi dostluğundan, islam respublikasının Suriyadakı hərbi mövcudluğundan və onun bölgənin ərəb ölkələrinə qarşı düşmənçiliyindən danışıb.

Liberman bildirib ki, İsrail İranın Suriyada hərbi mövcudluğunu möhkəmləndirməsinin qarşısını almaqda qərarlıdır: “Biz buna heç vaxt imkan verməyəcəyik. Bu, bəlkə də ilk dəfədir ki, regionun mötədil siyasət yürüdən ərəb ölkələri artıq başa düşüblər ki, onların düşməni İsrail, yəhudilər və sionizm yox, İranın radikal və ekstremist rejimidir. Ərəblərin İsrailə qarşı baxış tərzində müsbət dəyişikliklərə görə də, biz əlbəttə ki, İran rejiminə borcluyuq. Bu isə irəliyə doğru bir addımdır.

Biz, İranın Suriyadakı hərbi qüvvələrini və onların hər bir hərəkətini diqqət mərkəzində saxlayır və onun Suriyanı İsrailə qarşı bir hərbi bazaya çevirməsinin qarşısını alacağıq. Ümid edirik ki, bizim İrana bu mesajımız kifayət qədər açıq və şəffafdır və onlar bunu başa düşəcəklər. Biz, qonşuluğumuzda İsrailə qarşı hər hansı bir hərbi bazanın yaranmasının qarşısını almaq üçün əlimizdən gələni edəcək, istənilən addımı atacağıq.

Hesab edirik ki, İran müstəqil bir ölkədir. Onun Suriya ilə iqtisadi və diplomatik sahələrdə əməkdaşlıq etməyə tam haqqı var. Biz buna qarşı çıxmırıq. Lakin biz, İranın Suriyada hərbi mövcudluğunu davam etdirməsinə qarşı çıxır, onun ölkəmizə ziyan vurmasına və bölgənin sabitliyini pozmasına imkan verməyəcəyik.

Bizim İran milləti ilə heç bir problemimiz yoxdur. Problemimiz yalnız, doqmatik bir ideologiyaya malik, dəli və kobud İran rejimi ilədir. Hamının bildiyi kimi, İran rəsmiləri tez-tez öz çıxışlarında açıq-aşkar İsraili məhv etmək niyyətlərindən danışırlar. Onlar heç vaxt bizim varlığımızı tanımayacaqlar. Onlar, hətta öz ballistik raketlərinin üstündə ivrit (ebri) dilində İsrailin yer üzündən silinib məhv olunması barədə şüarlar yazır, bizi təhdid edirlər. Biz isə buna imkan verməyəcəyik”.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed