Şrift:
Acıdərədəki türk şəhidinin məzarı ziyarət edilib
15.09.2018 [09:52] - Xəbərlər, Sosial
Görkəmli türk sərkərdəsi Nuru Paşanın komandanlığı ilə Bakının erməni-bolşevik işğalından azad edildiyi şərəfli tarixi günlərdən 100 il ötür. Qafqaz İslam ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaranmaqda olan milli ordusu ilə birlikdə Qarabağda, eləcə də digər bölgələrdə apardığı xilaskarlıq missiyasında itkilər də olub. Azərbaycan xalqı vətənimizə gələn şanlı türk əsgərlərinin qardaşlıq köməyini, döyüşlərdə qəhrəmancasına həlak olan əsgər və zabitlərin xatirəsini heç vaxt unutmur, daim əziz tuturlar. Bu gün Şamaxı-Bakı magistral yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisində uyuyan şəhid türk əsgərinin məzarı o illərin şanlı qəhrəmanlıq tarixidir və hər il buraya minlərlə ziyarətçi gəlir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın və Türkiyənin rəsmi şəxslərin, o cümlədən Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri, türk qaziləri, ziyalılar, eləcə də Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər sentyabrın 14-də Acıdərədə şəhid türk əsgərinin məzarını, şəhidin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) Azərbaycan şöbəsinin rəhbəri Abdurrəhman Uzun abidənin və məzarın üzərində təmir işləri apardıqlarını və bundan qürur duyduğunu söyləyib.

Mərasimdə çıxış edən Arzu Ənvər Azərbaycan-Türkiyə qardaşlığından danışıb. O, vurğulayıb ki, bu gün burada olmaqdan şərəf duyur, çox kövrək hisslər keçirir. Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin davam edəcəyini söyləyən qonaq Türkiyənin həmişə Azərbaycanın yanında olacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed