Şrift:
Parisdə “Avropa İrs Günləri” çərçivəsində Azərbaycan tarixi və mədəniyyəti haqqında məlumat verilib
17.09.2018 [10:24] - Mədəniyyət
“Avropa İrs Günləri” çərçivəsində Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində “açıq qapı” günü keçirilib. Mədəniyyət Mərkəzinin yerləşdiyi bina həm də Fransanın milli irs abidələri siyahısındadır.

Səfirliyimiz və Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə keçirilən “açıq qapı” günündə ziyarətçilərə ölkəmizin tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verilib.

Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan İncəsənət və Tarix Muzeyi ziyarətçilərin diqqətini daha çox cəlb edib. ADFA-nın prezidenti Günel Səfərova ölkəmizin və bu muzeyin tarixindən, mədəniyyətimizdən söz açıb. Muzeydə sərgilənən milli geyimlərimiz və ziynət əşyaları, qədim musiqi alətlərimiz, milli xalça növləri, sənətkarlıq nümunələri, mis qablar və digər qədim eksponatlar haqqında ətraflı məlumat verib.

Bildirilib ki, XIX əsrin əvvəllərində iki imperiya arasında bölünən Azərbaycan XX əsrin əvvəllərində ilk müstəqilliyini elan edib. Müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətində qadınlara 100 il əvvəl səsvermə hüququ verilib. Keçən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyimiz yenidən bərpa edilib.

Ölkəmizin Beynəlxalq Sərgilər Bürosuna üzv olmasının 10 illiyinə həsr edilmiş və müstəqilliyimizin bərpasından sonra nail olduğumuz iqtisadi inkişafı əks etdirən fotosərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Qərb və Şərq arasında körpü olan Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər diqqətə çatdırılıb.

Bildirilib ki, Bakı “Expo 2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürüb. Ölkəmiz 2000-ci ildən “Expo” hərəkatının fəal üzvüdür. Azərbaycanın “Expo 2025” üçün təklif etdiyi “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu aktualdır.

ADFA-nın vitse-prezidenti Loran Menil-Pultye Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın tarixindən, onun bir neçə ildir səfirliyimizin Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərməsindən, binada aparılan bərpa işlərindən söz açıb.

Təşkilatçılar ziyarətçilərin ölkəmizin tarixinə, mədəniyyətinə dair çoxsaylı suallarını cavablandırıblar. Maraqlananlara ölkəmizə səyahətlə bağlı məlumat da verilib.

“Açıq qapı” günündə, həmçinin Ceyhun Eyvazovun ifasında zurna, balaban və tütəkdə “Sarı gəlin”, “Çoban bayatı” və digər milli musiqi nümunələrimiz səsləndirilib. Sonda ziyarətçilərə Azərbaycan mədəniyyəti, Qız qalası haqqında Heydər Əliyev Fondunun nəşrləri, eləcə də “İRS” jurnalının fransız dilində çap olunmuş nömrəsi paylanılıb.

Qeyd edək ki, "Avropa İrs Günləri"nin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini “açıq qapı” formatında təmin etmək və milli mədəni irsi təbliğ etməkdən ibarətdir. Bu baxımdan Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində də “açıq qapı” günü tariximizin və milli mədəni irsimizin təbliği məqsədilə keçirilib. Təşkilatçıların sayəsində gün ərzində yüzlərlə ziyarətçi tariximiz və mədəniyyətimizlə yaxından tanış olublar.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed