Şrift:
Urmu Gölünü Canlandırma Mərkəzinin layihələrinə bir rial belə ayrılmayıb
18.09.2018 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti üzrə direktoru gölün son vəziyyəti haqda danışaraq cari ildə canlandırma layihələrinə bir rial belə ayrılmadığını açıqlayıb.



Fərhad Sərxoş bu barədə sentyabrın 17-də “Mehr” xəbər agentliyinə danışıb.



“Bu il ötən ilin müvafiq dövrü ilə müqayisədə Urmu gölündə suyun səviyyəsi tarazlığı 3 santimetr aşağı düşüb. Suyun həcmi 60 milyon kubmetr azalıb, gölün ümumi sahəsi isə 30 kvadrat kilometr kiçilib”- deyə o bildirib.



F.Sərxoş Canlandırma Mərkəzində vəsait çatışmazlığını kəskin tənqid edərək qeyd edib ki, nə qədər çalışsaq da, bu il Canlandırma Mərkəzinin layihələrinə bir rial belə vəsait ayrılmadı.



“Hava şəraiti ilə əlaqədar artıq iş fəsli başa çatmaq üzrədir. Büdcə vəsaiti olmadığı üçün layihələr icra olunmadı. Əgər ilin ikinci yarısında büdcə vəsaiti ödənilsə də, hava şəraiti ilə əlaqədar layihələri icra etmək mümkün olmayacaq”- deyə F.Sərxoş əlavə edib.



Urmu Gölünü Canlandırma Mərkəzinin Planlaşdırma və Əlaqələndirmə işləri üzrə müdiri Məsud Təcrişi də sentyabrın 15-də vəsait çatışmazlığını sərt tənqid edərək Mərkəzin layihələrin icrası məsələsində geri qaldığını etiraf etmişdir.



Qeyd edək ki, İran rejiminin həyata keçirdiyi yanlış və qərəzli siyasətin nəticəsində artıq Urmu gölünün 95 faizi quruyub. Gölün quruması nəticəsində bölgənin ətraf mühitində baş verən dəyişikliklər 15 milyondan çox insanın həyatını təhdid edir. Bütün bunlara baxmayaraq rejim gölün qurtarılması ilə bağlı hər hansı əməli tədbir həyata keçirməyib.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed