Şrift:
Niftali Goyceli:- MİSKİN ABDAL (LƏLƏ HÜSEYN) VƏ SƏFƏVİ DÖVLƏTİ
06.09.2018 [12:44] - Gündəm, DAVAMın yazıları
Səfəvi dövlətinin qurulmasında ideoloqlardan və mübarizə aparanlardan biri də görkəmli dövlət xadimi, şair Misgin Abdal (Hüseyn Məhəmməd oğlu) olmuşdur. O, 1430-cu ildə Göyçə mahalının Sarıyaqub kəndində dünyaya göz açıb. Hüseyn atası tərəfindən oxuyub-yazmaq öyrənir və ərəb dilinni mükəmməl mənimsəməklə Qurani-Kərimi dərin mütaliə edir, eyni zamanda Həzrət Əlinin “Nəhcül bəlağə” əsərindən də geniş məlumatlanır. (əsərin hikmətləri şifahi olaraq o zaman gizlindən sufi dərvişlər tərəfindən yayılırdı). Gənc Hüseyn Ozan saz-söz sənəti olan aşıq poeziyasını öyənməkdən əlavə özü də şeirlər yazmağa başlayır. Qaraqoyunlu Cahan şahın şairlik qabiliyyət ilə əlaqədar gənc Hüseynin də şeir yazması onların arasında xoş münasibət yaradır(1450-ci il). Cahan şahın Göyçə mahalının ərazisində (Qaraqoyunlu kəndində-Sarıyaqub kəndi ilə qonşu) yaylaq düşərgəsi olmaqla yay aylarında həmin ərazidə istirahət etmişdir. O zaman Göyçə mahalının kəndləri çadır yaşayış formasında (elat da deyilir) dağ-aran köçəri həyatında yaşamışlar. Elatın 50-60 çadır, bəzən də çox, bir tayfaya məxsus “öy” (ev-köy) adlanan ailə tərkibi vardı, eyni zamanda ailə üzvlərinin gənclərin, yaşlıların, qadın, kişi-hər birinin qılınc, xəncər, ox kaman kimi silahları olmuşdur... Babəkin məğlubiyyətindən sonra Albaniya tərkibində olan Göyçə mahalının sakinləri ərəb basqınlarından qorunmaq üçün daha çox belə bir “çadır yaşayış” formasına keçmişlər. Hələ XII əsr Eldənizlər-atabəylər dövründə Göyçə mahalında “elat tayfa ittifaqı” deyilən hərbi birlik də var idi və bu Dədə Qorqud zamanından mövcud olmuşdur. Bəzən ərəb xilafətinin vergi yığan hərbi dəstələri ilə arada baş verən münaqişə zamanı həmin ittifaq elatı müdafi etmişdir. Göyçədə mahalında qədim tayfalardan: Töstülü, Zubannı, Çanaqçı, Hüsənli, Qaşqalı, Zərgərli və s. tayfa adları Göyçə kəndlərində son zamalara kimi qalmaqda idi...
Misgin Abdalın ulu babası Bayatlı Yaqub sufi təriqətini qəbul etməklə Həzrət Əli tərəfdarı və Sufi təriqətinin banisi Şeyx Səfiəddinin (1252-1335) əqidə yoldaşı olmuşdur. Hüseynin babası Zərgərli Cəfər Şeyx Cüneydlə dost-silahadaş olmuşlar. Sufi ideyası daxilində hələ VII –IX əsrlərdə qırxa qədər qədim Albaniya ərazisindən: təbrizilər, şirvanilər, gəncəvilər və s. nəzəriyyəçilər olmuşdur. Sufi təriqətində ədalətli cəmiyyətin bünövrəsini: Təsəvvüf-İslamda geniş yayılmış ezoterik (yunanca-gizli, daxili görüş.) dini və fəlsəfi cərəyan təşkil edir. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Nəfsə qul olmamaq, şeytana alçalmamaq, Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Bu dini ideyanın təfəkkür forması qədim Şumerdən bu yana Avestada da özünü büruzə verir. O dövrdən bu mütərəqqi ideyanın daşıyıcıları və ötürücüləri: “Əxilər”(İslam massonçuluğu da adlandırılır) kahin, dərviş, sənətçi, şeyx və s. formada fəaliyyət göstərmişlər, həmçinin ideya zaman-zaman ali saray məmurlarına da təqlin olunmuşdur...Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur, mənşəcə Azərbaycan türklərindən olan böyük sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir. Əxilərin əsas məqsədi Babəkin məğlubiyyətindən sonra parçalanmış qədim Alban dövlətinin ərazilərini birləşdirib yeni ideoloji təlim əsasında güclü dövlət yaradıb işğalçı ərəb xilafətinin zülmündən insanları azad etməkdən ibarət idi.
Azərbaycanda Babəkin məğlubiyyətindən və Albaniya dövlətinin süqutundan sonra tarixi dövlətlər kimi Eldənizlər-atabəylər (1136-1225), Ağqoyunlular (1378-1503/1508), Qaraqoyunlular (1375-1469 ) hakimiyyətləri təşəkkül tapmışlar.
1447-ci ildə təriqətin başcısı Şeyx Cüneyd Anadoluya gələrək bölgədəki türk tayfalarını ətrafına toplamağa başlamışdı.Qaraqoyunlular ilə müharibə halında olan Ağqoyunlu hökmdarı Uzun Həsənin yanına gedən Cüneyd onun bacısı Xədicə bəyim ilə evlənmişdi. Bu evlilik ilə Uzun Həsən, Cüneydiin türkmanlar üzərindəki nüfuzundan istifadə etməyi düşünürdü. Şeyx Cüneydin 1460-cı ildə ətrafına topladığı orduyla Şirvanşahlara hücum edən zaman Cüneydlə döyüşdə Zərgərli(Bayat tayfasından) Cəfər də həlak olub. Hüseynin atası Məhəmməd və özü Şeyx Heydərin dostu-silahdaşı olmuşlar.Şeyx Heydər də atası kimi Şirvan Dağıstana hücum edir ( 1483 və 1488-ci illərdə). Bu qələbələr Ağqoyunlu Sultan Yaqubu qorxuya salır və xəyanətkarlıqla Şeyx Heydərin 1488-ci ildəki 3-cü hücumu zamanı Dağıstana Süleyman bəy Bicanoğlunun komandanlığı altında qoşun göndərir. Qoşun Şirvanşah Fərrux Yasarın qoşunu ilə birləşərək Samur çayı sahilində Şeyx Heydərin qüvvələrini məğlub edir və döyüşdə Şeyx Heydərin siladaşları ilə Zərgərli Məhəmməd də həlak olub.
Sultan Yaqub Şeyx Heydərin 3 oğlunu: Sultanəlini,İbrahimi və İsmayılı əsir alaraq İstəxr qalasında həbs etdirir.Onlar yalnız Sultan Yaqub öldükdən sonra, Qızılbaşların diplomatik danışığı sayəsində növbəti Ağqoyunlu hökmdarı Rüstəm Mirzə tərəfindən əsirlikdən azad olurlar. Sultanəli Səfəvi Şeyxi seçilir.
1493-cü ildə Ağqoyunlu Rüstəm Mirzə Baysunqura qarşı Qızılbaşlardan istifadə etmək qərarına gəlir Sultanəli öz qoşunu ilə Rüstəmin tərəfində vuruşur. Döyüşdə Baysunqur öldürülür. Sultanəlinin qüvvətlənməsindən qorxan Rüstəm Mirzə onun üstünə 5 min süvari göndərir. Ərdəbil yaxınlığında Şəməsidə baş verən döyüşdə Sultanəli öldürülür. Bu döyüşdən öncə keçirilən yığıncaqda Sultanəli qardaşı İsmayılı özündən sonra səfəvilərin rəhbəri elan edir. Sədaqətli qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlədir, sonra Rəştə, daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətirirlər. Belə bir gərgin zamanda qızılbaş rəhbərləri: Hüseyn bəy Lələ (Miskin Abdal), Məhəmməd bəy Ustaclı, Əbdi bəy Şamlı, Xadim bəy Xüləfan, Qarapiri bəy Qacar və s.qeyri-leqal (gizli) fəaliyyətə keçirlər.
1493-cü ildə Hüseyn bəy Lələnin 63 yaşı, Şah İsmayılın isə (1487) 6 yaşı var idi. Şeyx Heydər sağlığında ona ən sədaqətli dostu Lələ Hüseyn bəyə uşaqlarının təlim-tərbiyə və mühafizə işlərini etibar etmişdi. Lələ səfəvi-qızılbaş təfəkküründə ən etibarlı titul idi. 1488-ci ildə Şeyx Heydər həlak olan zaman İsmayıl bir yaşı vardı. Şah İsmayıl Gilan hakimi Həsən xanın himayəsi altında Hüseyn bəy Lələ tərəfindən tərbiyə olunur, qorxmaz bir sərkərdə və həssas düşüncəli ziyalı kimi yetişdirilir.
1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşür. Bu zaman onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Gilana, Taroma gəldilər. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi. 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə məğlubiyyətə uğradılır. Əlvənd Mirzənin də məğlub edilməsi ilə 2 əsas təhlükəni sovuşduran İsmayıl 1501-ci ildə Təbrizə daxil olub özünü şah elan edir.
Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları əsasən bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar.

ARDI VAR...
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed