Şrift:
"Artıq qırmızı xətti keçən Paşinyan cəzalandırılmalıdır" RƏY-ÖZƏL
18.09.2018 [14:49] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan Paşinyan da daxil olmaqla uzun illərdir ki, Azərbaycanın daxili işlərinə qarışır. Torpaqlarımızın 20 faizini işğal etməklə kifayətlənməyən düşmən ölkənin baş naziri indi də Dağlıq Qarabağı öz əraziləri olduğunu bildirir. Əslində bununla o, torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini etiraf etmiş olur. Çünki əvvəllər onlar işğal faktını Dağlıq Qarabağda yaşayan yerli əhalinin üzərinə transfer etmək istəyirdilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistanın bu etirafı beynəlxalq ictimaiyyətin əlində olan bütün bəhanələri aradan qaldırmış olur: “ Çünki, onlar da münaqişənin həlli istiqamətində Dağlıq Qarabağın yerli əhalisi ilə danışıqların aparılması ilə bağlı mövqe irəli sürürdülər. Lakin Ermənistanın etirafından sonra BMT-nin qətnamələrini əsas götürüb düşmən ölkəni cəzalandırmaq mümkündür. BMT-nin Ermənistanı cəzalandırmaq üçün əlində əsası var. Əgər BMT bunu görmürsə, o zaman Azərbaycan artıq qırmızı xətti keçən Paşinyanı cəzalandırmalıdır”.

Deputat bildirib ki, istər Ermənistan istərsə də havadarları Azərbaycan ordusunun hansı gücə malik olduğunu yaxşı bilir: “ Belə olan halda, beynəlxalq aləm Ermənistanın ölkəmizə qarşı meydan oxumasına susursa, o zaman biz Konstitusiyamıza və beynəlxalq Konvensiyalara əsaslanaraq, ciddi şəkildə ölçü götürməliyik. Azərbaycan tərəfi kifayət qədər səbirli davranaraq, beynəlxalq hüquqa hörmətlə yanaşır. Böyük güclərin, xahişlərin bəzi məqamlarda təkidləri nəzərə aldı və hətta maneçiliklərlə qarşılaşdı. İki il bundan öncə baş verən aprel döyüşlərində Azərbaycan öz ərazilərini tamamilə işğaldan azad etmək imkanına malik idi. Lakin Rusiya buna mane oldu. Əgər indi Ermənistanın ipindən çəkilmirsə, bu o deməkdir ki, Azərbaycan öz ölçüsünü götüməlidir”.

F.Quliyevin fikrincə, artıq Ermənistana sonuncu ultimatum verib, onların qarşısına ərazilərimizdən çəkilmək üçün zamanla bağlı tələb qoyulmalıdır: “Ermənistana qarşı addımlar atmalıyıq. Çünki biz demək olar ki, hər gün Paşinyanın sərsəm bəyanatlarını eşidir, əsasız iddialarının şahidi oluruq. Hətta parlamentləri tərəfindən ölkəmizə müharibə də elan edildi. Bütün qanunlara görə, biz ədalətli, onlar isə ədalətsiz tərəfdir. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti dövlət başçısının ətrafında daha da sıx toplanmalı, ən kəskin addımlar atılmalıdır. Yaxın böyük qonşu ölkələrə bölgədə böyük savaşın başlanacağı ilə bağlı çağırış edilməlidir. Ya Ermənistan tez bir zamanda qoşunları geri çəkməli, ya da Azərbaycan müharibəyə başlamalıdır. Buna bizim kifayət qədər imkan və qüdrətimiz var”.

Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 2060 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed