Şrift:
Fərəc Quliyev Novruz Həsənovun vəfatı ilə bağlı başsağlığı verdi
20.09.2018 [11:29] - Xəbərlər, MDH, Fərəc Quliyev
Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan, Qarabağ müharibəsi veteranı, Azərbaycanda və Türk Dünyasında böyük nüfuza sahib olan, Novruz Həsənov dünən gecə dünyasını dəyişib.
N.Həsənov son bir ildə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Lakin durumu kafi idi, sadəcə əməliyyat olunmaq üçün getdiyi Tiflis xəstəxanasında əməliyyat sonrası qəfil fənalaşma səbəbindən komaya girib. Nə qədər cəhd göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Milli Azadlıq Hərəkatından onun hərəkat yoldaşı olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev N.Həsənovun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Novruz Həsənov Azərbaycan xalqının və Türk dünyasının qəhrəman şəxsiyyətlərindən biridir. Hələ ötən əsrin sonlarında Azərbaycanda başlamış Milli Azadlıq Hərəkatında N.Həsənovun nüfuzlu bir polis zabiti olaraq hərəkatçıların tərəfinə keçməsi Sovet imperializminə qarşı xalq-polis birliyinin yaranmasının əsas stimullarından biri oldu. Sonradan Hərəkatın vüsət alması üçün bölgələrdə təşkilatlanmanın aparılmasında Novruz bəyin xidmətləri əvəzsiz oldu. O, bu proses çərçivəsində AXC-nin rayon təkilatlarının qurulmasında müstəsna rol oynayırdı.
Ermənistan-Azərbaycan müharibəsində isə onun Türkiyədən gələn könüllülərlə birgə qurduğu “Rüzgar batalyonu” müharibədə qəhrəmanlıq rəmzinə çevrilmişdi. Bu taborun şücaətlərini saymaqla bitən deyil. Xocalı soyqırımının ildönümündə hazırlanan qısas əməliyyatı da məhz N.Həsənovun komandirliyi altında həyata keçirilmişdir.
Eyni zamanda Tovuz rayon Polis İdarəsinin rəisi olan N.Həsənov olduqca bacarıqlı bir rəis kimi də böyük nüfuza sahib idi. Müharibə illərində cəbhəboyu rayonlarda təxribat cəhdlərinin genişmiqyaslı olmasına baxmayaraq Tovuz rayonunda asayışın mühafizəsi və rayonun müdafiəsində polisin iştirakını uğurla təşkil etmişdir.
N.Həsənovun Azırbaycan xalqı qarşısında bu kimi misilsiz xidmətləri onu xalqın qəhrəman oğluna çevirmişdi. Bu gün Novruz bəyin aramızdan getməsi onun fəaliyyəti ilə tanış olan hər kəsi yasa batırdı. N.Həsənovun vəfatı ilə bağlı öz adımdan və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından dərin sarsıntı ilə bütün onu sevənlərə başsağlığı verir, səbr diləyirəm.
Yeri Cənnət, ruhu şad olsun!”
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed