Şrift:
Əmir Kəbirin heykəli qaldırılıb – Təbrizdə
17.09.2018 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə Azərbaycanın tarixi şəxsiyyəti Əmir Kəbirin “Tarixi Əmir Kəbir Evi”nin ərazisində ucadılmış heykəlinin yoxa çıxdığı barədə məlumat yayılıb.

Təbriz 4-cü Məntəqə Bələdiyyə İdarəsi 2016-cı ilin iyul ayında 1 milyard 500 min rial vəsait xərcləyərək “Tarixi Əmir Kəbir Evi”ndə təmir-bərpa işlərinin aparıldığını elan edib, lakin mədəni xidmətlər fəaliyyəti çərçivəsində bərpa olunan tarixi ev həmin il “Pəyam Monir” adlı bir dini müəssisəyə buraxılıb.

Əmir Kəbirin heykəlinin Təbrizdə yoxa çıxması xəbəri Tehran Şəhər Şurasının üzvü Əhməd Məscid Cameinin Təbrizə səfərindən sonra mətbuatın gündəminə düşüb.

Sentyabrın 11-də “Şuraların mədəni komissiyası” konfransına qatılmaq məqsədi ilə Təbrizə səfər edən Əhməd Məscid Camei, tarixi məkana baxış keçirərkən Əmir Kəbirin heykəlinin götürülməsi və Təbriz məhəllələrinin dəyişilməsindən təəccüb edib.

“Təbriz məhəllələri bir çox hadisələrin mənşəyi olub, lakin bu məhəllədəki təəssürat “Tarixi Əmir Kəbir Evi” ilə bağlı reallığı əks etdirmir. Əmir Kəbir parkına gələn hər kəs dayanıb tarixi bir mühitə daxil olduğunu hiss etməlidir. Lakin Qacar dövrünün tarixi evində çox dəyişiklik olub, bu məkan orjinallığını itirib”- deyə o bildirib.

Mövzu ilə bağlı Təbriz 4-cü Məntəqənin bələdiyyə başqanı Əkbər Əmcədi sentyabrın 15-də “Fars” xəbər agentliyinə bildirib ki, “Əmir Kəbirin heykəlinin götürülməsində Bələdiyyə İdarəsinin heç bir rolu olmayıb. Bu binada idarəçilik işləri iki il əvvəl Bələdiyyə İdarəsinə bağlı olmayan bir müəssisəyə tapşırılıb.”

“Pəyam Monir” dini müəssisənin məsulları isə tarixi şəxsiyyətin heykəlinin götürülməsi məsələsinə bu günə qədər heç bir reaksiya verməyib.

Pəhləvi rejimi və islam cümhuriyyəti dövründə Azərbaycan və İran tarixində türklərin izini silmək istiqamətində çoxlu gizli və açıq işlər görülüb. Təbrizdə heykəli yoxa çıxan Əmir Kəbir Qacar dövrünün ən önəmli dövlət adamı və ictimai-siyasi xadimlərindən biri olub.

N.S
Bu xəbər oxucular tərəfindən 252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed