Şrift:
Abbas Lisani Təbrizin İnqilab Məhkəməsinə çağırılıb
17.09.2018 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış ərdəbilli milli-mədəni fəal Abbas Lisani qeyri-ənənəvi şəkildə Təbrizin İnqilab Məhkəməsinə çağırılıb.

Məlumata görə, sentyabrın 16-da fəalın telefonuna SMS göndərilərək ondan sentyabrın 18-də məhkəməyə müraciət etməsi tələb olunub. Bildirilib ki, ikinci sıradan olan 9709984118500370 nömrəli dosye ilə əlaqədar çərşənbə axşamı günü Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlisiniz.

SMS-də fəala təyin olunmuş vaxta az müddət qalmış xəbər verildikləri üçün ondan üzr istəyiblər.

Abbas Lisani məhkəməyə çağırılması ilə bağlı belə deyib.
“Bu barədə mənə gec xəbər verildiyinə, onların pərdə arxasındakı planları və məhkəmə iclasının məhərrəm ayının 8-ci gününə salınmasına göz yumsaq belə, qanuni şəkildə və yazılı kağızla çağırılmadığım üçün təyin edilmiş vaxtda məhkəməyə müraciət etməyəcəm.”

Tanınmış fəalın bu dosyesi iyulun 2-i Təbriz vaxtı ilə saat 19 radələrində öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanması ilə bağlıdır. Babək qalası yürüşünə bir neçə gün qalmış tutulan fəal Şərqi Azərbaycan Məhkəməsinin qərarı əsasında Ərdəbil prokurorluğu tərəfindən Təbrizin Ettelaat İdarəsinə intiqal edilmişdir.

Təbrizdə Şərqi Azərbaycan Prokurorluğunun 12-ci şöbəsində məhkəmənin fəala qarşı irəli sürdüyü ittiham elan olunub. “Mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılan fəal 12 gün saxlandıqdan sonra iyulun 14-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

Beynəlxalq Əfv Təşkilatı avqust ayında türk, fars və ingilis dillərində Babək qalası yürüşü və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb edib.
Bəyanatda qeyd olunan mərasimlərlə bağlı 120 nəfərin saxlandığı açıqlanıb, onlardan bir neçəsi, o cümlədən Abbas Lisani, İbrahim Nuri, Cəfər Rüstəmirad, Kiyumərs İslami, Həmid Ədib Şəfəq, Məhəmməd Colani, Meysəm Colani, Əli xeyrcu, Möhsün İsməili, Əsgər Əkbərzadə, Rəhim Qulami, Əli Vasiqi, Səid Sadiqifər, Mehdi Huşmənd, Murtaza Pərvin, Mustafa Pərvin, Tohid Əmir Əmini, Əli Ruhbəxş, Qulam Quluzadə və Məhəmməd Azadın saxlanılması barədə ayrı-ayrılıqda araşdırma aparıldığı bildirilib.

Tanınmış milli-mədəni fəal Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.
Abbas Lisani Təbrizin İnqilab Məhkəməsinə çağırılıb
Bu xəbər oxucular tərəfindən 299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed