Şrift:
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
24.09.2018 [13:11] - Gündəm, Mədəniyyət
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun əməkdaşları Qobustan rayonunda etnoqrafik ekspedisiyada olublar.

Sektorun müdiri, tarix elmləri doktoru, professor Vidadi Muradov bildirib ki, “Qobustan rayonuna Şirvan bölgəsinə etnoqrafik baxımdan zəngin olan Mərəzə qəsəbəsi, Şıxzərli, Cəmcəmli, Nabur, Təklə, Çuxanlı, Ərəbşalbaş, Ərəbqədim, Qurbançı, Ərəbşahverdi, Bədəlli, Sündü, Cəyirli, Çalov, Poladlı, Dağ Kolanı, Xilmilli, Sədəfli və s. kimi yaşayış məntəqələri daxildir. Bu kəndlərdə Azərbaycanın tarixi keçmişini, etnoqrafiyasını, mədəniyyətini əks etdirən kurqanlar və d. tipli qəbir abidələri, yaşayış yerləri, məscidlər, qalalar vardır. Qobustan eyni zamanda respublikamızın pirlərlə zəngin olan ərazilərindəndir. Bu pirlər tarixi-etnorqafik baxımdan maraqlı tədqiqat mövzularından biridir. Onların öyrənilməsi və təbliğ edilməsi istər milli mədəniyyətimizin müxtəlif aspektlərinin perspektiv inkişafına, istərsə də turizmin inkişafına təkan verən amillərdən ola bilər. Rayonun demək olar ki, bütün kəndlərində tarixi əsrlərlə hesablanan, yerli əhalinin dünya görüşünü, inanclarını əks etdirən ziyarətgahlar da mövcuddur”.

“Ekspedisiya çərçivəsində VIII-IX əsrlərdə tarixi Şirvan ərazisində yaranmış, XI-XV əsrlərin intibah dövrünə təsadüf edən Şirvan-Abşeron memarlıq məktəbinin nümunələrindən biri - Diri baba türbəsinin, Mərəzə qəsəbəsinin, Nərimankəndin, Cəyirli bələdiyyəsinə daxil olan Cəyirli və Çalov kəndlərinin tarixi, etnoqrafik mirası, o cümlədən, adət-ənənələri, təsərrüfat və məşğuliyyət sahələri və s. öyrənilmişdir” - deyə professor Vidadi Muradov bildirib.

Professor Vidadi Muradov xüsusi olaraq vurğulayıb ki, etnoqrafik ekspedisiya tərəfindən bu yerlərdə yaşayan xalçaçılar və toxunan xalçalar, xalça tacirləri, boyaqçılıq ənənələri haqqında məlumatlar toplanılmışdır. “Şirvan Azərbaycanın xalçaya bağlı olan bölgələrindəndir. Evdə xalçanı əvəz edəcək daha müasir əşyalar olsa belə, şirvanlılar xalçanı öz məişətlərindən çıxarmaq niyyətində deyillər. Hətta xalçaçılığın və xalçanın dəbdən düşdüyü zamanlarda belə, Şirvanda xalça toxuculuğu zəifləməyib. Bu ilk növbədə, şirvanlıların etnoqrafiyasına, ənənələrinə, həyat tərzinə sadiqliyi və bu məsələyə ciddi mühafizəkarlıqla yanaşmaları ilə əlaqədardır. Xalça və xalça məmulatları da daima qorunan və nəsildən nəslə ötürülən əsas etnoqrafik atributdur. Bir şirvanlı üçün xalçanı yaşatmaq – borcdur, toxumaq – savab və qabiliyyətdir. Burada xalça rəngini, formasını, ölçülərini dəyişən dəblə uyğunlaşmağa çalışmır, əksinə dəbi özünə tabe etməyi bacarır, al-əlvanlığını dəbin rəng ahənginə güzəştə getmir” - deyə professor Vidadi Muradov bildirib.

Sektorun əməkdaşları Qobustan rayonunun digər kəndlərində də tədqiqat işlərini davam etdirəcəklər. Ekspedisiyanın nəticələri haqqında silsilə materiallar hazırlanacaq. Qeyd edək ki, sektor yarandığı vaxtdan indiyədək Azərbaycan boyaqçılıq sənəti, Naxçıvan xalçaçılığı mövzularında tədqiqatlar aparmışdır. Tədiqatların nəticələri Azərbaycan, rus, ingilis və ərəb dillərində nəşr olunan kitablarda öz əksini tapmışdır.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed